“Mühacir” adı ilə Avropa ölkələrinə sığınaraq Azərbaycan dövlətinə qarşı çirkin kampaniyalar aparanların cinayətkar xarakterli əməlləri barədə mətbuata tez-tez müxtəlif məlumatlar yayılır. Onların bəzisi Azərbaycanda dələduzluq yolu ilə vətəndaşlara külli miqdarda ziyan vuraraq ölkədən qaçıb. Amma buna baxmayaraq bu gün müxtəlif Youtube kanallarından özlərini cəmiyyətə “siyasi mühacir”, “xalqın adamı” və “demokratiya mücahidi” kimi təqdim edirlər. Məsələn, Qabil Məmmədov adlı əxlaq normalarından bixəbər, mədəniyyətdən uzaq “inqilabçı”, Ordu sıralarında zabit kimi qulluq edərkən ayrı-ayrı şəxsləri aldadaraq onlardan müxtəlif məbləğlərdə pul alıb. Məlumatlara görə, aldatdığı şəxslərin sayı onlarla ölçülür. Vətəndaşlardan böyük məbləğdə pul toplayan Q.Məmmədov aldadıldığını başa düşən insanların “pulu geri qaytar” tələbi ilə üzləşsə də müxtəlif bəhanələrlə vaxt uzadıb və nəticədə ölkədən qaçaraq Avropaya sığınıb, qısa müddətdən sonra isə Youtube kanalında “siyasi mühacir” qiyafəsində zühur edib.
Q.Məmmədov bu gün insanları “inqilaba” səsləyir. Ayrı-ayrı dövlət məmurları barədə təhqiramiz ifadələr dilə gətirir. “Qan lazımdır, Qan!” deyən bu qanacaqsız “mühacir” bəzən bir qədər də dərinə gedərək vətəndaşları polis əməkdaşları ilə silahlı qarşıdurmalara çağırır.
Çox uzatmayaq. Diqqətinizə təqdim etdiyimiz video Q.Məmədovun gerçək kimliyini çılpaqlığı ilə ortaya qoyur. Bu gün Q.Məmmədovun nağıllarına inanaraq onun tamaşaçısına çevrilənlərə də aydın olacaq ki, “alovlu inqilabçı” Azərbaycandan niyə qaçıb.
Azadinform xəbər verir ki, Missiya.az-a ötürülən gizli çəkiliş Q.Məmmədovun aldatdığı vətəndaşların biri tərəfindən təşkil olunub. Q.Məmmədovun Ordu sıralarında xidmət etdiyi dövrü əks etdirən videomaterialda onun Bakıda – "20 Yanvar" Metrostansiyası yaxınlığındakı kafelərdən birində vətəndaşdan pul qoparmağa çalışdığı anlar yer alıb. Ayrı-ayrı qurumların adından istifadə edən Q.Məmmədov gizli çəkiliş zamanı əvvəlki əməlləri barədə də məlumat verir. Videoda söhbət 10 min manatlıq işdən gedir. Q. Məmmədov növbəti qurbanı kimi seçdiyi şəxsə deyir ki, 10 min manat verərsə, işi düzələr....
Baxın, görün kimlər Azərbaycanda hakimiyyəti dəyişmək istəyir...