Gənclərin inkişafına, onların sosial həyatlarının təmin olunmasına diqqətlə yanaşan ölkə başçısı cənab İlham Əliyev dəfələrlə çıxışlarında qeyd edir ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir və gənclər onlara bəslənilən ümidləri layiqincə doğruldurlar.
Sağlam gəncliyin yetişməsi üçün ilkin mərhələ isə təbii ki, gəncin böyüdüyü ailə, mühitdir. Bu mənada hələ gənclik yaşına çatmayan yeniyetmələrin düzgün yetişdirilməsi vacibdir.
“İki sahil” internet televiziyasının efirində yayımlanan “Bizimlə həmsöhbət” verilişi davamlı olaraq yeni buraxılışlarla çıxış edir. Bu dəfəki müsahibəmizdə ölkəmizin fəal, istedadlı iki yeniyetməsini oxucularımıza təqdim edəcəyik.
Elm və texnikanın inkişafı, sosial şəbəkələrin və informasiya resurslarının həyatımıza bu qədər təsir etdiyi bir dövrdə sağlam düşüncəli, ağıllı, eləcə də bacarıqlı övladlar yetişdirmək nəinki ailə, bütövlükdə cəmiyyət üçün çətindir. Bu baxımdan balaca qonaqlarımız Mirnur və Rəvan Abışzadələr çox şanslıdırlar. İlk dəfə müsahibə verməklərinə baxmayaraq, həyəcanlarını böyüklərə xas olan tərzdə gizlətmələri və suallarımıza dolğunluqla cavab vermələri də göstərdi ki, bir azdan haqqında danışacağımız uğurlar əbəs yerə qazanılmayıb.
Mirnur və Rəvan Sumqayıt şəhərindəki 4 nömrəli orta məktəbin 4-cü və 3-cü sinif şagirdləridir. Dərslərini yaxşı oxuması ilə yanaşı, ingilis dilində hazırlıqlara xüsusi önəm verən Mirnur deyir ki, gələcəkdə tarixçi olmaq istəyir. Dediyinə görə o, Azərbaycan tarixinin bu günə qədər öyrənilməyən tərəflərini araşdırıb, həqiqətləri dünyaya çatdıracaq.
Rəvan isə hələ 9 yaşında olmasına baxmayaraq, xeyli sayda medal, diplom və sertifikatlara, kuboklara layiq görülüb. İki ilə yaxındır ki, professional cüdo ilə məşğul olan istedadlı balamız deyir ki, Sumqayıtın “Qara bəbir” idman klubunun yetirməsidir. İlham Zəki, Toğrul Əsgərov kimi dəfələrlə Azərbaycan bayrağını fəxri kürsünün ən yüksək pilləsində dalğalandıran idmançılarımızdan dərs aldığını böyük həvəslə danışan Rəvan deyir ki, atasının istəyilə cüdo ilə tanış olduğu ilk gündən bu idman növünü sevir: “Tez-tez yarışlar olur. Müəllimlərim məni həmin yarışlara böyük həvəslə hazırlayırlar. Sonra medallar, kuboklar qazanıram. Özüm də, müəllimlərim də, valideynlərim də çox sevinirik. İstəyirəm Vətənimi daha güclü yarışlarda layiqincə təmsil edim”.
Qardaşının idman uğurlarına sevindiyini dilə gətirən Mirnur isə deyir ki, hansı fəaliyyətlə məşğul olmasından asılı olmayaraq həmyaşıdları dərslərini yaxşı oxumalıdırlar: “Atam deyir ki, siz savadlı, yaşıdlarınıza örnək olmalısınız.Bunun üçün edə biləcəyiniz əsas iş dərslərinizi yaxşı oxumağınız, müəllimlərinizə diqqətlə qulaq asmağınızdır. Savadlı insan istədiyi hər şeyə nail olur. Mən də dərslərimdə müvəffəqiyyətlər qazanmağa çalışıram. Əlavə olaraq ingilis dilini öyrənirəm. Bilirəm ki, bu mənə daha savadlı olmaq üçün lazımdır. Arzum Vətənimin tarixini dərindən öyrənib bütün dünyaya çatdırmaqdır”.
Şəfiqə Dadaşova,
Vüsal Cahanov (foto) “İki sahil”