27 sentyabr - Dünya Turizm Günüdür. 1925-ci ildən müxtəlif adlarla fəaliyyət göstərən turizm təşkilatı 1970-ci il sentyabrın 27-də Ümumdünya Turizm Təşkilatı (ÜTT) kimi formalaşdı. Bu tarixi əsas götürən təşkilat 27 sentyabr - Dünya Turizm Gününü təsis etdi. Təşkilatın yaradılmasında əsas məqsəd bir çox ölkələrin iqtisadiyyatını inkişaf etdirmək, yoxsulluğun səviyyəsini azaltmaq, dövlətlərarası əməkdaşlığı bərpa etmək idi. Azərbaycan da dünyanın 154 ölkəsindən biri kimi bu qurumun üzvüdür.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, professor Hadi Rəcəbli “İki sahil” internet televiziyasına müsahibəsində ölkəmizin turizm potensialı və bu sahənin inkişafı istiqamətində görülən işlərdən danışdı.
- Hadi müəllim, ilk olaraq turizm gününün tarixi önəmindən danışaq. Niyə bu gün dünya dövlətləri səviyyəsində xüsusi qeyd olunur?
-Bəli, 1980-ci ildən başlayaraq 27 sentyabr dünyada turizm günü kimi qeyd olunur. Əslində, günün aktuallığını bir neçə səbəblə də izah etmək olar. Dünyanın elə ölkələri var ki, onların dövlət büdcə gəlirlərinin 70 faizindən çoxu turizmdən gəlir. Hansı ki, kiçik dövlətlərdir, heç bir təbii resursları yoxdur. Yəni bu sahənin ölkəyə faydalarını saysaq vaxt çatmaz. Həqiqətən turizm bu gün dünya dövlətləri arasında xüsusilə seçilən bir sahədir. Bu elə bir sahədir ki, ölkə turizmi inkişaf etdirməklə həm qazanır, həm də qazandırır. Xalqlar öz tarixlərini, adət-ənənələrini təbliğ etmək üçün turizmin yaratdığı fürsətlərdən maksimum istifadə edirlər. İnsanların istirahəti, fərqli yerlərin kəşfi, turist axınının gücləndirilməsi nəticəsində ölkəyə gələn valyuta ehtiyatlarının artması və s. tələb etdi ki, bu sahə dünyəviləşməli, sistemləşdirilməlidir. Belə də oldu. Məhz bütün dünya dövlətlərinin bu sahəyə göstərdiyi marağın nəticəsidir ki, bu gün turizm ölkənin, xalqın tanıdılması, eləcə də valyuta ehtiyatlarının artırılması baxımından olduqca mühüm əhəmiyyət kəsb edən bir sahədir.
- Azərbaycan dövləti turizmin inkişafını iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqaməti elan edib, bununla bağlı müvafiq Dövlət proqramları qəbul olunub. Son vaxtlar bu sahədə görülən işlərin real nəticələri barədə nə deyə bilərsiniz?
- Son üç ildə Azərbaycanda turizm sahəsində hiss olunacaq dəyişikliklər baş verib, mühüm irəliləyişlər əldə edilib.
Turizm sahəsinin inkişafını şərtləndirən əsas amillərə gəlincə, bunlar son illər ölkəmizdə həyata keçirilən iri, müasir infrastruktur layihələridir: fəaliyyətdə olan 6 hava limanı, dünya standartlarına cavab verən yolların çəkilməsi, 500-dən çox otel şəbəkəsinin istifadəyə verilməsi. Eyni zamanda, ölkədə sabitliyin və təhlükəsizliyin təmin edilməsi, “ASAN viza” sisteminin reallaşdırılması, tarixi abidələrin zənginliyi, Azərbaycan qonaqpərvərliyi, milli mətbəximiz və gündən-günə gözəlləşən, müasirləşən paytaxtımız da turistləri cəlb edir. On il bundan əvvəlki Bakı ilə indiki Bakı arasında fərqi hər birimiz görürük. Paytaxtımız dünyəvi turizm şəhərlərindən birinə çevrilib. Zənnimcə, biz ölkəmizin turizm potensialının yalnız 20 faizindən istifadə edə bilmişik, bu potensialın 80 faizi hələ reallaşmayıb.
-Təsadüfi deyil ki, parlamentdə “Turizm haqqında” Qanun qəbul edilib. Bu sahənin inkişafı daim dövlətin diqqət mərkəzindədir.
-Prezident İlham Əliyev hər zaman turizm sahəsini diqqətdə saxlayır. İmzalanan sərəncamların, sənədlərin hər biri turizmin inkişafına hesablanıb. Azərbaycanda Turizm Şurası yaradılıb və bu qurum turizm sahəsində lazımi qərarlar qəbul edir. Parlamentdə qanun qəbul edərkən müxtəlif ölkələrin turizm haqqında qanunları ilə yaxından tanış oluruq. Hesab edirəm ki, Azərbaycan bu sahədə lazım olan bütün tədbirləri görür.
Onu da qeyd edək ki, ölkədə turizmin inkişafına dair birinci Dövlət Proqramının reallaşdırılması müstəqilliyin ilk illərində tənəzzülə uğramış bu sektorun dirçəlməsinə şərait yaratdı. Bu Proqram həmçinin beynəlxalq turizm bazarına inteqrasiyanın təməlini də qoydu, milli turizm kompleksinin rəqabətədavamlılığı yüksəldi.
Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” və bu sənədə uyğun olaraq həyata keçirilən çoxsaylı layihələr ölkədə bu sahənin inkişafına yeni töhfələr verməkdədir. Proqramın başlıca məqsədi ölkədə yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılmasıdır. Respublikada əldə olunan sosial-iqtisadi irəliləyiş isə turizm sektorunun ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsi kimi mühüm vəzifənin həllinə imkan verir. Ölkəmizdə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli müəssisələr, müasir otellərin sayı da getdikcə artır, ölkəyə gələn turistlər üçün yaradılan şəraitin səviyyəsi də ildən-ilə yüksəlir, turistlər üçün yeni imkanlar yaradılır. Bütün bu tədbirlər isə ölkəmizə gələn turistlərin sayına təsirsiz qalmır, bu say ildən-ilə artır.
- Sizcə turizmin inkişafına bilavasitə təsir edən amillər hansılardır? Bu mənada kadr hazırlığımız hansı səviyyədədir?
-Turizm İnstitutunun hazırladığı ixtisaslı kadrların turist qəbuletmə səriştəsində də müsbətə doğru dəyişikliklər müşahidə olunur, peşəkarlıq səviyyəsi yüksəlir. Turistlərin sayı artdıqca, kadrlara ehtiyac da artır, çünki bu vaxtadək turizm obyektlərində əsasən xaricdən gələn mütəxəssislər işləyirdi. Turizm sahəsində uğur qazanmaq üçün xidmət mədəniyyəti, nəqliyyat, turizm şirkətləri ilə iş düzgün qurulmalı və ən əsası turist cəlbetmə texnologiyası işlənib hazırlanmalıdır.
-Son illər turizmin paytaxtla yanaşı, regionlarda da geniş vüsət almasının şahidi oluruq. Maraqlıdır, region turizminin inkişafı üçün daha çox nəyə diqqət yetirilməlidir?
- Doğrudan da, turizmin geniş vüsət aldığı regionlarımız çoxdur. Şəki, Qəbələ, Gəncə, Qusar artıq turizm bölgələri kimi tanınır. Amma elə regionlar var ki, turist qəbul etmək imkanı çox olsa da, infrastruktur müasir tələblərə tam cavab vermir. Buna görə də hələlik həmin bölgələr turistlərə xidmət edə bilmir. Bunun üçün hərtərəfli şərait yaradılmalıdır və hazırda həmin istiqamətdə işlər gedir. Amma əvvəlki illərlə müqayisədə regional turizmin inkişafı üçün xeyıi işlər görülüb. Bu gün Azərbaycanda həm yay, həm də qış turizmi üçün əsaslı şərait yaradılıb. Əminliklə demək olar ki, paytaxtımızda olduğu kimi, regionlarımızda da xeyli sayda əcnəbi vətəndaşlara rast gəlinir. Bu isə bizi çox sevindirir.
-Hadi müəllim, son illər ölkəmizə xüsusilə İran və ərəb ölkələrindən gələn turistlərin sayında artım müşahidə olunur. Ölkəmizə gələn turistlərin sayının artırılması baxımından bunu yetərli saymaq olarmı?
-Bəli, turistlərin tərkibinə nəzər yetirsək görərik ki, onların əksəriyyəti ərəb ölkələrindən, İrandan gələnlərdir. Təbii ki, bununla kifayətlənmək olmaz, Çin və Avropa ölkələrindən də turistlər cəlb etməliyik. Turist axını artdıqca, bu sahədə imkanlar da genişlənir. Hər turist nə qədər az xərcləsə, 1000 ABŞ dolları xərcləməli olur. Bu da dövlət büdcəsi üçün əlavə vəsait deməkdir.
Turizmin inkişafına Azərbaycanda keçirilən beynəlxalq tədbirlər, idman yarışları da öz töhfəsini verir. Bu tədbirlərin təşkili həm də Azərbaycanın təbliğinə xidmət edir. Azərbaycan ÜTT-nin 154 üzvü arasında ən çox turizm potensialına malik ölkələrdən biridir. İndi qarşımızda duran əsas vəzifə bu potensialın reallaşdırılmasına nail olmaqdır. Prezident İlham Əliyevin diqqəti sayəsində turizm yüksələn xətlə inkişaf edir. Qeyd etdiyim kimi, ildə 25-30 faiz artım müşahidə olunur. Bu, böyük nəticədir və Azərbaycan turizminin gələcəyinə nikbin baxmağa əsas verir.
Bir həqiqət də odur ki, turizm sahəsində aparılan islahatlar, ölkəmizdə beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi, dünyanın müxtəlif yerlərində təşkil olunan sərgi və tədbirlər Azərbaycanın yüksək səviyyədə təbliğidir. Bütün bu uğurların qazanılmasında isə, təbii ki, ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi düşünülmüş inkişaf strategiyasının mühüm rolu var.
Şəfiqə Dadaşova,
Şəmsiyyə Əliqızı, “İki sahil”