Müsahibimiz Milli Məclisin Əmək və əhalinin sosial siyasət komitəsinin sədri, siyasi elmlər doktoru, professor Hadi Rəcəblidir
- Hadi müəllim, bir neçə gün öncə İtaliya Prezidentinin ölkəmizə tarixi səfəri reallaşdı. Bu səfərdən irəli gələrək Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu haqqındakı fikirlərinizi bilmək maraqlı olardı…
-Ümumiyyətlə, Azərbaycanın beynəlxalq münasibətlərdə yeri və rolu haqqında günlərlə danışa bilərik. Azərbaycan həm geosiyasi mövqeyi həm müstəqillik qazanandan sonra apardığı müstəqil siyasətilə artıq öncül dövlətlərdən birinə çevrilib. İtaliyanın Prezidenti Sercio Mattarellanın Bakıya gəlməsi və bir sıra görüşlər keçirməsi böyük bir tarixi hadisədir. İtaliya ilə əməkdaşlıq Azərbaycan üçün bir neçə baxımdan vacibdir. İtaliya hazırda ATƏT-ə sədrlik edir. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu məşğul olur. İtaliya birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Sercio Mattarella çıxışında bildirdi ki, İtaliya ATƏT-də sədrliyi çərçivəsində də Azərbaycana öz töhfəsini verəcək. Eyni zamanda İtaliya Azərbaycanın Avropa İttifaqı və NATO ilə inteqrasiyasına dəstək verir. İtaliya Brüssellə Bakı arasında strateji tərəfdaşlıq sazişinin qısa müddətdə imzalanmasına çalışır. Azərbaycanın Avropa İttifaqının 9 ölkəsi ilə strateji tərəfdaşlıq sazişi var, bunlardan biri İtaliyadır. Avropa İttifaqı dövlətləri arasında Azərbaycanın əsas ticarət tərəfdaşı məhz İtaliyadır. İtaliyanın bir neçə şirkəti Azərbaycanda fəaliyyət göstərir, fabrik və zavodların tikintisində yaxından iştirak edirlər. TAP boru xətti tikildikdən sonra Avropa dövlətləri arasında məhz İtaliya Azərbaycan qazının əsas alıcılarından birinə çevriləcək. İndinin özündə də Avropa İttifaqı dövlətləri arasında Azərbaycan neftini ən çox alan ölkə İtaliyadır. Sercio Mattarella Bakıda başqa maraqlı fikir də söylədi ki, biz müdafiə sahəsində şirkətlərimizin əməkdaşlığı barədə danışdıq. Çünki biz inanırıq ki, İtaliyanın bu sahədə əldə etdiyi texnologiyalar Azərbaycanın iqtisadiyyatına öz töhfəsini verə bilər”. Onu da qeyd edim ki, İtaliya Avropa İttifaqının ən aparıcı dövlətlərindən biridir. Və təsir imkanlarıdı böyükdür. Azərbaycanın xarici iqtisadi əlaqələrində İtaliyanın yeri olduqca hiss olunandır. Bu sevindirici haldır.
- Azərbaycan Prezidentinin Fransaya səfəri də ötən həftə yaddaqalan hadisələrdən biri oldu. Bu səfər Azərbaycan Fransa münasibətlərini bir daha ön plana çıxardı. İstərdik bu barədə fikirlərinizi bildirəsiniz
-Həftənin digər hadisəsi isə Fransa Prezidenti ilə ölkəmizin başçısının görüşü oldu. İyulun 20-də Parisdə Fransa Respublikasının Prezidenti Emmanuel Makronla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin görüşü keçirildi. Görüş zamanı ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, ekologiya, nəqliyyat, təhlükəsizlik, mədəni və digər sahələrdə uğurla inkişaf etdiyi bildirildi, Azərbaycanda Fransız Liseyinin və Azərbaycan-Fransız Universitetinin fəaliyyət göstərməsindən məmnunluq ifadə olundu.
Dövlətimizin başçısı bu səfər çərçivəsində Fransanın 11 şirkətinin nümayəndələri ilə səmərəli görüşlər keçirdi. Bu görüşlərin ölkələrimiz arasında iqtisadi əməkdaşlıq üçün böyük perspektivlərə yol açacağı şübhəsizdir. Görüş əsnasında ölkə başçımız cənab İlham Əliyev bildirdi ki, Azərbaycan ilə Fransa şirkətləri arasında 2 milyard dollardan çox dəyərində müqavilələr imzalanıb. Bu müqavilələr reallaşdırıldığı təqdirdə onların həcmi daha da artacaq. Həmçinin enerji təhlükəsizliyi məsələsi müzakirə olundu, «Cənub Qaz Dəhlizi”» layihəsinin uğurla icra edildiyi vurğulandı. Neft-qaz sektoru, infrastruktur, nəqliyyat, kosmik sənaye, hava nəqliyyatı, metro tikintisi, hərbi-texniki sahələrdə əməkdaşlıq məsələləri də müzakirə olundu. Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunuldu. Prezident İlham Əliyev bu münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi bildirdi. Prezidentlərin görüşü bir çox maraqlı nüanslarla yadda qaldı.
Bu səfər ilə bağlı istərdim keçmişə də bir ekskurs edəm. Fransa və Azərbaycan münasibətlərinin kökləri çox qədimdir. «Müsyo Jordan və Dərviş Məstəli şah» əsəri buna bariz nümunədir. Müstəqilliyini qazanmasının ilk illərindən Azərbaycan- Fransa əlaqələri yüksələn xətlə davam edib. Ölkəmizin müstəqilliyini tanıyan ilk dövlətlərdən biri Fransa olub. Hətta Böyük Vətən Müharibəsi dövründə azərbaycanlılar Fransa Azadlıq Hərəkatının iştirakçısı da olublar. Yaxşı xatırlayıram, Şəkidə Birinci katib işləyəndə tanışlıq zamanı bir kişi özünü De Qol Əhmədiyyə kimi təqdim etdi. 1966-cı ildə Fransa prezidenti Şarl de Qoll SSRİ-yə səfəri zamanı Əhmədiyyə Cəbrayılovu görmək istədiyini bildirir və o, Moskvaya çağırır. 1968-ci ildə Sovet hökuməti tərəfindən "vətən xaini" adı onun üstündən götürülür və ona bəraət verilir.
1986-cı ildə Əhmədiyyə Cəbrayılov 5 fransız mükafatına layiq görülür. 1990-cı ildə Şarl de Qollun anadan olmasının 100 illiyinə həsr olunmuş mərasimlərdə iştirak etmək üçün Parisə dəvət olunur. 1994-cü il 6 yanvarda Rene Rassel Əhmədiyyə Cəbrayılova Fransa Müqavimət hərəkatında iştirakını təsdiqləyən sənədi təqdim edir.
Demək olar ki, De Qoll Əhmədiyyə bütün tədbirlərdə fransız legionerlərinin geydiyi paltarı geyinər orden və medallarını da üzərinə taxardı. Əhmədiyyə kişi hərbdə olduğu kimi, kənd təsərrüfatında də əzmlə çalışan bir insan idi. O, öz medalları və Şarl De Qolla dostluğu ilə fəxr etsədə bununla qürrələnməzdi.
Bundan başqa hər kəsə məlumdur ki, Fransa, eyni zamanda böyük erməni lobbisinin yerləşdiyi məkandır. Amma buna baxmayaraq Birinci vitse-prezident Mehriban xanım Əliyeva uzun müddət parlamentdə deputat olduğu zaman Fransa-Azərbaycan Parlamentlərarası dostluq qrupuna rəhbərlik etmişdi. İki ölkə arasında münasibətlərin istiləşməsi üçün geniş masştablı işlər görərək mədəniyyətimizin təbliği məqsədilə mütamadi olaraq Fransada tez-tez Azərbaycan günləri keçirmişdi. Hesab edirəm ki, iki ölkə arasında isti münasibətlərin yaranmasında möhtərəm Mehriban xanım Əliyevanın xidmətləri danılmazdır. Bundan əlavə Fransanın 15 şəhəri ilə Azərbaycanın 15 rayonu dostluq münasibətindədirlər. Misal gətirim Tovuz rayonu ilə Fransanın Konyak şəhəri dost münasibətdədirlər. İki ölkə arasında dostluq əlaqələri günügündən artır.
- Hadi müəllim, Azərbaycan multikultural dəyərlərə malik bir ölkədir. Bildiyimiz kimi, ölkəmizdə «Jara» festivalı keçirilir. Bu gün ölkə gündəmində ən çox müzakirə olunan məsələlərdən biri də budur.
-Azərbaycan dövlətinin həyata keçirdiyi tolerantlıq siyasəti ölkəmizdə yaşayan etnik və dini icmalar arasında dostluğun və qardaşlığın daha da möhkəmlənməsinə zəmin yaradır. Bütün bunlar ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin nəticəsidir. Prezident İlham Əliyev Azərbaycanda multikulturalizmlə bağlı fikirlərində bildirir: «Multikulturalizm Azərbaycanda həyat tərzidir. Biz gündəlik həyatımızda bu prinsiplər əsasında fəaliyyət göstəririk. Bu prinsiplər cəmiyyətin mütləq əksəriyyəti tərəfindən dəstəklənir, müdafiə edilir”.» Bildiyiniz kimi, mütamadi olaraq ölkəmizdə baş tutan «Jara» festivalı postsovet məkanında heç bir yerdə keçirilmir. Çünki Azərbaycan multikultural bir ölkədir. Azərbaycanda xalqlar, millətlər bir-biri ilə qoşa yaşaya bilirlər. Ermənilər də, gürcülər də, ingiloylar da Azərbaycanda yaşayır. Etnik qrupların da ölkəmizdə heç bir problemi olmur. Bu gün dünyada gedən bütün proseslərin içində bizi istəməyən qüvvələrin davası ondan ibarətdir ki, ölkəmizdə münaqişələri qızışdırsınlar. Qeyd etdiyiniz 26-dan «Jara» musiqi festivalı başlayıb. Artıq bir neçə gündür ki, müəyyən dairələrin dəstəyi ilə sosial şəbəkələrdə Azərbaycanda ənənəvi şəkildə təşkil olunan «Jara»” musiqi festivalının iştirakçısı, rusiyalı müğənni Zara ilə bağlı geniş kampaniya təşkil olunur.
Bu məsələni xaricdəki bir qrup sapı özümüzdən olan baltalar şou düzəltmək üçün atıblar ortaya. Bu gün Azərbaycanda 30 mindən artıq erməniəsilli insan yaşayır. Azərbaycan bütün dünyada müxtəlif xalqların sülh və qarşılıqlı anlaşma şəraitində yaşadığı, tolerant, bütün dini və milli azadlıqların təmin edildiyi ölkə imicinə malikdir. Biz bütün dünyaya göstəririk ki, Ermənistanda bir nəfər azərbaycanlı qalmadığı halda, Dağlıq Qarabağı nəzərə almasaq belə, ölkəmizdə 30 min erməni əsilli vətəndaş yaşayır.
«Jara» festivalı onu göstərir ki, Azərbycan multikultural dövlətdir. Bütün millətlərə eyni gözlə baxır.
Şəmsiyyə Əliqızı,
Şəfiqə Dadaşova,
«İki sahil»