26 iyul 2018 15:04
1528

Hikmət Babaoğlu: Azərbaycan Prezidenti milli resurslarımızı milli gücə çox gözəl yönləndirə bilir

“İki sahil” internet televiziyasının efirində yayımlanan “Siyasi baxış” verilişinin budəfəki qonağı Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru, professor Hikmət Babaoğludur.

- Hikmət müəllim, ilk olaraq bu gün Azərbaycan xarici siyasətinin qarşısında duran prioritetlərdən danışaq. Sizcə, Azərbaycanın dünya birliyinə inteqrasiyasında mühüm saydığı elementlər hansılardır?

- Bilirik ki, Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu daha çox möhkəmlənir. Bu da ölkəmizdə həyata keçirilən uğurlu xarici siyasət sayəsində mümkün olur. Yerləşdiyimiz coğrafi məkan təkcə bu gün yox, tarixin bütün mərhələlərində mürəkkəbliyi ilə seçilib. Hər zaman mədəniyyətlərin qovuşduğu, eyni zamanda, imperiyaların və müstəmləkəçilərin savaşdığı bir coğrafiya olub.  Azərbaycanın xarici siyasətini müəyyən edərkən ulu öndər Heydər Əliyev demişdi ki, Azərbaycan əməkdaşlıq məkanı olacaq. Ümummilli Lider bunu həyata keçirmək üçün əlindən gələni etdi, regionda və bütövlükdə Avrasiya qitəsində mövcud olan, bəzən maraqları toqquşan, bəzən də uzlaşan dövlətlərin hamısının  maraqlarını Azərbaycanda birləşdirməyi bacardı. Azərbaycanda qlobal layihələr həyata keçirildi. Onlardan biri “Əsrin müqaviləsi” idi. Bundan sonrakı mərhələlərdə də çoxsaylı müqavilələr imzalandı. Azərbaycan sərmayədarlar üçün münbit bir ölkəyə çevrildi. Ölkəmizin beynəlxalq iqtisadi təşkilatlarda reytinqi yüksəlməyə başladı. Beləliklə, Azərbaycan cəlbedici bir məkan oldu. Ötən həftənin iki mühüm hadisəsi doğrudan da bundan sonrakı mərhələdə Azərbaycanın həm iqtisadi, həm də siyasi perspektivləri baxımından yeni bir üfüq müəyyənləşdirmiş oldu. İtaliya Prezidentinin Azərbaycana səfəri, Prezident İlham Əliyevin qeyd etdiyi kimi desək, tarixi bir səfər idi. Çünki Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq İtaliya Prezidenti Azərbaycana səfər etdi. Bu, sıradan bir səfər deyildi. Səfərin həm siyasi, həm də iqtisadi əhəmiyyəti böyük idi. Siyasi əhəmiyyəti ondan ibarətdir ki, İtaliya Avropa siyasətini müəyyənləşdirən, “Böyük beşlik” dediyimiz ölkələrdən biridir, eyni zamanda, Avropanın iqtisadiyyatında həcminə görə üçüncü yeri tutur. İtaliya həm də  böyük sənaye, modern texnologiyalar ölkəsidir. Həm Azərbaycanla konkret əməkdaşlıq etdiyimiz kimya sənayesi sahəsində, həm də  istehsal etdiyi yeni texnoloji avadanlıqlara görə Avropada birinci yerdədir. İtaliya şirkətinin Azərbaycana dəvət olunması və Azərbaycanda “SOCAR Polymer” zavoduna daxil olan iki zavodun tikintisində iştirak etməsi də bununla əlaqədardır. Yəni dünyada kimya sənayesi üzrə ixtisaslaşmış və Avropaya bu məhsulları ixrac edən əsas zavodlar  əslində İtaliyada cəmləşib.

- Maraqlı digər bir məqam isə ondan ibarətdir ki, iki dövlət arasındakı münasibətlərin tarixi, əslində qədim köklərə dayanır. İstər Səfəvilər dövlətinin vaxtında, istərsə də ondan əvvəlki dövrlərdə iki dövlət arasında hər zaman əlaqələr mövcud olub.

-Əgər tarixi kontekstdən qiymətləndirsək bir qədər dərinə də getmək olar: İtalyan milli xarakteri ilə Azərbaycan milli xarakteri arasında bir bənzərlik var. Bunun da kökü qeyd etdiyiniz kimi, olduqca uzaq keçmişə gedir. Hələ 451-ci ildə Atillanın Romanı mühasirəyə alması və bu ərazidə iki millətin qədim köklərinin birləşməsi bu gün iki xalq arasında etnik mozaikanın uzlaşmasına gətirib çıxarır.  Ona görə də biz həmişə italyanları özümüzə yaxın hesab etmişik. Bundan sonra əlbəttə ki, İtaliya-Azərbaycan münasibətləri orta əsrlərdə də qeyd etdiyiniz kimi, Səfəvilər dövründə də çox isti olub. Çünki İtaliya böyük Romanın varisi kimi daim dünyaya açıq bir ölkə olub. Bu proseslər istər mədəniyyətlərarası dialoqda, istərsə də iqtisadi mal mübadiləsi prosesində özünü müsbət mənada göstərib. Ona görə də  təsadüfi deyil ki, İtaliya Prezidenti Azərbaycana səfəri zamanı Heydər Əliyev Mərkəzində oldu və Səfəvilər dövrünə aid Azərbaycanın mədəniyyət nümunələri ilə tanış oldu. Eyni zamanda, o,  İtaliya muzeylərində olan, Şah İsmayıl və I Təhmasibin rəsmlərini Azərbaycana gətirmişdi. Bütün bunlar tarixi kontekstdən olduqca maraqlıdır. Bu gün müasir layihələrdə də Azərbaycan İtaliyanın partnyorudur. Bilirik ki, Azərbaycanın həyata keçirdiyi, artıq XXI əsrin ən böyük layihələrindən biri olan “Cənub Qaz Dəhlizi”nin bir ucu İtaliyaya, buradan isə bütün Avropaya yayılacaq. Göründüyü kimi, bu əlaqələr heç vaxt pozulmayıb.

- Ötən həftə ölkəmizin başçısı cənab İlham Əliyevin Fransaya səfəri iki ölkə arasındakı münasibətləri bir daha göz önünə gətirdi. Bu münasibətlərin ölkəmiz üçün əhəmiyyəti nədən ibarətdir?

- Bilirik ki, Fransanın Azərbaycanla olduqca yaxşı münasibətləri var. Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ  probleminin həlli  ilə bağlı yaradılmış ATƏT-in Minsk qrupunun həmsdərlərindən biri də məhz Fransadır. Ona  görə də Fransa ilə münasibətlər bizim üçün çox əhəmiyyətlidir. O da məlumdur ki, Fransanın,  eyni zamanda, Ermənistanla olduqca yaxşı münasibələri var və bu ölkə erməni lobbisinin güclü olduğu ölkələrdəndir. Ona görə də Fransa ilə münasibətlərin yüksək səviyyədə olması indiki dövrdə bizə lazımdır. Hələ ATƏT-in Minsk qrupunun həmsədrləri müəyyənləşdirilərkən, həmsədrlər münaqişədə olan hər iki tərəfin razılığı ilə seçilməli idi. O zaman Azərbaycan Fransanın yerinə Almaniyanın həmsədr olmasını istəyirdi. Həmin dövrdə Fransa prezidenti deyirdi ki, siz  niyə istəmirsiniz ki, həmsədr Fransa olsun. Onda ulu öndər Heydər Əliyev demişdi ki, sizin Ermənistanla yaxın münasibətləriniz var. Bu, sizin obyektivliyinizə mane ola bilər. O isə demişdi ki, əksinə, bizim yaxşı münasibətlərimiz varsa, biz onlara daha tez təsir edə bilərik. Ona görə də 1993-cü ildə ulu öndər Heydər Əliyev prezident seçiləndən sonra məhz bu strateji maraqları nəzərə alaraq ilk səfərini Fransaya etdi. Bu gün də Fransanın fəaliyyəti aparıcıdır. Fransa iqtisadiyyatına görə Avropada ikinci böyük ölkədir. Dünya mədəni-intellektual dairələrində Fransanın nüfuzu mühümdür. Bizim bu dövlətlə münasibətlərimizin yaxşı olması milli maraqlarımıza cavab verir. Cənab Prezidentin Fransaya səfəri zamanı  biz, ilk növbədə, Fransa Prezidentinin ölkə başçımıza şəxsi mənada böyük diqqət və rəğbətinin şahidi olduq. Bundan əlavə biz Fransa şirkətləri ilə 2,3 milyardlıq müqavilə imzaladıq. Təsəvvür edirsinizmi bu nə qədər mühüm bir anlaşmadır?! Tək bir səfərdə 2,3 milyardlıq anlaşma yeni iş yerləri, iqtisadiyyat, ticarət mübadiləsi və s. baxımdan çox böyük bir həcmdir. Nəhayət, Azərbaycanın ərazi bütövlüyünün bu ölkə tərəfindən dəstəklənməsi mühümdür. Çünki Fransa lider ölkələrdən biridir. Əgər onun razılığı olmasa İsveçrə, Danimarka və Benilüks kimi dövlətlər də eyni qərarı dəstəkləyirlər. Fransa ilə münasibətlərin yüksək səviyyədə inkişafı həm də bu ölkələrlə olan əlaqələrimizə mühüm təsir göstərir.

- Hikmət müəllim, istərdik ki, Azərbaycan-Fransa münasibətlərini bir də Azərbaycan-Ermənistan münasibətləri kontekstində  şərh edəsiniz. Çünki cənab Prezidentin səfərinin ardından bəzi erməni mətbu orqanlarında Fransa xəyanətkar dövlət adlandırıldı.

- Bax əsl siyasət budur. Siyasət yumşaq  gücdür. Normal vəziyyətdə A dövlətinin B dövlətinə qəbul etdirə bilmədiyini qəbul etdirən vasitə siyasətdir. İndi normal vəziyyətdə biz Ermənistana qəbul etdirə bilmirik ki, bizim ərazilərimizi işğal etmisiniz, çıxın bu torpaqlardan. Bunu qəbul etdirmək üçün lazım olan vasitələrdən biri də dediyimiz yumşaq güc, yəni diplomatiya gücüdür. Hər bir millətin diplomatiya gücü, onun milli gücünün komponentlərindən biridir. Əgər bu güc varsa, resurslar milli məqsədlərə yönləndirilib effektiv silah kimi istifadə olunursa, o, milli resurs hesab olunur, milli güc yox. Bu mənada düşünürəm ki, Azərbaycan Prezidenti milli resurslarımızı milli gücə çox gözəl yönləndirə bilir. Baxın, bayaq dedik ki, Fransa-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olması bizim üçün lazımdır. Bu o deməkdir ki, bizim münasibətlərimiz yaxşı olacaq, artıq Ermənistanla münasibətlər pisləşəcək. Çünki bizim münasibətlərimizin yaxşı olmasının fəlsəfəsində Azərbaycanın ərazi bütövlüyünün tanınması dayanır. Bizim ərazi bütövlüyümüzün tanınması, Ermənistanın işğalçı ölkə kimi tanınması üçün zəmin yaradır. Düzdür, bu gün Fransa Ermənistanı işğalçı ölkə kimi tanımayıb, amma gələcək üçün həm beynəlxalq hüquqi aspektdə, həm də real münasibətlər kontekstində zəmin yaranacaq. Düşünürəm ki, münasibətlərimizin bu  cür dərinləşməsi düşməni narahat etməlidir. Son bir neçə il ərzində müəyyənləşdirilmiş hücum diplomatiyasından sonra biz Ermənistanla ənənəvi dostluq edən ölkələri daha çox tərəfimizə çəkə bilmişik. Bunlara şimal-cənub qonşularımızı misal göstərə bilərik. Bu ölkələrin hər biri ilə üçtərəfli, dördtərəfli yeni diplomatik səviyyədə münasibətlərimiz var. Təbii ki, bu münasibətlərin hər biri özlüyündə Ermənistana zərbədir. Əgər bu münasibətlər bizimlə daha çox uzlaşırsa, deməli, həmin dövlətlər bizim mövqeyimizi qəbul edirlər. Mövqeyimiz isə işğalda olan ərazilərimizin işğaldan azad olunmasıdır. Bu baxımdan erməni mətbuatında dərc olunan məqalələri də Azərbaycan dilpomatiyasının növbəti uğuru kimi qiymətləndirə bilərik.

- Qeyd etdiniz ki, bu günə qədər Azərbaycanın xarici siyasətinin əsasında mehriban qonşuluq, dostluq, qardaşlıq məsələləri mühüm yer tutur. Necə düşünürsünüz, bundan sonra bu siyahıya nələri əlavə edə bilərik?

- Düşünürəm ki, bu sıraya birmənalı olaraq tərəfdaşlıq və əməkdaşlıq aspektlərini də əlavə etməliyik. Ümumiyyətlə, Azərbaycan xarici siyasətini şərh edərkən onu balanslaşdırılmış xarici siyasət adlandırırıq. Amma cənab Prezident bu fikrə maraqlı bir redaktə etdi. Söylədi ki, bəzən bizim xarici siyasətimizi balanslaşdırılmış xarici siyasət adlandırırlar. Bəlkə də belə məqbuldur. Amma bizim xarici siyasətimiz milli  maraqlara söykənən xarici siyasətdir. Düşünürəm ki, mili maraqlar sözünün önə çıxması o deməkdir ki, bundan sonrakı mərhələdə milli maraqlarımızın təmini daha da ön plana çıxacaq. Bunun üçün Azərbaycan özü şərait yaratmalıdır. Məsələn, Bakı-Tbilisi-Qars dəmiryolu xətti olmayana qədər deyirdik ki, Rusiya ilə əməkdaşlığımızı daha da dərinləşdirək. Amma indi Rusiyadan Türkiyəyə gedən yüklər məhz bizim yaratdığımız dəhliz vasitəsilə ünvana çatdırılır. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıdakı çıxışında dedi ki, Bakı-Tbilisi-Qars dəmiryoluna qoşulmaq istəyən ölkələrin sayı çoxdur. Əvvəllər təqribən bir aydan çox müddətə çatdırılan yüklər indi 15 günə çatdırılır. Azərbaycan yenə də şərtlər yaratdı. Biz hazırda “Cənub Qaz Dəhlizi” layihəsini həyata keçiririk. Cənab Prezident dəfələrlə çıxışlarında vurğulayır ki, bu qlobal layihə faktiki olaraq Azərbaycanın təşəbbüsü, iradəsi ilə reallaşdı. Məhz belə qlobal layihələrlə ətrafımıza tərəfdaş toplamağımız gələcəkdə ölkəmizin ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə də dəstəkdir.

Şəmsiyyə Əliqızı,

Şəfiqə Dadaşova,

“İki sahil”