“İki sahil” internet televiziyasının efirində yayımlanan “Siyasi Baxış” verilişinin budəfəki qonağı siyasi şərhçi Arzu Nağıyevdir.
- Arzu müəllim, ilk olaraq, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın MDB Daxili İşlər Nazirlərinin rəhbərləri ilə görüşü haqqında şərhlərinizi bilmək istərdik.
-Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın MDB Daxili İşlər Nazirlərinin rəhbərləri ilə görüşü çox mühüm vaxta təsadüf edir. Hazırda terror hadisələri, eyni zamanda cinayətkarlıq baxımından hadisələrin sayının çoxaldığı bir dövrdə MDB Daxili İşlər Nazirlərinin rəhbərlərinin bir araya toplanması çox mühüm platformadır.
Görüş zamanı bu platformanın mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan Birinci vitse-prezident Mehriban xanım Əliyeva MDB nazirlərinin cinayətkarlığın, terror təhdidlərinin qarşısının alınması ilə bağlı mübarizəsini mühüm amil kimi qeyd etdi. Cinayətkarlığın qarşısının alınması və təhlükəsizliyin təmin olunması üçün mühüm tərəfdaşlıq platforması olan MDB məkanı və onun hüquq mühafizə orqanlarının koordinasiyalı fəaliyyəti mümkün qeyri-sabitliyə qarşı effektiv mübarizə vasitəsi olub və bunun gələcəkdə də qorunub saxlanılması MDB iştirakçıları olan dövlətlərin hamısının milli maraqlarına uyğundur. Bu baxımdan Birinci vitse-prezident Mehriban xanım Əliyeva qeyd etdi ki, sabitlik, ictimai asayiş, qanunun aliliyi hər bir dövlətin inkişafının əsas şərtlərindən biridir və Azərbaycan regionun təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir.
Birinci vitse-prezident Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar problemin həlli məsələlərinə də toxunaraq bir daha beynəlxalq hüququn da, tarixi reallığın da, ədalətin də Azərbaycanın tərəfində olduğunu bildirərək bu problemin həll edilməsinin vacibliyini diqqətə çatdırdı. Görüş zamanı işğal altında olan ərazilərdə qeyri-qanuni fəaliyyətlə bağlı məsələlər də önə çəkildi. Mehriban xanım Əliyeva haqlı olaraq söylədi ki, Azərbaycan dövləti işğal altında olan ərazilərdə qeyri-qanuni fəaliyyətin dayandırılması və qarşısının alınması üçün bütün qanunu tədbirləri görür və görəcək.
- Son günlərdə Ermənistan tərəfindən cəbhə xəttində təxribatlar artır. Bu nə ilə izah oluna bilər?
-Hesab edirəm ki, bu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların uzadılması məqsədilə törədilir. Ermənistanın yeni hakimiyyəti öz qanunsuz mövcudluğunu təsdiqləmək üçün əsasən Dağlıq Qarabağ kartından istifadə edir. Bu baxımdan, əsas məqsəd təxribatlar törətməklə münaqişənin sülh yolu ilə həlli istiqamətində danışıqların gedişini əngəlləməkdən ibarətdir.
-Arzu müəllim, ötən həftə İtaliya Prezidentinin ölkəmizə səfəri baş tutdu. Bu mənada son vaxtlar İtaliya-Azərbaycan münasibətlərini necə qiymətləndirmək olar?
-Son vaxtlar İtaliya ilə Azərbaycan arasında həm iqtisadi, həm siyasi cəhətdən yaxınlaşma var. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rola malik olması ölkəmizin İtaliya ilə iqtisadi cəhətdən yaxınlaşmasını labüd edir. Azərbaycanın mədəni irslərə hörmətlə yanaşması nəticəsində ölkəmiz İtaliyada mədəni cəhətdən bir sıra abidələrin və strukturların inkişafında bir sıra rola malikdir. İki ölkə arasında iqtisadi cəhətdən inkişaf olduqda, bu inkişaf siyasətə də öz təsirini göstərir. İtaliyanın ATƏT-ə sədrlik etməsi Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət dəstəyini verə bilər. Bildiyiniz kimi, bundan öncə Bolqarıstan ATƏT-ə sədrlik edirdi və bu müddət ərazində onların Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini arzu etdikləri hiss olunurdu. İtaliya Prezidentinin Azərbaycana səfəri ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən nəzərə alınacaq. Əgər bir ölkəyə prezident səviyyəsində səfər olunursa, bu, müəyyən təsir dairəsinə malik ola bilər. İtaliya Prezidentinin Azərbaycana səfəri həm siyasi, həm iqtisadi, həm də ərazi bütövlüyümüzün tanınması baxımından çox mühüm əhəmiyyət kəsb edən səfərdir.
- Cənab Prezident İlham Əliyevin Fransaya səfərini və əldə olunan razılaşmaları necə qiymətləndirirsiniz?
- Azərbaycan xarici siyasətdə dostluq, qardaşlıq, mehriban qonşuluq kimi mühüm amilləri hər zaman göz önündə saxlayır. Bu gün işğalçı Ermənistan dövlətindən başqa digər dövlətlərlə Azərbaycanın yüksək xətlə inkişaf edən iqtisadi, siyasi, mədəni əlaqələri var. Ötən həftə dövlətimizin başçısı cənab İlham Əliyevin Fransaya səfəri bunu bir daha sübut etdi. İki ölkə arasında olan münasibətlərin hansı səviyyədə olduğu elə Prezidentimizin qarşılanma mərasimindən göründü. Bunu xüsusilə qeyd etmək istəyirəm ki, cənab Prezidentin səfərinin ardından erməni mətbuatında Fransa xəyanətkar adlandırılıb. Bilirsiniz ki, Fransa erməni lobbisinin güclü olduğu ölkələrdəndir. Bütün bunlara baxmayaraq, Azərbaycan-Fransa arasındakı əlaqələr nümunəvi formadadır. Ümumiyyətlə, Azərbaycan-Fransa əlaqələri hələ ulu öndər Heydər Əliyevin vaxtında yüksək səviyyədə idi. Həm İtaliya, həm də Fransa dövlətlərinin Azərbaycana qarşı münasibətləri hələ illər əvvəldən yüksək səviyyədə olub. Təbii ki, sözügedən münasibətlər Ermənistanı narahat etməyə bilməz. Gündən-günə geri gedən Ermənistan bütün qlobal layihələrdən təcrid olunub. Azərbaycan isə sürətlə inkişaf edir. Bütün bunlar da işğalçı ölkəni haqlı olaraq narahat edir.
Şəmsiyyə Əliqızı,
Şəfiqə Dadaşova,
“İki sahil”