Azərbaycan ilə Özbəkistan münasibətləri son illərdə Cənubi Qafqaz və Mərkəzi Asiya arasında yeni əməkdaşlıq imkanlarının formalaşması ilə diqqəti cəlb edir. İki qardaş ölkə arasında tarixi, mədəni, dil və mənəvi yaxınlıq üzərində qurulan münasibətlər bu gün siyasi, iqtisadi, nəqliyyat, enerji, humanitar və digər istiqamətləri əhatə edən hərtərəfli strateji tərəfdaşlığa çevrilib.
Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə Azərbaycan–Özbəkistan münasibətlərinin mahiyyətini və gələcək perspektivlərini bütün istiqamətləri ilə ortaya qoyur. Bakı ilə Daşkənd arasında münasibətlər artıq regional və türk dünyası kontekstində strateji əhəmiyyət daşıyır. İki ölkə arasında münasibətlər artıq ən yüksək pilləyə – müttəfiqlik səviyyəsinə yüksəlib. Müttəfiqlik münasibətlərinin formalaşması siyasi etimadın yüksək səviyyəyə çatmasının, qarşılıqlı maraqların uzlaşmasının və uzunmüddətli əməkdaşlıq üçün möhkəm hüquqi bazanın yaranmasının göstəricisidir. Bu prosesdə Azərbaycan Prezidenti İlham Əliyev ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında formalaşmış səmimi dostluq və qarşılıqlı etimad xüsusi rol oynayır. Liderlər arasında yüksək səviyyəli siyasi dialoq iki ölkə münasibətlərinin inkişafına güclü impuls verən əsas amillərdən biridir.
Son beş ildə ən yüksək səviyyədə 15 qarşılıqlı səfərin və çoxsaylı təmasların keçirilməsi münasibətlərin intensivliyinin göstəricisidir. 2024-cü ilin avqustunda Prezident İlham Əliyevin Özbəkistana səfəri, 2025-ci ilin iyulunda isə Prezident Şavkat Mirziyoyevin ölkəmizə səfəri çərçivəsində imzalanan mühüm sənədlər münasibətlərin institusional və hüquqi bazasını daha da möhkəmləndirib. “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” Azərbaycan–Özbəkistan əlaqələrinin gələcək inkişafı üçün yeni mərhələnin əsas siyasi çərçivəsini müəyyənləşdirib.
Azərbaycan və Özbəkistan münasibətlərinin yüksək səviyyəsinin mühüm göstəricilərindən biri də Ali Dövlətlərarası Şuranın yaradılmasıdır. Şura iki ölkənin uzunmüddətli əməkdaşlıq prioritetlərini müəyyənləşdirmək, yeni təşəbbüsləri təşviq etmək və müxtəlif sahələrdə fəaliyyətin əlaqələndirilməsi baxımından mühüm institusional platformaya çevrilib. Bu baxımdan Azərbaycan-Özbəkistan münasibətlərinin əsas xüsusiyyətlərindən biri siyasi dialoqun iqtisadi və humanitar əməkdaşlıqla paralel şəkildə inkişaf etməsidir.
Siyasi münasibətlərin yüksək səviyyəsi iqtisadi əlaqələrin inkişafına da birbaşa təsir göstərir. Azərbaycan və Özbəkistan iqtisadiyyatlarının bir-birini tamamlayan xüsusiyyətləri daha geniş əməkdaşlıq imkanları yaradır. Bu baxımdan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. 500 milyon ABŞ dolları ümumi kapitalla yaradılmış şirkət iki ölkənin müxtəlif sektorlarında perspektivli layihələrin maliyyələşdirilməsi və həyata keçirilməsi üçün mühüm platformadır. Dövlətimizin başçısı qeyd edib: “İqtisadi-ticari əməkdaşlığımız son illərdə sürətli inkişaf dinamikası nümayiş etdirir. Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki illə müqayisədə üç dəfədən çox artıb və 795 milyon dollar təşkil edib. Bu, əla göstəricidir. Bundan əlavə, 2026-cı ilin yanvar-may aylarında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 33 faiz artaraq 144 milyon dollara çatıb”.
Azərbaycan–Özbəkistan əməkdaşlığının mühüm xüsusiyyətlərindən biri birgə istehsal layihələrinin artmasıdır. Füzuli şəhərində Özbəkistanın təşəbbüsü ilə Mirzə Uluqbəy adına məktəbin inşa edilməsi, Füzuli rayonunda 100 hektarlıq “Dostluq bağı”nın salınması, “Chevrolet” və “Isuzu” markalı avtomobillərin istehsalı sahəsində əməkdaşlıq iki ölkənin münasibətlərinin konkret layihələr üzərindən dərinləşdiyini nümayiş etdirir. 2026-cı il iyulun 13-nə olan məlumata görə, Azərbaycanda 10 720 “Chevrolet” avtomobili və 275 “Isuzu” avtobusu istehsal edilib. Bu rəqəmlər əməkdaşlığın yalnız ticarət münasibətləri ilə məhdudlaşmadığını, artıq istehsal zəncirlərinin formalaşmasına keçdiyini təsdiqləyir. Belə layihələr Azərbaycan və Özbəkistan iqtisadiyyatlarının imkanlarının birləşdirilməsi baxımından uzunmüddətli perspektivdə daha böyük əhəmiyyət daşıya bilər.
Azərbaycan–Mərkəzi Asiya yaşıl enerji dəhlizinin inkişafı, bərpaolunan enerjinin Avropaya ixracı və Xəzər dənizinin dibi ilə enerji ötürülməsi imkanlarının reallaşdırılması baxımından mühüm rol oynayır. Azərbaycan–Özbəkistan enerji əməkdaşlığı isə artıq ikitərəfli münasibətlər çərçivəsini aşaraq Mərkəzi Asiya ilə Azərbaycan arasında regional enerji inteqrasiyasının və yeni yaşıl enerji marşrutlarının formalaşmasının mühüm istiqamətlərindən birinə çevrilir. Prezident İlham Əliyev vurğulayıb: “2025-ci ildə Azərbaycan, Qazaxıstan və Özbəkistanın müvafiq energetika idarələri tərəfindən Bakıda “Yaşıl Dəhliz Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis olunub. Bu birgə müəssisə Azərbaycan-Mərkəzi Asiya yaşıl enerji dəhlizi layihəsinin həyata keçirilməsini, bərpaolunan enerji ixracını və onun Xəzər dənizinin dibi ilə nəqli imkanlarını əlaqələndirmək məqsədilə yaradılıb”.
Azərbaycan ilə Özbəkistanı yaxınlaşdıran ən mühüm strateji istiqamətlərdən biri nəqliyyat və logistika sahəsidir. Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada yerləşməsi iki ölkəni Şərqlə Qərb arasında formalaşan yeni nəqliyyat marşrutlarının təbii tərəfdaşlarına çevirir. 2025-ci ildə iki ölkə arasında tranzit daşımalarının həcmi 6,7 faiz artaraq 1,4 milyon tona çatıb. 2026-cı ilin yanvar-iyun aylarında isə daha 12,2 faiz artım qeydə alınıb və daşınan yükün həcmi 675 min ton təşkil edib. Bu göstəricilər Azərbaycan-Özbəkistan münasibətlərində nəqliyyat komponentinin getdikcə daha böyük rol oynadığını göstərir.
Xüsusilə Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP ilə inteqrasiyası yeni perspektivlər yaradır. Həmin layihələrin bir-biri ilə əlaqələndirilməsi Mərkəzi Asiya ilə Cənubi Qafqaz və Avropa arasında daha səmərəli nəqliyyat bağlantısının formalaşmasına səbəb olacaqdır. Bu baxımdan Azərbaycan–Özbəkistan tandemi təkcə iki ölkənin iqtisadi maraqlarına deyil, bütövlükdə Avrasiya nəqliyyat xəritəsinin yenidən formalaşmasına təsir göstərə biləcək potensiala malikdir.
İşğaldan azad edilmiş ərazilərdə Özbəkistanın həyata keçirdiyi layihələr Azərbaycan xalqının yaddaşında xüsusi yer tutur. Füzulidə Mirzə Uluqbəy adına məktəbin inşası və “Dostluq bağı”nın salınması Özbəkistanın Azərbaycanın bərpa və quruculuq prosesinə verdiyi dəstəyin konkret nümunələridir. Bu layihələrin əhəmiyyəti yalnız iqtisadi və sosial nəticələrlə ölçülmür. Onlar iki xalqın həmrəyliyinin və çətin günlərdə nümayiş etdirilən qarşılıqlı dəstəyin simvolik ifadəsidir.
Azərbaycan–Özbəkistan münasibətlərinin strateji əhəmiyyətini artıran əsas amillərdən biri də iki ölkənin Türk Dövlətləri Təşkilatı çərçivəsində fəal əməkdaşlığıdır. Bakı və Daşkənd TDT-ni yalnız dövlətlərarası əməkdaşlıq platforması kimi deyil, ortaq tarix, mədəniyyət və mənəvi dəyərləri gələcəyə daşıyan mühüm birlik kimi qiymətləndirirlər. Siyasi dialoq, iqtisadi əməkdaşlıq, nəqliyyat, logistika, təhsil, elm və mədəniyyət sahələrində birgə fəaliyyət Türk dünyasında inteqrasiyanın dərinləşməsinə xidmət edir.
Beləliklə, Azərbaycan–Özbəkistan münasibətləri artıq yalnız Bakı ilə Daşkənd arasındakı ikitərəfli gündəliklə məhdudlaşmır. Bu münasibətlər daha geniş regionlararası əməkdaşlıq arxitekturasının mühüm elementinə çevrilir.
Elşən Alıyev,
YAP Daşkəsən rayon təşkilatının sədr müavini
Rəqabətqabiliyyətli istehsalın genişləndirilməsi əsas hədəflərdəndir - TƏHLİL