24 avqust 2026 08:19
70

Azərbaycan-Özbəkistan müttəfiqliyi ortaq mənəvi dəyərlərə və milli maraqlara əsaslanır

Azərbaycan və Özbəkistan münasibətləri son illərdə öz inkişafının ən yüksək mərhələlərindən birinə çatıb. Tarixi, milli və mənəvi yaxınlıq üzərində formalaşan əlaqələr bu gün siyasi etimad, iqtisadi tərəfdaşlıq, qarşılıqlı investisiyalar, nəqliyyat-logistika, enerji, təhsil, mədəniyyət və humanitar əməkdaşlıqla zənginləşərək hərtərəfli müttəfiqlik xarakteri alıb.

Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi geniş müsahibə iki qardaş ölkə arasında münasibətlərin mahiyyətini və inkişaf istiqamətlərini ortaya qoyur. Azərbaycan-Özbəkistan münasibətlərinin təməlində yalnız siyasi maraqlar deyil, xalqlarımızı əsrlər boyu birləşdirən dərin mənəvi əlaqələr dayanır.

Ortaq türk kökləri, dil və mədəniyyət yaxınlığı, adət-ənənələr və mənəvi dəyərlər iki xalq arasında qarşılıqlı rəğbətin möhkəm əsasını formalaşdırıb. Lakin son illərdə bu mənəvi yaxınlıq dövlətlərarası münasibətlərin konkret mexanizmləri ilə daha da möhkəmlənib. Azərbaycan və Özbəkistan artıq yalnız dost və qardaş ölkələr deyil, strateji müttəfiqlərdir. Bu mərhələnin formalaşmasında Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında yüksək səviyyəli siyasi dialoq xüsusi rol oynayır. Liderlər arasında qarşılıqlı hörmət və etimad dövlətlərarası əlaqələrin bütün istiqamətlərinə müsbət təsir göstərir. Son beş ildə ən yüksək səviyyədə 15 qarşılıqlı səfərin baş tutması da münasibətlərin intensivliyini nümayiş etdirən mühüm göstəricidir.

Azərbaycan-Özbəkistan münasibətlərində son illərin ən mühüm hadisələrindən biri siyasi əlaqələrin hüquqi bazasının daha da gücləndirilməsi olub. 2024-cü ilin avqustunda Prezident İlham Əliyevin Özbəkistana səfəri, 2025-ci ilin iyulunda isə Prezident Şavkat Mirziyoyevin Azərbaycana səfəri ikitərəfli münasibətlərə yeni siyasi impuls verib. Müttəfiqlik münasibətləri iki dövlətin bir-birinə etimadının yüksək səviyyəsini nümayiş etdirir. Bu faktor həm də ölkələrin regional və beynəlxalq proseslərdə bir-birinin mövqelərinə hörmətlə yanaşmasının, qarşılıqlı dəstəyin və ortaq maraqların qorunmasının göstəricisidir. Ali Dövlətlərarası Şura isə bu siyasi yaxınlığın institusional dayaqlarından biridir. Şuranın iclasları iki ölkənin uzunmüddətli əməkdaşlıq prioritetlərinin müəyyənləşdirilməsinə və qəbul olunan qərarların sistemli şəkildə həyata keçirilməsinə imkan verir. Prezident İlham Əliyev müsahibədə qeyd edib: “Bu ikitərəfli səfərlər zamanı imzalanan çoxsaylı sənədlər, xüsusən “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki müstəqil, güclü və suveren dövlətimiz arasında təbii müttəfiqliyi rəsmi olaraq möhkəmləndirdi. Bu sənədlər ölkələrimiz arasında əlaqələrin hüquqi və siyasi əsaslarını daha da gücləndirdi və əməkdaşlığımızın gələcək inkişafı üçün yeni imkanlar açdı”.

Siyasi münasibətlərin yüksək səviyyəsi iqtisadi əlaqələrin genişlənməsi üçün də əlverişli şərait yaradıb. Azərbaycan və Özbəkistanın iqtisadiyyatları bir çox istiqamətlərdə bir-birini tamamlayır. Azərbaycanın enerji, nəqliyyat və logistika imkanları, Özbəkistanın sənaye, kənd təsərrüfatı və Mərkəzi Asiyadakı iqtisadi mövqeyi qarşılıqlı əməkdaşlıq üçün böyük imkanlar yaradır. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin 795 milyon dollara çatması və əvvəlki illə müqayisədə üç dəfədən çox artması iqtisadi münasibətlərin sürətlə inkişaf etdiyini təsdiqləyir.

2026-cı ilin yanvar–may aylarında ticarət dövriyyəsinin daha 33 faiz artması isə bu tendensiyanın davam etdiyinin göstəricisidir. Qarşıdakı mərhələdə əsas məqsədlərdən biri qarşılıqlı ticarətin daha da artırılması ilə yanaşı, onun strukturunun genişləndirilməsi, birgə istehsal və yüksək əlavə dəyər yaradan layihələrin sayının artırılmasıdır.

Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin yaradılması iki ölkənin iqtisadi əməkdaşlığının mühüm nəticələrindən biridir. 500 milyon ABŞ dolları ümumi kapitalla yaradılan bu mexanizm hər iki ölkədə perspektivli layihələrin maliyyələşdirilməsinə imkan verir. Qarşılıqlı investisiyaların artması yalnız kapital axınını təmin etmir. Eyni zamanda biznes dairələri arasında etimadı möhkəmləndirir, yeni istehsal imkanları yaradır və iki ölkənin iqtisadiyyatlarını bir-biri ilə daha sıx əlaqələndirir. Dövlətimizin başçısı vurğulayıb: “Bu gün siyasi münasibətlərimiz iqtisadiyyat, investisiya, sənaye, nəqliyyat, logistika, enerji, kənd təsərrüfatı, təhsil, elm, mədəniyyət və humanitar sahələrdə genişmiqyaslı əməkdaşlıq tədbirləri ilə daha da zənginləşir. Həyata keçirilən layihələr ölkələrimizin iqtisadi potensialını birləşdirməklə yanaşı, xalqlarımız arasında dostluq və qardaşlıq bağlarını daha da möhkəmləndirir”.

Azərbaycan və Özbəkistan arasında enerji sahəsində əməkdaşlıq uzun illərdir davam edir. Neft-qaz sektorunda yaradılmış birgə müəssisələr bu əlaqələrin artıq ənənəvi xarakter aldığının göstəricisidir. Lakin müasir mərhələdə enerji gündəliyinə yeni istiqamət – yaşıl enerji əlavə olunub. Azərbaycan, Qazaxıstan və Özbəkistan tərəfindən yaradılmış “Yaşıl Dəhliz Birliyi” bu baxımdan mühüm strateji təşəbbüsdür. Yaşıl enerji dəhlizinin yaradılması və bərpaolunan enerjinin ixracı imkanlarının araşdırılması Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni enerji bağlantılarının formalaşmasına şərait yaradacaqdır.

Azərbaycan–Özbəkistan əməkdaşlığının gələcəkdə ən böyük nəticələr verə biləcəyi sahələrdən biri nəqliyyat və logistika hesab olunur. Azərbaycanın Xəzər üzərindən Avropaya çıxış imkanları ilə Özbəkistanın Mərkəzi Asiyanın mərkəzində yerləşməsi iki ölkəni Şərq–Qərb bağlantısında mühüm tərəfdaşlara çevirir. Orta Dəhlizin genişləndirilməsi, Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsinin regional nəqliyyat şəbəkələri ilə əlaqələndirilməsi və TRIPP ilə mümkün inteqrasiya yeni iqtisadi imkanlar yaradacaqdır. Bu marşrutların inkişafı yük daşımaların sürətini və həcmini artıracaq, həmçinin Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında iqtisadi inteqrasiyanı dərinləşdirəcəkdir.

Özbəkistanın təşəbbüsü ilə Füzuli şəhərində Mirzə Uluqbəy adına orta məktəbin inşa edilməsi qardaş ölkənin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına verdiyi dəstəyin mühüm ifadəsidir. Bu məktəb yalnız təhsil müəssisəsi deyil, iki xalq arasında dostluğun gələcək nəsillərə ötürülməsinin təntənəsidir. Füzulidə salınan “Dostluq bağı” da eyni məzmunu daşıyır. Azərbaycan–Özbəkistan münasibətlərində həm siyasi, həm də humanitar həmrəylik konkret layihələrdə öz əksini tapır.

İkitərəfli münasibətlərin inkişafının göstəricilərindən biri də turist axınının artmasıdır. 2026-cı ilin yanvar–avqust aylarında Azərbaycana 44 min Özbəkistan vətəndaşının səfər etməsi də bu istiqamətdə müsbət tendensiyanın davam etdiyini göstərir. Turizmin əhəmiyyəti yalnız iqtisadi gəlirlərlə ölçülmür. Turist səfərləri xalqlar arasında birbaşa ünsiyyəti artırır, qarşılıqlı mədəni tanışlığı gücləndirir və humanitar əlaqələr üçün yeni imkanlar yaradır.

Bu gün Azərbaycan–Özbəkistan müttəfiqliyi iki dövlətin münasibətlərindən daha geniş məna daşıyır. Bakı–Daşkənd əməkdaşlığı Cənubi Qafqaz və Mərkəzi Asiya arasında əlaqələrin möhkəmlənməsinə, Türk dünyasının inteqrasiyasına və Şərqlə Qərb arasında yeni iqtisadi bağlantıların formalaşmasına mühüm töhfə verir. Ən əsası isə bu münasibətlər keçmişin dəyərlərini gələcəyin ortaq imkanları ilə birləşdirir. Azərbaycan və Özbəkistanın qardaşlığı artıq müasir inkişafın, strateji tərəfdaşlığın və qarşılıqlı rifahın mühüm komponentlərindən birinə çevrilib.

Asif Əsgərov,
​Milli Məclisin deputatı