Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında mövcud olan münasibətlər son illərdə keyfiyyətcə tamamilə yeni mərhələyə qədəm qoymuş, tarixi qardaşlıq bağlarından strateji müttəfiqliyə doğru inkişaf edən bu əlaqələr həm regionun, həm də bütün türk dünyasının diqqət mərkəzinə çevrilmişdir. İki ölkə arasındakı bu sıx əməkdaşlıq ortaq mənşəyə, eyni mədəniyyət köklərinə, qohum dillərə və əsrlər boyu formalaşmış mənəvi dəyərlərə istinad edir. Xalqlarımızın nəsildən-nəslə ötürdüyü dərin qarşılıqlı rəğbət və həmrəylik bu gün dövlətlərarası münasibətlərin möhkəm təməlini təşkil edir. Prezident İlham Əliyevlə Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyev arasında yaranan səmimi dostluq, qarşılıqlı hörmət və etibarlı tərəfdaşlıq əlaqələri isə bu siyasi iradənin ən bariz təcəssümüdür. Məhz Prezident Mirziyoyevin qardaşlıq, birlik və müttəfiqlik naminə göstərdiyi qətiyyətli və yorulmaz fəaliyyət ona Azərbaycan xalqının dərin hörmətini və sevgisini qazandırmışdır.
Siyasi dialoqun hazırkı intensivliyi iki dövlət arasındakı münasibətlərin nə qədər yüksək səviyyədə olduğunu açıq şəkildə göstərir. Son beş il ərzində baş tutan on beş qarşılıqlı yüksək səviyyəli səfər və davamlı təmaslar bu əlaqələrin dinamik inkişafına güclü təkan vermişdir. Prezident İlham Əliyevin qardaş Özbəkistana etdiyi səfərlər – son beş ildə üç dövlət və ümumilikdə yeddinci səfər – hər dəfə xüsusi əhəmiyyət kəsb edir. Bu səfərlər ənənəvi olaraq misilsiz qonaqpərvərlik, qardaşlıq ruhu, səmimiyyət və qarşılıqlı anlaşma şəraitində keçir. Özbəkistanın son illərdə iqtisadiyyatın şaxələndirilməsi, müasir şəhərlərin salınması, nəhəng infrastruktur layihələrinin icrası, elm, təhsil, mədəniyyət və idman sahələrinə göstərilən diqqət sayəsində əldə etdiyi sürətli tərəqqi Azərbaycan dövlət başçısında dərin məmnunluq doğurur. Özbəkistan liderinin müdrik rəhbərliyi altında ölkənin hərtərəfli inkişafı, beynəlxalq nüfuzunun durmadan möhkəmlənməsi və bütün əsas sahələrdə qazanılan uğurlar Prezidentin düşünülmüş siyasətinin, strateji baxışının və səmərəli dövlət idarəçiliyinin bəhrəsidir.
İki ölkə arasındakı münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəlməsi rəsmi sənədlərlə də təsbit olunmuşdur. 2024-cü ilin avqustunda Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri, 2025-ci ilin iyulunda isə Prezident Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri zamanı imzalanan çoxsaylı sənədlər arasında "Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə" və "Müttəfiqlik münasibətləri haqqında Müqavilə" xüsusi yer tutur. Bu tarixi sənədlər iki müstəqil, güclü və suveren dövlət arasında təbii müttəfiqliyi rəsmi olaraq möhkəmləndirmiş, əməkdaşlığın hüquqi və siyasi çərçivəsini daha da genişləndirmiş, gələcək birgə layihələr üçün yeni üfüqlər açmışdır. Bundan əlavə, 2023-cü ilin avqustunda təsis edilmiş Ali Dövlətlərarası Şura bu münasibətlərin institusional mexanizminə çevrilmiş, artıq Daşkənd və Bakıda keçirilən iki iclası ilə əməkdaşlığın ardıcıllığını və yüksək tempini nümayiş etdirmişdir. Bu platforma vasitəsilə uzunmüddətli prioritetlər müəyyənləşir, yeni təşəbbüslər təşviq edilir və müxtəlif sahələrdə qarşılıqlı fəaliyyət səmərəli şəkildə əlaqələndirilir.
İqtisadi-ticari əlaqələr son dövrlərdə misli görünməmiş artım göstəriciləri ilə diqqət çəkir. 2025-ci ildə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon ABŞ dollarına çatmışdır. 2026-cı ilin ilk beş ayında isə bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 33 faiz yüksələrək 144 milyon dollar təşkil etmişdir. Bu rəqəmlər iqtisadi əməkdaşlığın durmadan genişləndiyini və qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlığın dərinləşdiyini açıq şəkildə sübut edir. İnvestisiya sahəsində də mühüm addımlar atılmış, üç il əvvəl ümumi kapitalları 500 milyon dollar olan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti yaradılmışdır. Bu şirkət hər iki ölkənin iqtisadiyyatının müxtəlif sahələrində perspektivli layihələrin maliyyələşdirilməsinə və icrasına əhəmiyyətli töhfə verir. Hökumətlərarası Komissiyanın bu günə qədər keçirdiyi on beş iclas iqtisadi, ticari, investisiya və digər sahələrdə əlaqələrin sistemli xarakterini və qarşılıqlı etimadı əks etdirir. Sonuncu iclas Daşkənddə baş tutmuş və mövcud vəziyyət, nailiyyətlər və gələcək inkişaf istiqamətləri ətraflı müzakirə olunmuşdur.
Energetika sektoru əməkdaşlığın ən dinamik inkişaf edən sahələrindən biridir. 2016-cı ildən etibarən "Neftegaztexnologiya" birgə müəssisəsi neft-qaz sahəsində fəaliyyət göstərir. 2024-cü ildə SOCAR və "Özbəknefteqaz" arasında yaradılmış "Turan Energy AFEZCO" birgə müəssisəsi isə "Azərikimya"nın istehsal etdiyi yüksəktəzyiqli polietilenin Özbəkistana ixracını həyata keçirir. Yaşıl enerji sahəsində də mühüm nailiyyət əldə olunmuş, 2025-ci ildə Azərbaycan, Qazaxıstan və Özbəkistanın energetika qurumları tərəfindən Bakıda "Yaşıl Dəhliz Birliyi" Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilmişdir. Bu birgə müəssisə Azərbaycan-Mərkəzi Asiya yaşıl enerji dəhlizi layihəsinin icrasını, bərpaolunan enerjinin Xəzər dənizinin dibi ilə nəqlini və ixracını əlaqələndirmək məqsədi daşıyır. Tranzit daşımaları sahəsində də nəzərəçarpan artım müşahidə olunur – 2025-ci ildə daşımaların həcmi 6,7 faiz artaraq 1,4 milyon tona çatmış, 2026-cı ilin yanvar-iyun aylarında isə bu artım 12,2 faiz təşkil etmişdir.
İqtisadi əməkdaşlığın digər mühüm istiqamətləri arasında işğaldan azad edilmiş Füzuli rayonunda salınmış 100 hektarlıq "Dostluq bağı" nar bağı, həmçinin "Chevrolet" və "Isuzu" markalı avtomobil və avtobusların istehsalı üzrə birgə layihələr xüsusi qeyd olunmalıdır. 2026-cı il iyulun 13-nə olan məlumata görə, ümumilikdə 10 min 720 "Chevrolet" avtomobili və 275 "Isuzu" avtobusu istehsal edilmişdir. Ölkəmizdə Özbəkistan investisiyalı 130-dan çox kommersiya qurumu qeydiyyatdan keçmişdir ki, onlar sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat və xidmət sahələrində uğurla fəaliyyət göstərir. Azərbaycan şirkətləri də Özbəkistanda iri layihələr reallaşdırır, o cümlədən Daşkənddə "The Ritz-Carlton" brendi altında inşa edilən hotel-yaşayış kompleksi və Daşkənd vilayətindəki "Sea Breeze Uzbekistan" turizm mərkəzi bu əməkdaşlığın parlaq nümunələrindəndir. İki ölkənin iqtisadi potensialı bir-birini tamamlayır və yeni əməkdaşlıq formatlarının yaranmasına geniş imkan yaradır.
Mədəni-humanitar əlaqələr də son illərdə xüsusi inkişaf yolu keçmişdir. Ortaq dil, mədəniyyət və mənəvi dəyərlərə əsaslanan bu sahə xalqlar arasında qarşılıqlı anlaşmanın, dostluq və qardaşlıq bağlarının möhkəmlənməsinə mühüm töhfə verir. 2023-cü və 2025-ci illərdə Azərbaycan Özbəkistan Mədəniyyəti Günlərinə, 2024-cü ildə isə Özbəkistan Azərbaycan Mədəniyyəti Günlərinə ev sahibliyi etmiş, həmin il Xivə şəhərində "Şuşa Günləri" təşkil olunmuşdur. Özbəkistan Milli Pedaqoji Universitetinin dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıması iki xalq arasındakı mənəvi bağın əyani təzahürüdür. Bakının mərkəzində 5 hektar ərazidə salınacaq "Özbəkistan" parkı isə qardaşlığın daha bir simvoluna çevriləcəkdir. Heydər Əliyev Fondunun həyata keçirdiyi təşəbbüslər də bu əməkdaşlığın genişlənməsində mühüm rol oynayır.
Təhsil sahəsində əməkdaşlıq aparıcı istiqamətlərdən biridir. 2025-2026-cı tədris ilində Özbəkistanın 67 vətəndaşı Azərbaycanda, Azərbaycanın 176 vətəndaşı isə Özbəkistanda təhsil alır. Füzuli şəhərində Özbəkistanın təşəbbüsü ilə inşa edilən Mirzə Uluqbəy adına orta məktəb bu əməkdaşlığın ən parlaq nümunələrindən biri olmaqla yanaşı, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa işlərinə verilən dəyərli dəstəyi də əks etdirir. Media sahəsində 2024-cü ildə Daşkənddə və 2025-ci ildə Bakıda keçirilən Media Forumları, həmçinin Füzuli və Daşkənddə təşkil olunan QHT Əməkdaşlıq Forumları mühüm nəticələr vermişdir. 2026-cı ildə iki ölkə birgə QHT-lər üçün qrant müsabiqəsi elan etmişdir ki, bu da praktik əməkdaşlığın yeni səviyyəsinə işarədir. Turizm sahəsində də artım müşahidə olunur – 2024-cü ildə 46 min, 2025-ci ildə 62 min, 2026-cı ilin yanvar-avqust aylarında isə 44 min Özbəkistan vətəndaşı Azərbaycana səfər etmişdir.
Regionlararası əməkdaşlıq xüsusi yer tutur. Bakı-Daşkənd, İsmayıllı-Riştan, Şuşa-Xivə, Lənkəran-Buxara, Şəki-Kokənd, Biləsuvar-Termez, Mingəçevir-Namanqan, Füzuli-Gülüstan, Quba-Cizak və Beyləqan-Şəhrisəbz şəhərləri arasında qardaşlaşmış şəhər və tərəfdaşlıq münasibətləri qurulmuşdur. Naxçıvan və Ürgənc arasında isə yaxın gələcəkdə bu cür əlaqələrin yaradılması nəzərdə tutulur. Bu təşəbbüslər xalqları daha da yaxınlaşdırır, ortaq tarixi və mədəni irsi qoruyur, gələcək nəsillər arasında dostluq və etimadı gücləndirir.
Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq da yüksək səviyyədədir. Türk Dövlətləri Təşkilatı hər iki ölkə üçün xüsusi əhəmiyyət daşıyır. Ötən il Qəbələdə keçirilən TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə Türk dünyasının möhkəmləndirilməsi, siyasi, iqtisadi və hərbi gücünün artırılması məqsədilə mühüm sənədlər imzalanmışdır. Özbəkistanın 2025-ci ilin mayında Türk Mədəniyyəti və İrsi Fondunun tamhüquqlu üzvü qəbul edilməsi Türk dünyasının inteqrasiyasında mühüm hadisə olmuşdur. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakı ilə bağlı qərar isə əlaqələrin yeni mərhələsini açmışdır. Əvvəllər "C5" adlanan format faktiki olaraq "C6" formatına çevrilmişdir ki, bu da Azərbaycanın regionla münasibətlərə verdiyi strateji əhəmiyyəti göstərir. Hər iki ölkə BMT, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, AQEM və Qoşulmama Hərəkatı kimi platformalarda da səmərəli əməkdaşlıq edir, beynəlxalq məsələlərdə vahid mövqe nümayiş etdirirlər. Bütün bu amillər göstərir ki, Azərbaycan-Özbəkistan müttəfiqliyi təkcə ikitərəfli maraqlara deyil, həm də ümumtürk həmrəyliyinə, regional sabitliyə və qlobal əməkdaşlığa mühüm töhfə verən strateji tərəfdaşlıq modelinə çevrilmişdir.
Elvin Əlizadə,
YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi
Azərbaycan “Geoiqtisadi sabitlik dəhlizi”: Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər - VİDEO