24 avqust 2026 10:30
155

Bura məskənidir gözəlliklərin...

Ölkəmiz turizm imkanlarına görə dünyanın ən gözəl məkanları ilə rəqabət apara bilər. Təkcə göy Xəzərimizi bir dəfə görmək arzusunda olanların bəlkə də on minlərlədir. İndi yandırıcı avqust günlərində Şahdağda, Murovdağda, Qoşqar dağında və bir neçə dağ zirvəsində əriməmiş qar var. İnsanı qədim dövrlərə aparan məskənlər-təbiətin vəhşi gözəllikləri, yaşı bilinməyən böyük ayı mağaraları, buz kimi bulaqlar, çaylar, yamyaşıl meşələr, Göygöl, Cıdır düzü, Naxçıvanın duzdağı, təbii mineral suları, müalicəvi əhəmiyyəti olan məşhur İstisu, möcüzəli Naftalan nefti və yüzlərlə görməli yerlər insanı heyrətdə buraxır. Flora və faunamız da zəngindir. Meşələrdə və dağlarda maral, ceyran, ayı, canavar, çöl pişiyi, xallı pələng, çaqqal, porsuq, tülkü, dovşan, çöl donuzu, ilan, qartal, kəklik və s. var. Meşələrdə Avropa bazarlarında baha qiymətə gedən palıd, cökə, vələs və digər ağaclar yaşı yüzillərlə ölçülən ucalıq rəmzi olan çinar ağacları bu yerlərin gözəlliklərinin rəmzidir. Bunlardan başqa əzgil, alma, alça, armud, zirinc, fıstıq, böyürtkən, moruq və digər giləmeyvə və meyvələr meşələrimizdəki  Yüzlərlə gül-çiçək növləri mövcuddur ki, ta qədimdən başlayaraq indiyədək onlardan dərman və məlhəmlər hazırlanır. Kəlbəcərdəki alban qalaçası, Tərtərdəki kurqanlar, Şəki xan sarayı, Şabranda Çıraqqala, Bakıdakı Qız qalası, Şirvanşahlar sarayı, Naxçıvandakı Möminə xatun türbəsi, Gəncədəki Xan bağı, İmamzadə ziyarətgahı və bir çox tarixi abidələr  maraq doğurur. Təbiət mənzərələri və abidələri Laçında, Qubadlıda, Zəngilanda, Cəbrayılda, Ağdamda, Zaqatalada, Şamaxıda və bir yerlərdə də var.

İki Qarabağ müharibəsində Ermənistanın işğalçı silahlı qüvvələri təbiətimizə böyük zərər vursa da bərpa işləri aparılaraq əvvəlki görkəmin geri qaytarılıb. Üstəlik turizm sahəsində çox böyük işlər həyata keçirilərək təbiətimizin əvvəlkindən də gözəl görünüşü təmin edilib. Tarixi abidələrimizin bərpasına Qarabağ azad ediləndən dərhal sonra başlanıb. Bunun üçün dövlətimiz lazım olan bütün tədbirləri qısa vaxt ərzində həyata keçirir. Bir sözlə, əcnəbi turistlərin ölkəmizə cəlb edilməsi dövlət səviyyəsində təşkil edilir və diqqətdə saxlanır. Dövlətimizin başçısı bir çox çıxışlarında turizmin inkişafı üçün lazımi tədbirlərin görüldüyünü və bu işin mütəmadi olaraq davam etdirildiyini vurğulayıb.

“Azərbaycanda turoperatorlara ölkəyə gətirilən əcnəbi turistlərə görə subsidiya verilməsi nəzərdə tutulur.”

Bu, Prezident İlham Əliyevin təsdiq etdiyi  "Turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb. Proqram turizmlə məşğul olan şirkətlərin işinin daha da canlandırılmasına böyük kömək göstərəcəkdir.

Bundan başqa, Proqramda hava nəqliyyatı ilə qeyri-müntəzəm (çarter) uçuşların təşkilinə görə təşkilatçıların xərclərinin kompensasiyası nəzərdə tutulur. Hədəf turizm bazarları üzrə əlavə müntəzəm aviareyslərin təşkili, turizm əhəmiyyətli tədbirlərin, o cümlədən konsertlərin, əyləncəli proqramların təşkilinə görə tədbir təşkilatçılarının xərclərinin bir hissəsinin kompensasiyası ilə bağlı subsidiya mexanizmlərinin yaradılması, yerləşmə xidmətlərinin infrastrukturu üzrə investorlara və turizm sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektlərinə subsidiya dəstəyinin verilməsi yer alıb. Bu cür dövlət dəstəyi ölkəmizdə turizmin sürətli inkişafına yeni nəfəs-stimul verəcək.

Bir çox xarici ölkə vətəndaşlarının turist kimi Azərbaycana səfərləri ildən-ilə müəyyən qədər artır. Ancaq dövlətin məqsədi odur ki, bu səfərlər axın şəklini alsın, Yer kürəsinin hər guşəsində Azərbaycansevərlərin sayı artsın. Bu, eyni zamanda büdcəmizin də varlanmasına öz töhfəsini verər, əlavə yeni infrastruktur yaradılar, paytaxtdan uzaqdakı sakinlərimiz daimi işlə təmin olunarlar.

Vəli İlyasov, “İki sahil”