Azərbaycan və Özbəkistan arasında münasibətlər son illərdə sürətli inkişaf yolu keçərək tarixi qardaşlıq münasibətlərindən hərtərəfli strateji müttəfiqliyə yüksəlib. Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibədə vurğuladığı fikirlər bu əlaqələrin həm mahiyyətini, həm də gələcək istiqamətlərini nümayiş etdirir. Azərbaycan və Özbəkistan xalqları ortaq türk köklərinə, yaxın dil və mədəniyyətə, eyni mənəvi dəyərlərə və əsrlər boyu formalaşmış qarşılıqlı rəğbətə malikdir. Məhz bu təbii yaxınlıq son illərdə dövlətlərarası siyasi iradə ilə tamamlanaraq konkret əməkdaşlıq mexanizmlərinə çevrilib.
Azərbaycan–Özbəkistan əlaqələrinin bugünkü yüksək səviyyəsində iki ölkə liderləri arasında formalaşmış qarşılıqlı etimad xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev ilə Prezident Şavkat Mirziyoyev arasında səmimi dostluq və qarşılıqlı hörmət münasibətlərin bütün istiqamətlərinə müsbət təsir göstərir. Son beş ildə ən yüksək səviyyədə 15 qarşılıqlı səfərin keçirilməsi siyasi dialoqun intensivliyinin mühüm göstəricisidir.
2024-cü ilin avqustunda Prezident İlham Əliyevin Özbəkistana səfəri, 2025-ci ilin iyulunda isə Prezident Şavkat Mirziyoyevin ölkəmizə səfəri münasibətlərin daha da möhkəmlənməsində mühüm mərhələ olub. Bu səfərlər çərçivəsində imzalanan “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki ölkənin əlaqələrini siyasi və hüquqi baxımdan daha yüksək səviyyəyə qaldırır. Beləliklə, Azərbaycan–Özbəkistan münasibətlərində əsas məsələ artıq müttəfiqliyin imkanlarını konkret layihələrlə daha da genişləndirməkdir. Dövlətimizin başçısı qarşılıqlı faydaya əsaslanan iqtisadi tərəfdaşlığımızın bundan sonra da uğurla inkişaf edəcəyini, yeni təşəbbüslərlə zənginləşəcəyini və Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətlərinin mühüm sütunlarından biri kimi xalqlarımızın rifahına xidmət edəcəyinə əminliyini ifadə edib.
Siyasi yaxınlığın ən mühüm nəticələrindən biri iqtisadi-ticari əlaqələrin sürətlə inkişaf etməsidir. 2025-ci ildə Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsinin 795 milyon dollara çatması və əvvəlki illə müqayisədə üç dəfədən çox artması diqqətəlayiq göstəricidir. 2026-cı ilin yanvar–may aylarında isə ticarət dövriyyəsi daha 33 faiz artaraq 144 milyon dollara çatıb. Bu göstəricilər iki ölkə arasında iqtisadi münasibətlərin dinamik inkişaf etdiyini göstərməklə yanaşı, mövcud potensialın hələ tam istifadə edilmədiyini də ortaya qoyur. Azərbaycan və Özbəkistanın iqtisadi imkanları bir-birini tamamlayır.
Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin 500 milyon ABŞ dolları ümumi kapitalla yaradılması iqtisadi əlaqələrin strateji xarakter daşıdığını göstərən mühüm addımdır. Şirkət iki ölkədə müxtəlif sektorlar üzrə perspektivli layihələrin maliyyələşdirilməsi və həyata keçirilməsi üçün platforma rolunu oynayır. Eyni zamanda Özbəkistan investisiyalı 130-dan çox kommersiya təşkilatının ölkəmizdə fəaliyyət göstərməsi qarşılıqlı investisiya imkanlarının genişləndiyini nümayiş etdirir.
Neft-qaz sahəsində Azərbaycan və Özbəkistan arasında uzun illərdir əməkdaşlıq mövcuddur. Birgə müəssisələrin fəaliyyəti bu sahədə qarşılıqlı təcrübə və imkanların birləşdirilməsinə xidmət edir. Lakin yeni mərhələdə enerji əməkdaşlığının əsas istiqamətlərindən biri yaşıl enerjidir. Azərbaycan, Qazaxıstan və Özbəkistan tərəfindən “Yaşıl Dəhliz Birliyi” MMC-nin yaradılması bu baxımdan strateji əhəmiyyət daşıyır. Bərpaolunan enerjinin istehsalı və ixracı, eləcə də enerjinin Xəzər dənizinin dibi ilə nəqli imkanlarının araşdırılması gələcəkdə Azərbaycanla Mərkəzi Asiya arasında enerji əlaqələrinin daha da güclənməsinə səbəb ola bilər. Bu proses ölkəmizi yalnız ənənəvi enerji ixracatçısı kimi deyil, həm də yaşıl enerjinin regional ixracatçısı kimi mövqeləndirmək imkanlarını genişləndirir.
Azərbaycan və Özbəkistanın coğrafi mövqeyi onları Orta Dəhlizin inkişafında təbii tərəfdaşlara çevirir. Azərbaycan Xəzər vasitəsilə Mərkəzi Asiyanı Cənubi Qafqaz və Avropa ilə birləşdirən əsas bağlantılardan birinə malikdir. Özbəkistan isə Mərkəzi Asiyanın mühüm iqtisadi və nəqliyyat mərkəzlərindən biridir. Çin–Qırğızıstan–Özbəkistan dəmir yolunun Orta Dəhliz və TRIPP ilə inteqrasiyası gələcəkdə yeni logistika imkanları yarada bilər. Beləliklə, Azərbaycan–Özbəkistan nəqliyyat əməkdaşlığı iki ölkənin iqtisadi maraqlarını birləşdirməklə yanaşı, Avrasiyanın tranzit xəritəsində yeni imkanların yaranmasına xidmət edir.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası prosesində Özbəkistanın göstərdiyi dəstək iki ölkə arasındakı qardaşlığın real ifadələrindən biridir. Prezident İlham Əliyevin qeyd etidiyi kimi, Özbəkistanın təşəbbüsü ilə inşa edilən və Füzuli şəhərində fəaliyyət göstərən Mirzə Uluqbəy adına orta məktəb təhsil sahəsində əməkdaşlığın ən parlaq nümunələrindən biridir və ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin daha bir təzahürüdür. Təhsil ocağının yaradılması həm də gələcəyə hesablanmış layihədir. Çünki burada yetişəcək yeni nəsil Azərbaycan–Özbəkistan dostluğunun canlı daşıyıcılarına çevriləcək. Füzulidə salınan “Dostluq bağı” isə iqtisadi və humanitar əməkdaşlığın bir arada təcəssüm etdiyi layihədir.
Azərbaycan–Özbəkistan münasibətlərinin fərqləndirici xüsusiyyətlərindən biri regional əməkdaşlığın geniş coğrafiyaya malik olmasıdır. Bakı–Daşkənd, İsmayıllı–Riştan, Şuşa–Xivə, Lənkəran–Buxara, Şəki–Kokənd, Biləsuvar–Termez, Mingəçevir–Namanqan, Füzuli–Gülüstan, Quba–Cizak və Beyləqan–Şəhrisəbz arasında qardaşlaşmış şəhər və tərəfdaşlıq münasibətlərinin yaradılması bu prosesin miqyasının göstəricisidir. Naxçıvanla Ürgənc arasında da belə münasibətlərin qurulmasının planlaşdırılması şəhərlərarası əməkdaşlıq şəbəkəsinin genişlənəcəyini göstərir. Bu əlaqələr xalqların bir-birini daha yaxından tanımasına, yerli səviyyədə iqtisadi və mədəni layihələrin həyata keçirilməsinə imkan yaradır.
Azərbaycan və Özbəkistan yalnız ikitərəfli məsələlərdə deyil, beynəlxalq təşkilatlar çərçivəsində də bir-birinə dəstək göstərirlər. BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, ATƏT və Qoşulmama Hərəkatı kimi platformalarda əməkdaşlıq iki ölkə arasında siyasi etimadın yüksək səviyyəsini nümayiş etdirir. Bu qarşılıqlı dəstək həm ölkələrin beynəlxalq mövqelərinin güclənməsinə, həm də ortaq maraqların çoxtərəfli platformalarda daha fəal müdafiəsinə şərait yaradır.
Azərbaycan–Özbəkistan münasibətlərinin hazırkı inkişaf səviyyəsi gələcək üçün geniş imkanlar yaradır. İqtisadi sahədə ticarət dövriyyəsinin artırılması, yeni investisiya layihələrinin həyata keçirilməsi, sənaye kooperasiyasının genişləndirilməsi və birgə istehsal müəssisələrinin sayının artırılması əsas prioritetlər sırasında olacaq. Nəqliyyat sahəsində Orta Dəhlizin imkanlarının genişləndirilməsi, enerji sektorunda yaşıl enerji layihələrinin reallaşdırılması, humanitar sahədə isə təhsil, mədəniyyət, media və turizm əlaqələrinin daha da inkişaf etdirilməsi qarşılıqlı əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirəcək.
İqtisadi əlaqələrin sürətli inkişafı, investisiya layihələri, sənaye kooperasiyası, enerji və yaşıl enerji əməkdaşlığı, nəqliyyat dəhlizləri, humanitar layihələr və Türk dünyasının inteqrasiyasına yönəlmiş təşəbbüslər bu münasibətləri çoxşaxəli və dayanıqlı edir. Azərbaycan–Özbəkistan müttəfiqliyi artıq yalnız Bakı və Daşkənd arasındakı münasibətlərin deyil, Cənubi Qafqazla Mərkəzi Asiya arasında formalaşan yeni əməkdaşlıq arxitekturasının mühüm elementidir. Bu əməkdaşlığın gələcəyi isə ortaq tarixdən daha çox ortaq gələcəklə bağlıdır. Çünki Azərbaycan və Özbəkistanın qarşılıqlı potensiallarını birləşdirməsi nəinki iki ölkənin iqtisadi və siyasi imkanlarını artırır, həm də Türk dünyasının daha sıx inteqrasiyası, regional bağlantıların güclənməsi və Avrasiyada yeni əməkdaşlıq imkanlarının yaranması üçün mühüm zəmin formalaşdırır.
Nurlan Həsənov,
Milli Məclisin deputatı
Azərbaycan-Özbəkistan münasibətləri Türk dünyasının yeni güc mərkəzini formalaşdırır
Azərbaycan və Özbəkistan arasında münasibətlər dərin qarşılıqlı rəğbətə əsaslanır