19 avqust 2026 19:32
111

AFFA Futbol Fitnesi C Sertifikat Proqramı

Ümumi məlumat

AFFA Futbol Fitnesi C Sertifikat Proqramı futbolda fiziki hazırlıq sahəsində çalışan və bu istiqamətdə inkişaf etmək istəyən şəxslər üçün nəzərdə tutulmuş milli baza səviyyəli proqramdır.
Proqramın əsas məqsədi iştirakçılara futbolçuların fiziki hazırlığı üzrə zəruri baza bilik və bacarıqları qazandırmaq və onları UEFA Fitness B təhsil yoluna hazırlamaqdır.
Proqram, həmçinin idman sahəsi üzrə bakalavr dərəcəsi olmayan, lakin futbolda fiziki hazırlıq üzrə müvafiq təcrübəyə malik şəxslərə UEFA Fitnes B proqramına müraciət üçün idman təhsili üzrə tələbi qarşılamaq imkanı yaradır.

Proqramın əhatə etdiyi mövzular

•Məşq fiziologiyası, enerji sistemləri və orqanizmin fiziki yükə reaksiyası;
•Funksional anatomiya, biomekanika və hərəkət keyfiyyətinin qiymətləndirilməsi;
•Dözümlülük, sürət, güc, çeviklik, mobillik və koordinasiya kimi fiziki keyfiyyətlər;
•Baza tədqiqat metodları və etibarlı mənbələrdən istifadə;
•Sadə test və monitorinq, yorğunluq və bərpa göstəriciləri, təhlükəsiz fəaliyyət prinsipləri.

 

Proqramın müddəti
Proqramın ümumi həcmi 36 saatdır və 4 həftə ərzində, 2026-cı ilin sentyabr-oktyabr ayları ərzində keçiriləcək.

 

Kimlər üçün nəzərdə tutulub?
•Futbol klublarında, akademiyalarda və futbolun inkişafı mühitində çalışan fitnes məşqçiləri;
•Oyunçuların fiziki hazırlığında iştirak edən və elmi baza biliklərini gücləndirmək istəyən məşqçilər;
•Futbol fitnesi üzrə müvafiq  təcrübəsi olan keçmiş futbolçular və digər mütəxəssislər;
•Gələcəkdə UEFA Fitness B proqramına müraciət etməyi planlaşdıran namizədlər.

 

Seçim meyarları
•Futbol klubu, akademiya, məktəb, kütləvi futbol proqramı və ya digər futbol təlimi mühitində fəaliyyət göstərmək;
•Futbol məşqçiliyi, fiziki hazırlıq və ya oyunçu inkişafı üzrə praktik təcrübəyə malik olmaq;
•Bütün təlim sessiyalarında iştirak etmək, istiqamətləndirilmiş oxu tapşırıqlarını və qiymətləndirmə işlərini yerinə yetirmək öhdəliyini götürmək.
•Futbol sahəsi üzrə təhsilin və ya müvafiq sertifikatların olması üstünlük hesab edilir.

 

Vacib qeyd: 
Bu sertifikat UEFA Fitnes B kursuna birbaşa qəbul hüququ vermir. Proqram idman sahəsi üzrə bakalavr dərəcəsi olmayan, lakin futbolda fiziki hazırlıq üzrə müvafiq praktik təcrübəyə malik namizədlərə UEFA Fitnes B kursuna müraciət üçün nəzərdə tutulan təhsil tələbini qarşılamaq imkanı yaradır. UEFA Fitnes B kursuna müraciət edən namizədlər UEFA tərəfindən müəyyən edilmiş digər qəbul və seçim tələblərini də qarşılamalıdırlar.

 

Qəbul prosesi və qeydiyyat
Seçim prosesi elektron ərizə forması vasitəsilə həyata keçiriləcək. Ərizələrin ilkin qiymətləndirilməsi əsasında uyğun namizədlər zərurət yarandıqda müsahibə mərhələsinə dəvət oluna bilərlər. Bütün seçim mərhələlərini uğurla tamamlayan şəxslər tələb olunan sənədləri təqdim etdikdən sonra proqrama qəbul ediləcəklər.

 

Proqram barədə suallarınızı [email protected] emailinə yönəndirə bilərsiniz.

 

Təlim haqqı: 250 AZN 
Proqramın dili: Azərbaycan dili
Son müraciət tarixi: 29 avqust 2026-cı il
Elektron qeydiyyat forması: https://forms.cloud.microsoft/r/CnKPxiq2AY