28 iyul 2026 10:37
167

Milli varlığımızın qüdrətli simvolu

Hər bir millətin varlığını, kimliyini və gələcəyini təmin edən ən müqəddəs amillərdən biri onun ana dilidir. Dil, nəsillər boyu yığılmış mənəvi sərvətin, tarixi yaddaşın və mədəniyyətin canlı daşıyıcısıdır. Məhz bu səbəbdəndir ki, Azərbaycan xalqı üçün dil məsələsi heç vaxt sadəcə bir ünsiyyət vasitəsi olmamış, əksinə, müstəqillik və milli özünüdərk uğrunda aparılan mübarizənin əsas cəbhələrindən birinə çevrilmişdir. Bu mübarizənin ən parlaq qələbələri isə məhz Ulu Öndər Heydər Əliyevin parlaq siyasi iradəsi və xalqının dilinə olan sonsuz sevgisi sayəsində qazanılmışdır. Onun 2001-ci il 9 avqust tarixli Fərmanı ilə təsis edilən 1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü bu qələbələrin əbədiləşdirilməsi, keçmişin şərəfli səhifələrinə və gələcəyə olan inamımızın təntənəsidir. Bu gün biz təkcə keçmişə deyil, həm də bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət dil siyasətinin qarşımıza qoyduğu vəzifələrə, dilimizin qloballaşan dünyada saflığını və zənginliyini qorumaq missiyasına bir daha diqqət yetiririk.

Azərbaycan dilinin dövlət dili statusu uğrunda mübarizə onilliklər boyu davam etmiş, çətin və məşəqqətli bir yol olmuşdur. SSRİ dönəmində, xüsusilə 1970-ci illərin ortalarından etibarən, mərkəzi hakimiyyət orqanlarının milli respublikalarda apardığı siyasət ana dillərinin sıxışdırılması və rus dilinin üstünlüyünün vurğulanması istiqamətində idi. Bu, təkcə Azərbaycana deyil, bütün ittifaq respublikalarına şamil edilən mərkəzləşdirilmiş bir kurs idi. Belə bir şəraitdə ana dili məsələsini qaldırmaq, onun hüquqlarını müdafiə etmək ciddi siyasi risklər daşıyırdı. Tarixə nəzər salsaq, 1930-cu illərdə dil məsələsini cəsarətlə qabardan ziyalıların ağır repressiyalara məruz qaldığını, Sibirə sürgün edildiyini görürük. Hətta o dövrdə milli respublikaların rəhbərləri belə bu həssas məsələni gündəmə gətirməkdə aciz idilər. Çünki bu, birbaşa olaraq imperiyanın assimilasiya siyasətinə qarşı çıxmaq, onun dil ərazilərinə müdaxiləsinə etiraz etmək mənasını verirdi. Məhz bu ağır və təhlükəli mühitdə Heydər Əliyevin dilimizə dövlət statusu qazandırmaq uğrunda apardığı ardıcıl və qətiyyətli mübarizə onun nə qədər böyük siyasi xətrə, vətənpərvərlik və milli şüur sahibi olduğunu sübut edir. O, bütün süni məhdudiyyətlərə, təzyiqlərə rəğmən öz mövqeyini qorumağı bacarmış, ziyalıları, xalqı ana dilinin haqqı uğrunda birləşdirmişdir. SSRİ Konstitusiyasına istinad edərək vurğulayırdı ki, vətəndaşlara verilən təhsil hüququ ana dilində oxumaq imkanı ilə təmin olunmalıdır və bu, dövlətin öhdəliyidir.

Bu qətiyyətli siyasi xəttin ən böyük bəhrəsi 1978-ci ildə qazanıldı. Həmin il aprelin 21-də qəbul olunmuş Azərbaycan SSR Konstitusiyası tarixi bir sənəd kimi xalqın yaddaşına həkk olundu. Ulu Öndər Heydər Əliyevin həmin Konstitusiyanın layihəsinin müzakirəsi zamanı sərgilədiyi iradə və təşəbbüskarlıq nəticəsində 73-cü maddəyə “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” ifadəsi daxil edildi. Bu, görünən sadəliyinə baxmayaraq, o dövrün reallıqlarında misilsiz bir siyasi qələbə idi. Kremlin ciddi təzyiqlərinə baxmayaraq, Azərbaycan dilinə rəsmi statusun verilməsi təkcə hüquqi bir akt deyil, həm də xalqın milli ləyaqətinin bərpası, onun öz tarixinə, mədəniyyətinə və gələcəyinə olan inamının təsdiqi idi. Bu hadisə müstəqillik illərində də davam edəcək böyük bir dil quruculuğunun təməl daşı oldu. 1978-ci il Konstitusiyası xalq arasında “Heydər Əliyev Konstitusiyası” kimi tanındı və bu, Ulu Öndərin dilimizə olan əvəzsiz xidmətlərindən biri kimi tarixdə qaldı.

Müstəqillik illəri Azərbaycan dilinin inkişafı üçün yeni bir mərhələnin başlanğıcı oldu. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası bu sahədə ən mühüm qanunverici təşəbbüslərdən biri idi. Konstitusiyanın hazırlanması zamanı dövlət dilinin adlandırılması ilə bağlı müxtəlif təkliflər səslənsə də, böyük əksəriyyət ana dilimizin “Azərbaycan dili” adlandırılmasını dəstəklədi. Nəticədə, Konstitusiyanın 21-ci maddəsində “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir” müddəası öz əksini tapdı. Bu, Azərbaycan dilinin müstəqil dövlətin əsas atributlarından birinə çevrilməsi, onun ali hüquqi statusunun təsbit olunması demək idi.

Dövlət dilinin həyatın bütün sahələrində tam tətbiqi üçün növbəti mühüm addım Ulu Öndər Heydər Əliyevin 2001-ci il 18 iyun tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanı oldu. Bu Fərman dövlət dili siyasətinin hərtərəfli və sistemli şəkildə həyata keçirilməsi üçün hüquqi baza yaratdı. Həmin Fərmanın icrasını təmin etmək məqsədilə Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradıldı. Bu struktur dövlət dilinin tətbiqi sahəsində vahid siyasətin aparılması, nəzarət və koordinasiya funksiyalarını öz üzərinə götürdü. Elə həmin il, avqustun 9-da Ulu Öndər daha bir əlamətdar Fərman imzaladı. Bu Fərmanla hər il avqustun 1-i “Azərbaycan əlifbası və Azərbaycan dili günü” elan edildi. Bu, təkcə təntənəli bir tarix deyil, həm də hər bir vətəndaşa öz dilinə, tarixinə və mədəniyyətinə olan məsuliyyətini xatırladan, bu sahədə görülən işləri yekunlaşdıran və yeni hədəflər müəyyən edən bir ənənənin əsası oldu.

Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunun daha da möhkəmləndirilməsi istiqamətində 2002-ci il 30 sentyabr tarixində “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun qəbul edildi. Bu Qanun Konstitusiyanın müddəalarını təfərrüatlandıraraq, dövlət dilinin bütün dövlət orqanlarında, təhsil, elm, mədəniyyət, informasiya və digər sahələrdə işlədilməsi qaydalarını müəyyən etdi. Qanunda vurğulanırdı ki, Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri hesab edir. Bu, dilimizin təkcə bir ünsiyyət vasitəsi deyil, həm də dövlətçilik atributu, milli kimliyin və suverenliyin təməl daşı olduğunu bir daha bəyan edən tarixi sənəd idi.

Ulu Öndərin bu siyasi xətti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan dilinin saflığının qorunması, onun zənginliyinin artırılması və qloballaşma şəraitində mövqelərinin möhkəmləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Prezident İlham Əliyev 2004-cü ildə latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında Sərəncam imzalayaraq, 2004-2008-ci illərdə çap olunacaq əsərlərin siyahısını təsdiq etdi. Elə həmin il “Azərbaycan Milli Ensiklopediyası”nın nəşri haqqında Sərəncam da dilimizin elmi və mədəni səviyyəsinin yüksəldilməsinə xidmət etdi. 2007-ci ildə isə dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşri nəzərdə tutuldu. Bu tədbirlər Azərbaycan dilinin beynəlxalq mədəniyyət mübadiləsində rolunu artırdı və onu dünya intellektual məkanına inteqrasiya etdi.

Müasir dövrün çağırışlarına cavab olaraq, Prezident İlham Əliyev 2013-cü ildə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı təsdiq etdi. Bu Proqram dilimizin informasiya texnologiyaları, elm və təhsil sahələrində daha geniş tətbiqini, onun rəqəmsal mühitdə mövcudluğunu gücləndirməyi hədəfləyir. 2018-ci ildə imzalanan “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncam isə bu istiqamətdə atılan konkret addımlardan biri oldu. Elə həmin ilin noyabrında “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman imzalandı. Bu Fərmanın icrası çərçivəsində Nazirlər Kabinetinin müvafiq qərarı ilə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradıldı. 2019-cu ildə isə Nazirlər Kabinetinin 16 aprel tarixli 174 nömrəli Qərarı ilə “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edildi. Bu Normalar yazılı nitqin vahid və düzgün formalaşması üçün mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin 2025-ci il iyulun 31-də imzaladığı son Fərmanla isə Azərbaycan dilinin tətbiqinə, normativ hüquqi aktlara və dil normalarına əməl olunmasına nəzarət etmək, habelə dilin inkişafını təmin etmək səlahiyyəti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə verildi.

Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin Azərbaycan dili haqqındakı fikirləri bu mövzuya verdikləri əhəmiyyəti açıq şəkildə nümayiş etdirir. Heydər Əliyev dilimizi “zəngin, böyük söz ehtiyatına malik” bir dil kimi təsvir edir, onunla fəxr etməyin vacibliyini vurğulayırdı. O, “Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz” deyərək, dil ilə tarix arasındakı əlaqəyə diqqət çəkirdi. O, “Xalqı xalq edən, milləti millət edən onun ana dilidir” kimi kəlamları ilə dilin milli kimlik üçün əvəzedilməz rolunu bir daha təsdiq edirdi. Ulu Öndər “Millətin milliliyini ən birinci təsdiq edən onun dilidir” deyərək, dilin bütün digər mədəni dəyərlərdən üstün tutulmasının vacibliyini bildirirdi. O, “Biz fəxr edirik ki, müstəqil Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dili son bir əsrlik dövr ərzində böyük inkişaf yolu keçərək lüğət tərkibini zənginləşdirmiş, qrammatik quruluşunu cilalamış və dünya dilləri içərisində öz layiqli yerini tutmuşdur” deyərək, dilimizin inkişaf trayektoriyasına yüksək qiymət verirdi. O, həmişə gənclərə müraciət edərək “rus dilini yaxşı bilin, ingilis, fars, ərəb, fransız dillərini də yaxşı bilin. Amma bunların hamısından yaxşı öz Azərbaycan dilimizi öyrənin. Əgər bunu bilməsən, sən tam azərbaycanlı olmursan” deyərək, ana dilinə verilən önəmi xüsusi vurğulayırdı.

Prezident İlham Əliyev də öz çıxışlarında bu mövzuya daim toxunaraq, “Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur” deyərək dilin özünüifadə qüdrətini yüksək qiymətləndirir. O, “Azərbaycan dilinin, Azərbaycan mədəniyyətinin qorunub inkişaf etdirilməsi həm də müstəqilliyimizin, vahid dövlətçilik ənənələrimizin və milli birliyimizin ən başlıca simvollarını qorumaq kimi dəyərləndirilməlidir” deyərək, dil siyasətini milli təhlükəsizlik və dövlətçilik məsələsi kimi qələmə verir. O, “Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” deyərək, dilimizin beynəlxalq auditoriyasının genişliyini vurğulayır.

Nəticə olaraq, Azərbaycan dilinin keçdiyi bu şərəfli yol, onun dövlət dili statusu uğrunda aparılan mübarizə, qazanılan qələbələr və bu gün davam etdirilən siyasət xalqımızın öz kimliyinə, mədəniyyətinə və gələcəyinə olan inamının bariz nümunəsidir. Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi bu siyasət sayəsində Azərbaycan dili təkcə dövlət dili deyil, həm də dünya miqyasında tanınan, zənginliyi və ahəngdarlığı ilə fərqlənən bir dildir. 1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü bu böyük irsin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi üçün hər birimizə düşən məsuliyyəti bir daha xatırladır. Bu gün hər bir Azərbaycan vətəndaşının borcu öz ana dilini sevmək, onu ən incəliklərinə qədər bilmək, onun saflığını qorumaq və ondan layiqincə istifadə etməkdir. Çünki dil itirsə, millət də itər. Dil yaşasa, millət də əbədi yaşayar.

Cavid Məmiyev,

YAP Sumqayıt şəhər təşkilatının sədr müavini