24 iyul 2026 15:48
138

Azərbaycan–Almaniya münasibətlərində strateji tərəfdaşlığın yeni mərhələsi

Son illərdə beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər dövlətlər arasında əməkdaşlığın məzmununu əhəmiyyətli dərəcədə transformasiya etmişdir. Xüsusilə enerji təhlükəsizliyi, təchizat zəncirlərinin davamlılığı və regional nəqliyyat marşrutlarının şaxələndirilməsi Avropa dövlətlərinin xarici siyasət prioritetlərində mühüm yer tutmağa başlamışdır. Bu baxımdan Azərbaycan həm enerji istehsalçısı, həm də Avropa ilə Asiyanı birləşdirən mühüm tranzit mərkəzi kimi strateji əhəmiyyətini daha da artırmışdır. Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri zamanı strateji dialoqun başlanmasının elan edilməsi və ikitərəfli tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması münasibətlərin institusional əsaslarının möhkəmləndiyini göstərir.

Bu inkişaf eyni zamanda Azərbaycan–Avropa İttifaqı münasibətlərinin yeni mərhələyə keçməsi baxımından da əhəmiyyətlidir. Almaniyanın Avropa İttifaqının aparıcı siyasi və iqtisadi gücü olması nəzərə alındıqda, iki ölkə arasında strateji dialoqun qurulması Azərbaycanın Avropa ilə əməkdaşlığının genişlənməsinə əlavə impuls verir. Bununla yanaşı, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, biznes əlaqələrinin genişləndirilməsi və qarşılıqlı investisiya imkanlarının artırılması gələcək tərəfdaşlığın əsas istiqamətlərindən biri kimi çıxış edir.

Azərbaycan–Almaniya münasibətlərinin əsas sütunlarından biri enerji sahəsində əməkdaşlıqdır. Azərbaycanın təbii qazının Almaniyaya ixracına başlanılması Avropanın enerji mənbələrinin şaxələndirilməsi siyasətinə mühüm töhfə verməklə yanaşı, Azərbaycanın etibarlı enerji tərəfdaşı statusunu daha da möhkəmləndirmişdir. Hazırda Azərbaycanın qazının Avropa İttifaqına üzv on ölkəyə çatdırılması, neft ixracının davam etməsi və gələcəkdə yaşıl enerji resurslarının Avropa bazarına çıxarılması planları enerji əməkdaşlığını uzunmüddətli strateji xarakterə çevirir.

Müasir geosiyasi şəraitdə nəqliyyat və logistika məsələləri də dövlətlərarası münasibətlərdə xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın son illərdə nəqliyyat infrastrukturunun modernləşdirilməsinə yönəltdiyi investisiyalar ölkəni Avropa ilə Asiya arasında əsas tranzit mərkəzlərindən birinə çevirmişdir. Orta Dəhlizin inkişafı fonunda Almaniyanın logistika sahəsində malik olduğu qabaqcıl təcrübə ilə Azərbaycanın tranzit imkanlarının uzlaşdırılması qarşılıqlı iqtisadi maraqlara cavab verir. Bu məqsədlə yaradılması planlaşdırılan işçi qrupları imzalanmış sənədlərin praktiki icrasını təmin edəcək mühüm institusional mexanizm hesab edilə bilər.

Səfər çərçivəsində regional təhlükəsizlik və Cənubi Qafqazda sülh gündəliyi də xüsusi diqqət mərkəzində olmuşdur. Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması, sülh sazişinin paraflanması və regionda yeni əməkdaşlıq imkanlarının yaranması uzunmüddətli sabitlik üçün mühüm zəmin formalaşdırır. Azərbaycanın postmünaqişə dövründə regional əməkdaşlığa üstünlük verməsi, nəqliyyat-kommunikasiya əlaqələrinin genişləndirilməsi və iqtisadi inteqrasiyanı təşviq etməsi ölkənin xarici siyasət kursunun əsas istiqamətlərindən biri kimi çıxış edir. Almaniyanın bu proseslərə verdiyi siyasi dəstək isə Avropa dövlətlərinin Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasında maraqlı olduğunu nümayiş etdirir.

Bununla yanaşı, səfər zamanı imzalanmış "Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə" və Azərbaycan–Almaniya Biznes Şurasının yaradılmasına dair sənədlər münasibətlərin hüquqi və institusional bazasını daha da möhkəmləndirmişdir. Bu sənədlər gələcək dövrdə iqtisadi, investisiya, innovasiya, sənaye və yüksək texnologiyalar sahəsində əməkdaşlığın genişlənməsinə yeni imkanlar yaradır.

Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri Azərbaycan–Almaniya münasibətlərində keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur. Səfər nəticəsində əldə olunan razılaşmalar göstərir ki, iki ölkə arasında əməkdaşlıq artıq yalnız ikitərəfli münasibətlər çərçivəsi ilə məhdudlaşmır, Avropanın enerji təhlükəsizliyi, beynəlxalq logistika, regional sabitlik və geoiqtisadi inteqrasiya kimi strateji istiqamətləri də əhatə edir. Mövcud geosiyasi şəraitdə Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsi, Almaniya ilə strateji dialoqun institusional əsaslar üzərində qurulması və qarşılıqlı maraqlara söykənən əməkdaşlığın genişlənməsi hər iki dövlət üçün uzunmüddətli perspektivdə mühüm siyasi və iqtisadi nəticələr vəd edir.

Hicran Hüseynova,

Milli Məclisin komitə sədri, professor