22 iyul 2026 11:00
115

Azərbaycan Milli Mətbuatı 151 illik inkişaf yolunda

Milli mətbuat hər bir xalqın milli yaddaşını, ictimai düşüncəsini və dövlətçilik ənənələrini yaşadan ən mühüm təsisatlardan biridir. Azərbaycan mətbuatı da 151 ilə yaxın keçdiyi inkişaf yolu ərzində maarifçilik missiyasını qorumuş, müxtəlif tarixi sınaqlardan keçərək müasir informasiya məkanının ayrılmaz hissəsinə çevrilmişdir. Bu yol xalqımızın milli özünüdərkinin möhkəmlənməsinə, ana dilimizin, mədəniyyətimizin və dövlətçilik ideyalarının yaşadılmasına mühüm töhfə vermişdir.

Azərbaycan milli mətbuatının tarixi təkcə qəzet və jurnalların yaranma salnaməsi deyil. Bu tarix xalqımızın özünü tanıması, milli kimliyinin formalaşması, mədəniyyətinin inkişafı və azad düşüncə uğrunda mübarizəsinin güzgüsüdür. Bu şərəfli yol 22 iyul 1875-ci ildə böyük maarifpərvər, yazıçı və alim Həsən bəy Zərdabinin ana dilində nəşr etdirdiyi "Əkinçi" qəzeti ilə başladı. Çar Rusiyasının sərt senzurası şəraitində işıq üzü görən bu qəzet Azərbaycan xalqının intellektual oyanışında mühüm dönüş nöqtəsinə çevrildi.

Həsən bəy Zərdabi yaxşı anlayırdı ki, öz mətbuatı olmayan xalqın maariflənməsi və milli inkişafı çətinləşir. Buna görə də "Əkinçi" yalnız xəbər yayan qəzet deyildi. O, cəmiyyətdə elm və maarifi təbliğ edən, ana dilinin inkişafına xidmət göstərən, milli həmrəyliyi gücləndirən mühüm ictimai tribuna idi. Cəmi iki ildən bir qədər artıq fəaliyyət göstərməsinə və 56 nömrəsinin çap olunmasına baxmayaraq, "Əkinçi" Azərbaycan mətbuatının əsasını qoydu və sonrakı ziyalı nəslinin formalaşmasına güclü təsir göstərdi.

XIX əsrin sonu və XX əsrin əvvəllərində milli mətbuatın inkişafı yeni mərhələyə qədəm qoydu. "Əkinçi"nin açdığı yolu "Ziya", "Kəşkül", "Şərqi-Rus" kimi nəşrlər davam etdirdi, daha sonra isə Cəlil Məmmədquluzadənin rəhbərliyi ilə nəşr olunan "Molla Nəsrəddin" jurnalı ictimai fikrin formalaşmasında və maarifçilik ideyalarının yayılmasında mühüm rol oynadı. 1918–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli mətbuat tarixinin ən mühüm və ən azad mərhələlərindən biri yaşandı. Dövlətin rəsmi orqanı olan "Azərbaycan" qəzeti və digər nəşrlər dövlət quruculuğu, milli ideologiyanın formalaşdırılması və müstəqillik ideyalarının təbliği istiqamətində əhəmiyyətli fəaliyyət göstərdilər.

Sovet hakimiyyəti illərində mətbuat ciddi ideoloji nəzarət altında fəaliyyət göstərsə də, Azərbaycan jurnalistləri ana dilinin, milli-mənəvi dəyərlərin və milli özünüdərk düşüncəsinin qorunmasına mühüm töhfə verməyə çalışırdılar. Bu dövrdə mətbuat bir çox hallarda milli-mədəni irsin yaşadılmasında əhəmiyyətli rol oynadı.

Azərbaycan mətbuatının inkişafında keyfiyyətcə yeni mərhələ ölkəmizin dövlət müstəqilliyini bərpa etməsindən sonra başladı. Müstəqilliyin ilk illərində yaşanan siyasi, hərbi və iqtisadi çətinliklər media sahəsinə də ciddi təsir göstərmişdi. Milli mətbuatın sabit fəaliyyətinin bərpası və müasir media sisteminin formalaşdırılması ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi islahatlarla sıx bağlıdır. 1993-cü ildə hakimiyyətə qayıdan ulu öndər söz və məlumat azadlığını demokratik dövlət quruculuğunun mühüm prinsiplərindən biri kimi qiymətləndirdi. Onun rəhbərliyi ilə media fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirildi, 6 avqust 1998-ci ildə isə dövlət senzurası ləğv olundu. Bu qərar media mühitinin genişlənməsinə, yeni nəşrlərin yaranmasına və fikir plüralizminin inkişafına əlverişli şərait yaratdı.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, qəzetlərin nəşriyyat borclarının silinməsi və bir sıra vergi güzəştlərinin tətbiqi istiqamətində mühüm qərarlar qəbul edildi. Bu addımlar milli mətbuatın inkişafına göstərilən ardıcıl dövlət dəstəyinin mühüm göstəricilərindən biri oldu.

Bu siyasət Prezident Cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirilir. Onun rəhbərliyi ilə medianın texnoloji inkişafı, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi və media sahəsinin dayanıqlı fəaliyyətinin iqtisadi əsaslarının möhkəmləndirilməsi istiqamətində mühüm islahatlar həyata keçirilmişdir. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, daha sonra isə onun bazasında Medianın İnkişafı Agentliyinin (MEDİA) yaradılması dövlət-media münasibətlərinin yeni mərhələyə keçməsinə şərait yaratdı. Eyni zamanda, qəbul edilən "Media haqqında" Qanun çap, elektron və onlayn medianın fəaliyyətini müasir hüquqi çərçivədə tənzimləyən mühüm sənəd oldu.

Jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələr, media nümayəndələrinin dövlət təltifləri ilə mükafatlandırılması, peşə fəaliyyətinə göstərilən diqqət və qayğı dövlətin milli mətbuatın inkişafına verdiyi önəmin göstəricisidir. Xüsusilə 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrdə Prezident İlham Əliyevin aparıcı beynəlxalq media qurumlarına verdiyi çoxsaylı müsahibələr Azərbaycanın mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadı və milli jurnalistika üçün peşəkar informasiya fəaliyyəti baxımından əhəmiyyətli təcrübə yaratdı.

Bu gün 22 iyul Milli Mətbuat Günü "Əkinçi" qəzeti ilə başlanan maarifçilik ənənəsinin, Azərbaycan jurnalistikasının 151 illik inkişaf yolunun və milli media tariximizin mühüm simvolu kimi qeyd olunur. Zaman dəyişsə də, milli mətbuatın əsas missiyası dəyişməz qalır: cəmiyyətə doğru, operativ və obyektiv informasiya çatdırmaq, milli dəyərləri qorumaq, ictimai həmrəyliyin və dövlətçiliyin möhkəmlənməsinə xidmət etmək.

Gülşən Axundova,
Müstəqil Ekspert