22 iyul 2026 00:37
92

Çörəyimiz ermənilərin boğazında qaldı...

Ermənistan əhalisi Qazaxıstandan və Rusiyadan alınan taxılla dolanır. Son altı ildə Ermənistanın taxıl sahələri təxminən iki dəfə azalıb və ölkənin idxaldan asılılığı daha da artıb. Əvvəllər yalnız Rusiyadan taxıl alan Ermənistan iki ildir ki, Qazaxıstandan da taxıl almaq məcburiyyətində qalıb. Çünki ölkənin ərazisinin böyük hissəsi dağlıq-daşlıqdır, orada əkin-biçin işləri aparmaq mümkün deyil.

Rəsmi statistikaya görə, on il əvvəl, yəni Azərbaycan torpaqlarının işğalı illərində arpa və taxıl bitkiləri təxminən 100 min hektar sahədə əkildiyi halda, ötən il bu göstərici 48 min hektardan da aşağı düşüb.

Ermənistanda taxılçılıq dövlət tərəfindən zəmanətli satınalmaların və istehsalçılara sistemli dövlət dəstəyinin olmaması səbəbindən rentabelli hesab edilmir. Nəticədə sahə tədricən istehsal potensialını itirir, kənd təsərrüfatı texnikası isə köhnəlməkdə və sıradan çıxmaqda davam edir. Keçmiş SSRİ dövründə Ümumittifaq fondundan həmişə “müftə yeyən” və pul xərcləyən ermənilər indi öz zəruri ehtiyaclarını belə ödəyə bilmirlər.

Qeyd etdiyimiz kimi, əvvəllər də ölkənin taxılla özünütəminetmə səviyyəsi onsuz da yüksək olmayıb. Lakin son illərdə daha da aşağı düşüb. Hazırda daxili tələbatın təxminən 75 faizi idxal hesabına ödənilir.

İdxal olunan buğdanın təxminən yarıdan çox faizi Rusiya Federasiyasının payına düşür. Bununla belə, Ermənistan hakimiyyəti inadla həm çörək qıtlığını aradan qaldırmağa, həm də Rusiyadan asılılığı azaltmağa çalışır. Hakimiyyət, eyni zamanda, iki hədəfə çatmaq istəsə də hələlik bu, mümkünsüz görünür. Çünki hər ikisinin alternativi tapılmayıb. Bu günlərdə baş nazir Nikol Paşinyan taxıl istehsalının səmərəliliyinin artırılması ilə bağlı tapşırıq verib. Əslində bu da boş illüziyadan başqa bir şey deyil. Çünki torpaq çatışmayan ölkədə taxıl istehsalını necə artırmaq olar? Axı, harasa toxum səpilməlidir ki, istehsal da olsun. Yalançı tezislərlə qarnıac erməniləri yalnız müəyyən vaxtadək aldatmaq olar. Bunu daşnaklar, keşişlər və digər tör-töküntülər bildikləri üçündür ki, vaxtilə gözlərini Azərbaycanın, Türkiyənin, Gürcüstanın torpaqlarına dikmişdilər. Lakin cırtdan bir dövlətin özündən qat-qat artıq gücə malik olan ölkələrin ərazilərini işğal etməyə girişməsi baş tutan məsələ deyildi. Odur ki, ermənilərin keçən əsrin əvvəllərində hər üç ölkə ilə apardıqları hərbi əməliyyatların ikisindən məğlub durumda çıxdılar.

Ermənistan rəsmiləri və ekspertləri müxtəlif vaxtlarda etiraf ediblər ki, ölkənin taxıl tələbatının 60 faizdən çoxu Azərbaycanın işğal altında olmuş ərazilərində aparılan əkinçilik məhsulları hesabına ödənilirdi. Bundan başqa, Azərbaycanın işğal altında saxlanılan torpaqlarında geniş otlaq sahələrindən istifadə olunması Ermənistanın heyvandarlıq məhsulları və ət istehsalı üçün də mühüm mənbələrdən biri hesab edilirdi. Hələ daşınıb Ermənistana aparılan təbii sərvətlərimizi demirik. Azərbaycanın torpaqları 2020-ci ildə işğaldan azad edildikdən sonra Ermənistan bu imkanlardan məhrum oldu və ölkənin ərzaq təhlükəsizliyi ilə bağlı problemlər daha qabarıq şəkildə özünü göstərməyə başladı. Məşhur el məsəlimizdə deyildiyi kimi, çörəyimiz nankorların burnundan gəlib.

Öz təknəsinin ümidinə qalan Ermənistan maddi sıxıntılara məruz qalıb. Olan-qalan qürurunu da sındıraraq otuz il düşmənçilik etdiyi Azərbaycanın ərazisindən belə taxıl daşımalı olub. Artıq bir çoxları başa düşməyə başlayıblar ki, dar günlərində Azərbaycan onlara kömək əlini uzadır, ərazisindən Ermənistana buğda daşınmasına kömək etməklə bərabər, neft və benzin də verir. Bu isə onlara sərf edir, xaricdən aldıqları məhsulları Azərbaycan ərazisindən qısa yolla daşıyır, izafi pul  xərcləmirlər.  Artıq bir ilə yaxındır ki, Azərbaycan bir daha humanizm göstərərək sülh sazişinin imzalanmasını gözləmədən Ermənistana yanacaq tədarük etməklə orada yaranan böhranın nizamlanmasına kömək edir.   

Əsr yarım əvvəl də ermənilər aclıq çəkəndə azərbaycanlılar onlara çörək veriblər, acından ölməyə qoymayıblar. Bir tikə çörəklərini belə onlarla bölüşüblər. II Dünya müharibəsi illərində də ermənilər aclıqdan qurtulmaq üçün Azərbaycandan taxıl, arpa, qarğıdalı və un daşıyıblar. Bu barədə məlumatlar çoxdur. Lakin sonda nankor çıxdılar, özlərinin olmayana əl uzatdılar, minlərlə insanın ölümünə bais oldular.

Qarabağdan köçən erməni “Ha, Vallah biz ermənilər bir millət dəyilik” deyəndə haqlı imiş. “Pis pisliyindən əl çəkmirsə mən niyə yaxşılığımdan əl çəkim?”- belə bir müdrik deyimimiz var.  Biz indi də o acların nəvə-nəticələrini düşdükləri çətin vəziyyətdən xilas etmək üçün köməyimizi əsirgəmirik. Necə deyərlər, minnəti bizdən, xəcalət onlardan. Əgər utanmağın, xəcalətin nə olduğunu bilirlərsə...

Vəli İlyasov, “İki sahil”