22 İyul – Milli Mətbuat Günü Azərbaycan xalqının milli yaddaşında xüsusi yer tutan əlamətdar tarixlərdən biridir. Həmin gün təkcə milli mətbuatımızın yaranmasının ildönümü deyil, həm də xalqımızın maarifçilik ənənələrinin, milli düşüncəsinin və dövlətçilik ideyalarının inkişaf salnaməsinin mühüm bir səhifəsidir. 1875-ci il iyulun 22-də böyük maarifçi Həsən bəy Zərdabinin təsis etdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatı ötən 151 il ərzində mürəkkəb, lakin şərəfli inkişaf yolu keçərək müasir dövrdə ölkənin strateji informasiya resurslarından birinə çevrilmişdir.
Milli mətbuatın yaranması Azərbaycan cəmiyyətində yeni ictimai münasibətlərin formalaşdığı, elmə, təhsilə və milli oyanışa marağın artdığı bir dövrə təsadüf edirdi. Həsən bəy Zərdabi yaxşı anlayırdı ki, xalqın tərəqqisinin əsasında maarif dayanır. Buna görə də “Əkinçi” qəzeti yalnız xəbərlər yayan nəşr deyil, milli düşüncəni formalaşdıran, ana dilini qoruyan və cəmiyyətə yeni ideyalar aşılayan bir məktəb idi. Qəzetin yaratdığı ənənə sonrakı onilliklərdə Azərbaycan jurnalistikasının inkişaf istiqamətini müəyyənləşdirdi.
Milli mətbuatın sonrakı inkişaf mərhələləri Azərbaycan xalqının ictimai-siyasi həyatında baş verən mühüm dəyişikliklərlə sıx bağlı olmuşdur. Müxtəlif dövrlərdə fəaliyyət göstərən qəzet və jurnallar milli şüurun formalaşmasına, Azərbaycan dilinin inkişafına, azadlıq ideyalarının yayılmasına və milli-mənəvi dəyərlərin qorunmasına mühüm töhfələr vermişdir. Məhz bu zəngin irs müasir Azərbaycan mediasının möhkəm təməlini təşkil edir.
Müstəqillik illərində milli medianın inkişafı dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilmişdir. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində söz və mətbuat azadlığının təmin olunması istiqamətində fundamental addımlar atılmış, 1998-ci ilin avqustunda dövlət senzurasının ləğvi ilə medianın sərbəst fəaliyyəti üçün yeni imkanlar yaradılmışdır. Bununla yanaşı, hüquqi bazanın təkmilləşdirilməsi, media subyektlərinin fəaliyyətinin dəstəklənməsi və jurnalistlərin peşə fəaliyyətinin stimullaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir.
Prezident İlham Əliyev tərəfindən bu siyasət müasir dövrün tələblərinə uyğun yeni məzmunla zənginləşdirilmişdir. Son illərdə media sahəsində aparılan islahatlar dövlətin informasiya təhlükəsizliyini milli təhlükəsizliyin mühüm komponentlərindən biri kimi qiymətləndirdiyini nümayiş etdirir. Medianın İnkişafı Agentliyinin yaradılması, “Media haqqında” Qanunun qəbul olunması, media subyektləri üçün vergi güzəştlərinin tətbiqi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi və peşəkar fəaliyyətin stimullaşdırılması bu sahəyə göstərilən diqqətin bariz ifadəsidir.
Azərbaycan mediasının peşəkarlığı Vətən müharibəsi dövründə bütün dünyaya nümayiş etdirildi. İnformasiya cəbhəsində çalışan jurnalistlər operativ, dəqiq və faktlara əsaslanan məlumatlarla ölkəmizin haqq səsini beynəlxalq auditoriyaya çatdırdılar. Onlar yalnız hadisələri işıqlandırmadılar, həm də Azərbaycanın ədalətli mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadılar. Müharibədən sonrakı mərhələdə isə media işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərini, Böyük Qayıdış Proqramını və regionda yaranmış yeni reallıqları geniş şəkildə ictimaiyyətə təqdim edir.
Qlobal informasiya məkanında baş verən sürətli dəyişikliklər Azərbaycan mediası qarşısında da yeni vəzifələr müəyyənləşdirir. İnformasiya texnologiyalarının inkişafı, rəqəmsal platformaların geniş yayılması və süni intellektin media sahəsinə tətbiqi jurnalistikanın fəaliyyət prinsiplərini yenidən formalaşdırır. Bununla yanaşı, dezinformasiya, saxta xəbərlər və informasiya manipulyasiyaları ilə mübarizə müasir medianın əsas prioritetlərindən birinə çevrilib. Belə şəraitdə peşəkar, obyektiv və məsuliyyətli jurnalistika cəmiyyətin düzgün məlumatlandırılmasının əsas təminatıdır.
Azərbaycan mediası son illərdə beynəlxalq informasiya məkanında da öz mövqeyini xeyli gücləndirib. Xarici media qurumları ilə əməkdaşlığın genişlənməsi, beynəlxalq təşkilatlarla birgə layihələrin həyata keçirilməsi və Azərbaycanın təşəbbüsü ilə təşkil olunan qlobal media platformaları ölkəmizin informasiya diplomatiyasına mühüm töhfə verir. Xüsusilə Şuşada keçirilən Qlobal Media Forumları müxtəlif ölkələrin media nümayəndələri arasında dialoqun inkişafına, dezinformasiyaya qarşı birgə mübarizəyə və informasiya təhlükəsizliyi sahəsində əməkdaşlığın gücləndirilməsinə xidmət edir.
Milli mətbuatın 150 illik yubileyinin ölkə miqyasında qeyd edilməsi, bu münasibətlə xüsusi yubiley medalının təsis olunması və media nümayəndələrinin dövlət tərəfindən yüksək təltiflərə layiq görülməsi Azərbaycanda jurnalist əməyinə verilən yüksək dəyərin və media siyasətinin uğurla həyata keçirilməsinin göstəricisidir.
Bu gün Azərbaycan mediası qarşısında duran əsas məqsədlərdən biri rəqəmsal transformasiyanın imkanlarından səmərəli istifadə etməklə milli informasiya resurslarının rəqabət qabiliyyətini artırmaqdır. Süni intellekt texnologiyalarının tətbiqi, multimedia jurnalistikasının inkişafı, media savadlılığının yüksəldilməsi, gənc jurnalistlərin peşə hazırlığının gücləndirilməsi və informasiya təhlükəsizliyinin təmin olunması yaxın gələcək üçün əsas prioritetlər sırasındadır.
Milli mətbuatın inkişafı, eyni zamanda dövlətin inkişafının göstəricilərindən biridir. Güclü iqtisadiyyat, müasir texnologiyalar və demokratik idarəetmə prinsipləri ilə yanaşı, peşəkar və məsuliyyətli media cəmiyyətin davamlı inkişafının vacib sütunlarından hesab olunur. Azərbaycan mediası bu gün milli maraqları əsas tutaraq cəmiyyətin obyektiv məlumatlandırılması, dövlət-vətəndaş münasibətlərinin möhkəmləndirilməsi və ölkəmizin beynəlxalq nüfuzunun artırılması istiqamətində mühüm fəaliyyət göstərir.
“Əkinçi” ilə başlanan yol bu gün müasir informasiya texnologiyalarının yaratdığı geniş imkanlarla davam edir. Zəngin tarixi ənənələrə söykənən Azərbaycan milli mətbuatı öz inkişafında yeni mərhələyə qədəm qoyaraq həm milli maraqların etibarlı müdafiəçisi, həm də qlobal informasiya məkanında ölkəmizin etibarlı söz sahibi kimi fəaliyyətini uğurla davam etdirir. Heç şübhəsiz ki, peşəkarlıq, obyektivlik, milli məsuliyyət və vətənpərvərlik prinsiplərinə sadiq qalan Azərbaycan mediası gələcəkdə də ölkəmizin inkişafına, informasiya təhlükəsizliyinin möhkəmləndirilməsinə və həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına mühüm töhfələr verəcəkdir.
Nurlan Həsənov,
Milli Məclisin deputatı