21 iyul 2026 09:54
122

Qaregini adam yerinə qoymadılar

Bütün ermənilərin katolikosu II Qareginlə (əsl adı Ktrıç Nersesyan) bağlı Ermənistan tarixində görünməyən və təəccüb doğuran hadisə baş verib. İlk dəfə olaraq dini rəhbər yeni parlamentin ilk sessiyasının açılış mərasimində iştirak etməyəcək. Halbuki katolkos həmişə belə məqamda xeyir-dua vermək üçün hökmən dəvət edilərdi. Baş keşişlər hətta yeni seçilmiş dövlət başçılarına da xeyir-dua verər, onlara uğurlar arzulayardılar. Lakin bu dəfə dini ənənə pozuldu, onun xeyir-duasına ehtiyac olmadı. Əslində bu, II Qareginin şəxsiyyətinə hörmətsizliyin ən yuxarı səviyyəsi hesab olunur.

Ermənistan mediasına istinadən yayılan xəbərlərə görə, Erməni Apostol Kilsəsi bu dəfə parlamentin açılış sessiyasına dəvət olunmayıb. Məlumatda bildirilir ki, hakimiyyət II Qareginə ayrıca dəvət göndərməyi də planlaşdırmayıb. Buna səbəb isə onun mərasimdə iştirakının məcburi xarakter daşımaması göstərilir. Baş nazir Nikol Paşinyan hakimiyyəti kilsənin dövlətdən ayrılması və onun zərərsizləşdirilməsi xəttini yeridir. Ona görə də ilk növbədə katolikosun cəmiyyətdəki nüfuzunu tamamilə sındırmağa cəhd edir. O, buna xeyli dərəcədə nail ola bilib. II Qaregin əvvəllərdəki kimi hökumət tədbirlərinə çağırılmır, rəyi soruşulmur. Halbuki İrəvan xanlığı işğal ediləndən bu dövrə qədər bütün murdar əməllərin dirijoru keşişlər idilər. Onlar dövlət başçıları qədər hökmə malik idilər. Keşişlər Azərbaycandan və digər qonşu dövlətlərə qarşı ərazi iddiaları qaldırır, dini zəmində narazılıqlar yaradır, başqalarının torpaqlarını ermənilərin qədim vətəni kimi tanıtmağa cəhd edirdilər. Bir sözlə, dini təfriqələrin, işğalların, soyqırımların başında generallarla bərabər keşişlər də dururdular.

Nikol Paşinyanın II Qaregini mərasimə dəvət etməməsi qərarı ölkənin siyasi və ictimai gündəmində diqqət çəkən məsələlərdən biri kimi qiymətləndirilir. Əlbəttə, diqqətçəkən məsələdir. Xatırladaq ki, İrəvan şəhərinin işğal edilməsində davakar keşişlər və papazlar Rusiyanın Sərdarabad qalasının alınmasına komandanlıq edən generallarına xəbərgirlik və casusluq xidməti göstərmişlər. Ona görə də Rusiyanın Azərbaycan ərazisində qondardığı oyuncaq dövlətdə keşişlər xüsusi imtiyazlarla təmin olunmuşlar. Bu “işdə” daha çox fərqlənən-xəfiyyəlik edən din adamlarının bir qrupu Rusiya dövlətinin döyüş medalları ilə təltif edilmişlər.Saxta qurum başçıları onlara sədaqətli qul kimi xidmət göstərmiş və tapşırıqlarını sözsüz yerinə yetirmişlər. Hətta bundan da yuxarı səviyyədə, çar II Nikolay tərəfindən əzizlənmişlər.

1914-cü ildə erməni yepiskopu IV Gevorq Sankt-Peterburqa gedərək II Nikolayla görüşür. Yepiskop çardan xahiş edir ki, ermənilərə dövlət qurmaqda kömək etsin. Çar ona cavab verir ki, hökumətin də belə bir niyyəti var. Ermənilərə çatdır ki, səbir etsinlər, I Dünya müharibəsi qurtaran kimi arzunuza çatacaqsınız. Lakin Rusiya müharibədə məğlub oldu, çar həbs edilib 1918-ci ildə ən vəhşi üsullarla öldürüldü.  Ancaq IV Gevorqun və daşnakların arzularını hakimiyyəti zəbt edən bolşeviklər həyata keçirdilər. Ermənipərəst Sovet hökumətinin rəhbəri Vladimir Lenin çar Nikolaydan daha çox irəli getdi. Dini qadağan edən, din xadimlərini güllələdən saxtakar Lenin IV Gevorqun arzusunu gözündə qoymadı. Bolşeviklər İrəvan şəhərini zorla Azərbaycanın əlindən alaraq qondardıqları Ermənistana paytaxt etdilər.  Baxmayaraq ki, Azərbaycan xalqı öz ərazisində ikinci dövlətin yradılmasına qarşı çıxırdı. Bolşevik hakimiyyəti isə guya ədalətli cəmiyyət qururdu, yerli azərbaycanlıların ərazilərini zorla zəbt edib gəlmə ermənilərə dövlət qururdu.

Qayıdaq əsas mövzuya. Hazırda katolikos və ona tabe olan kinli keşişlər Ermənistanın Azərbaycanla münasibətlərinin normallaşdırmasında, sülh bağlanmasında hakimiyyətə və baş nazirə qarşı çıxırlar. Onlar revanşistlərlə əlbir olub yeni müharibələrdən danışırlar. Lakin II Qarabağ müharibəsindən ciddi nəticə çıxaran erməni cəmiyyəti qonşu xalqlarla düşmənçiliyə getmək istəmədiyini üsyankarcasına bildirir.

Beləliklə, İrəvanda sular durulur, yüz minlərlə insanı müharibəyə çəkən keşişlərin yırtıcı sifətləri geyindikləri maskaların altından bərəlir. Çünki sonlarının çatdığını, tarixin zibilliyinə atıldıqlarını hiss edirlər. Dinə möhkəm bağlı olan sadə ermənilər isə daha keşişlərin yanında görünmək istəmirlər.

Vəli İlyasov, “İki sahil”