Xalqımızın görkəmli ziyalısı Həsən bəy Zərdabi 22 iyul 1875-ci ildə nəşr etdirdiyi «Əkinçi» qəzeti ilə milli mətbuatımızın bünövrəsini qoymuş oldu. Xüsusilə maarifçilik missiyasını üzərinə götürmüş qəzet az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşmışdı.
1991-ci ilin 5 iyul tarixindən Azərbaycanın ilk milli qəzeti olan «Əkinçi» qəzetinin birinci nömrəsinin çapdan çıxdığı gün, yəni, 22 iyul Azərbaycanda jurnalistikası günü elan edilib. Müstəqilliyin əldə edilməsindən sonra Azərbaycanda KİV-lərin sayında önəmli irəliləyiş baş verib. Bu gün ölkədə minlərlə media subyekti var. Ölkədə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Artıq Azərbaycan mətbuatı həm kəmiyyət, həm də keyfiyyət baxımından region ölkələrinin mətbuatından daha irəlidədir.
Digər önəmli məsələ isə odur ki, Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev davamlı olaraq milli mətbuatın inkişafına diqqət yetirmişlər. Xüsusilə media işçiləri ilə təşkil olunan mütəmadi görüşlər, habelə bu istiqamədəki institusional təşəbbüslər mətbuatın davamlı inkişafına səbəb olmuşdur. Milli Mətbuatın inkişafına göstərilən dəstəyə görə Ulu Öndər Heydər Əliyev 2002-ci ildə, Prezident İlham Əliyev 2010, 2013, 2017 və 2018-ci illərdə «Ruh» Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən təsis olunmuş «Jurnalistlərin dostu» mükafatına layiq görülmüşlər.
Ölkəmizin başçsı «Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında» Sərəncamı isə jurnalistlərin fəaliyyətinə verilən daha bir dövlət dəstəyi idi. Xüsusilə mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə Prezidentin Ehtiyat Fondundan ayrılan vəsait hesabına çoxmərtəbəli yaşayış binaları inşa edilərək jurnalistlərin istifadəsinə verilib. Eyni zamanda, Mətbuat Şurası üçün yeni binanın ayrılması və onun müasir avadanlıqla təmin edilməsi, həmçinin MEDİA agentliyinin yaradılması ölkəmizdə azad mətbuatın inkişafına dövlət siyasətinin göstəricisidir.
İkinci Qarabağ müharibəsində və müharibədən sonrakı dövrdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında ölkə mətbuatının rolu çox mühüm əhəmiyyət kəsb etmişdir. Jurnalistlərimizin fədakarlıqları və operativlikləri sayəsində dünya ictimaiyyətinə müharibə ilə əlaqədar, o cümlədən rəsmi İrəvanın törədiyi hərbi cinayətlər haqqında dolğun məlumatların çatdırılması təmin edilmişdir. Eyni zamanda, xeyli jurnalist Vətən müharibəsinin iştirakçısı olmuş, müxtəlif dövlət mükafatları ilə təltif edilmişlər.
Respublikamızın Konstitusiyasında söz və mətbuat azadlığının təməl prinsip olaraq əksini tapması ölkədə medianın azad və güclü bir cəmiyyət institutu kimi formalaşmasına təkan verib. Sözsüz ki, bütün bu əldə olunan nəticələrin əsas səbəbkarları Azərbaycan jurnalistləridir. Hazırda media məkanında sürətli qloballaşma prosesi gedir, mətbuatın bütün sahələrdə funksionallığı sürətlə genişlənir.
Xatırladaq ki, 2025-ci il aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyev ölkənin ictimai-siyasi həyatında mühüm əhəmiyyət daşıyan yubileylə bağlı- «Azərbaycan Milli Mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında» Sərəncam imzalayıb. Sərəncama əsasən, milli mətbuatın Azərbaycanın ictimai-siyasi və mədəni həyatındakı yerini, maarifçiliyin inkişafındakı rolunu, müasir cəmiyyət quruculuğu və ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəldilməsi sahəsində töhfələrini nəzərə alaraq Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi ölkəmizdə geniş qeyd olunub, bir sıra jurnalistlər mükafatlandırılıblar.
Bəli, artıq Azərbaycan jurnalistləri milli mətbuatımızın 151 illiyini də uğurlarla qarşılayrlar. Bu əlamətdar peşə bayramı ərəfəsində bütün bütün jurnalistlərimizi ürəkdən təbrik edir, onlara yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri