17 iyul 2026 19:18
123

“Tatik-Babik” can çəkişməsində...

Ermənistan hakimiyyəti daşnak-keşiş yığnağının əl çəkmək istəmədikləri nağıllara daha qulaq asmaq  istəmir. Çünki iki yüz ildir çoxları o nağılların güdazına gedib. Nəhayət, anlayıblar ki, qonşu xalqlarla düşmənçilirə rəvac verən qorxulu nağıllar erməniləri  uçurumun bir addımlığına gətirib. II Qarabağ müharibəsində Azərbaycan Ordusunun ildırımsürətli darmadağını is onları əməlli-başlı “ağıllandırıb.” Baş nazir Nikol Paşinyan ilk Ermənistan rəhbəridir ki, babalarının qoyub getdikləri murdar mirasdan qətiyyətlə imtina edir, cəmiyyəti ondan təmizləməyə cəhd edir. Artıq bu istiqamətdə bir neçə addım da atılıb.

Ermənistanda bəzi mədəni kollektivlərə əsərlərinin adlarından "artsax" sözünün çıxarılması ilə bağlı daxili təlimatlar verilib. Xəbər verilir ki, “artsax” mədəniyyətinin qorunması mərkəzi” adlı qondarma separatçı qeyri-hökumət təşkilatı məlumatın etibarlılığını yoxlamaq üçün Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə rəsmi sorğu göndərib.

Rəsmi cavabda bildirilib ki, nazirlik və onun tabeliyindəki təşkilatlar əsərlərdən və ya tarixi və materiallardan "artsax" adının çıxarılması ilə bağlı heç bir yazılı və ya şifahi təlimat almayıblar. Həmin cavabda, həmçinin nazirliyə tabe olan müəssisələrdə “artsaxın simvolları”nın nümayiş etdirilməsinə qadağa qoyulmadığı qeyd olunub.

Lakin separatçı ünsürlərin QHT-si nazirliyin cavabına şübhə ilə yanaşaraq inanmayıb. Təşkilat iddia edir ki, İrəvandakı Anuşavan Ter-Gevondyan musiqi məktəbində baş verən son hadisə buna nümunədir. Belə ki, sərgi-müsabiqə zamanı məktəb direktoru vəzifəsini icra edən şəxs pavilyondan şagirdlərdən birinin əllə çəkdiyi, üzərində Xankəndidəki “Tatik-Babik"-“Baba və Nəvə" rəsmini çıxararaq bunu dövlət əleyhinə hərəkət adlandırıb.
Aydınlaşdırmaq üçün QHT cavabla kifayətlənməyərək İrəvan bələdiyyəsinə də məktub ünvanlayıb. Buna cavab olaraq bələdiyyə hadisə ilə bağlı öz qiymətləndirməsini təqdim etmədən musiqi məktəbi direktorunun yazılı izahatını təqdim edib.

Separatçı QHT Ermənistanın dövlət orqanlarının “artsax”ın mədəni irsinin qorunması” üçün müvafiq addımlar atmadığını qeyd edir və hakimiyyəti günahlandırır. Göründüyü kimi, Nikol Paşinyan hökuməti mifik “artsax” ideyasına aid qondarma simvolları tədricən yığışdırır. Baş nazir bundan əvvəl də çıxışlarında “Qarabağ hərəkatı”na imkan verməyəcəyini, onun qadağan olunmasını deyib. Çünki Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bunun de-yure reallaşdırması qalır. Bu ərəfədə qızışdırıcı əməllərə yol verilməsi hələ möhkəmlənməmiş sülhün pozulmasına  istiqamətlənir. Lakin alban və Azərbaycan abidələrini özününküləşdirməyə adət etmiş ermənilərin “dişlərində şirə qalıb”. Baş nazirin mövqeyi ilə heç cür razılaşmır və murdar əməllərindən əl çəkmirlər.

Qeyd edək ki, nifaq predmetinə çevrilmiş  abidə keçmiş Azərbaycan SSR DQMV-nin Əsgəran rayonunda, Xankəndi şəhəri yaxınlığında 1967-ci ildə ucaldılıb və adı “Baba və Nəvə” olub. Abidənin tikintişi üçün Xankəndiyə yaxın ərazidəki qiymətli akasiya meşəsi qırılıb. Abidənin heykəltəraşı erməni mənşəli memar Sərkis Bağdasaryan, memarı isə arxitektor Səfi Qarayevdir.

Son günlər sosial şəbəkələrdə ermənilərin "Tatik-Babik", yəni "Baba və Nəvə" adlandırdıqları "Biz və dağlar" abidəsinin sökülməsi barədə çoxsaylı çağırışlar edilir. Bəziləri "Baba və Nəvə"nin yerində Ermənistana gözdağı olaraq "Dəmir Yumruq" abidəsinin ucaldılmasını təklif etsələr də, çoxları bu abidənin sökülməsinə ehtiyac olmadığını, çünki onun Azərbaycana aid olduğunu bildirir. Ancaq Ermənistan hakimiyyəti heç bir iddia irəli sürmür, bunun Azərbaycanın daxili işi olduğunu bildirir. Əsl həqiqət də elə budur. Azərbaycanın ərazisində, öz pulu ilə və öz arxitektorunun rəhbərliyi ilə inşa edilib. Xəstə təxəyülləri ilə həmişə başqalarının mədəni irsinə də göz dikən əliəyri ermənilər isə “hazırına nazir” olmaq məqsədi ilə işğal illərində “Baba və Nəvə”nin adını dəyişərək xaricdən gələnlərə buranı qədim erməni abidəsi kimi sırıyıblar. Qaranlıqlar aydınlaşıb, yarasalar gözdən itib. Beləliklə, daşnaklar tərəfindən nifaq almasına çevrilmiş “Tatik-Babik” can çəkişməsindədir. Nəhayət, burada da Azərbaycan ədaləti öz yerini alacaqdır.

Vəli İlyasov, “İki sahil”