16 iyul 2026 12:46
172

Şuşadan dünyaya ünvanlanan mesajlar Azərbaycanın artan beynəlxalq nüfuzunun növbəti mühüm göstəricisidir

Prezident İlham Əliyevin iştirakı ilə keçirilən IV Şuşa Qlobal Media Forumu Azərbaycanın beynəlxalq informasiya siyasətində və ictimai diplomatiyasında mühüm hadisə kimi yadda qaldı. "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusuna həsr olunan forum təkcə media nümayəndələrinin peşəkar müzakirə platforması deyil, həm də Azərbaycanın regionda yaranmış yeni reallıqları beynəlxalq auditoriyaya çatdırdığı strateji tribunaya çevrildi. Forumda 53 ölkədən 160-a yaxın nümayəndənin, onlarla xəbər agentliyinin və beynəlxalq media təşkilatlarının iştirakı bu tədbirin artıq qlobal miqyas qazandığını nümayiş etdirdi.

Prezident İlham Əliyevin çıxışı və jurnalistlərin suallarını açıq formatda cavablandırması forumun əsas diqqət mərkəzində oldu. Dövlət başçısı vurğuladı ki, Şuşa Qlobal Media Forumunun əsas məqsədi müxtəlif ölkələrdən gələn media nümayəndələrinin Qarabağda həyata keçirilən bərpa və yenidənqurma işlərini öz gözləri ilə görməsi, regionda yaranmış yeni reallıqlarla yaxından tanış olması və həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmasıdır. Prezident qeyd etdi ki, ilk forumlarda qonaqlar dağıdılmış şəhərləri görürdülərsə, bu gün artıq yenidən qurulan yaşayış məntəqələrinin, qayıdan insanların və həyata keçirilən genişmiqyaslı layihələrin şahidi olurlar.

Forumun builki mövzusu müasir informasiya mühitinin ən aktual problemlərini əhatə edirdi. Dezinformasiya, saxta xəbərlər, süni intellektin informasiya məkanına təsiri və ictimai etimadın qorunması bu gün qlobal çağırışlar sırasında yer alır. Məhz buna görə Şuşadan verilən mesaj yalnız Azərbaycan üçün deyil, beynəlxalq media ictimaiyyəti üçün də xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin çıxışı göstərdi ki, informasiya təhlükəsizliyi artıq dövlətlərin milli təhlükəsizliyinin ayrılmaz hissəsinə çevrilib və məsuliyyətli jurnalistika sülhün möhkəmləndirilməsində mühüm rol oynayır.

Şuşadan verilən mesajlar təkcə Azərbaycanın mövqeyinin beynəlxalq auditoriyaya çatdırılması ilə məhdudlaşmır, eyni zamanda illərdir ölkəmiz haqqında qərəzli yanaşmalar sərgiləyən, faktları təhrif edən və həqiqəti əks etdirməyən məlumatlar yayan xəbər "istehsalçılarına",  bəzi informasiya mərkəzlərinə də tutarlı cavab xarakteri daşıyır. Xarici jurnalistlərin hadisələri yerində izləməsi, Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, "Böyük Qayıdış" proqramının real nəticələri, müasir şəhər və kəndlərin inşası, tarixi-mədəni irsin bərpası ilə birbaşa tanış olması dezinformasiya üzərində qurulmuş təbliğatın təsir imkanlarını əhəmiyyətli dərəcədə zəiflədir.
Məhz buna görə Şuşa Qlobal Media Forumu informasiya savaşında Azərbaycanın üstünlük qazandığı mühüm platformalardan biri kimi çıxış edir. Burada səsləndirilən faktlar, nümayiş etdirilən real mənzərə və Prezident İlham Əliyevin açıq dialoq formatında bütün suallara ətraflı cavab verməsi göstərir ki, Azərbaycan həqiqətləri gizlətməyə deyil, onları beynəlxalq ictimaiyyətə olduğu kimi təqdim etməyə üstünlük verir. Bu isə birtərəfli yanaşmalar, siyasi sifarişlər və saxta xəbərlər üzərində qurulan informasiya kampaniyalarının etibarlılığını sarsıdır, beynəlxalq ictimai rəydə daha obyektiv baxışın formalaşmasına xidmət edir.

Cənab Prezidentin  Forumda səsləndirdiyi fikirlərin ən mühüm cəhətlərindən biri də ondan ibarətdir ki, həqiqət artıq təkcə rəsmi bəyanatlarla deyil, yerində görülən faktlar, həyata keçirilən layihələr və bölgəyə səfər edən nüfuzlu media nümayəndələrinin müşahidələri ilə təsdiqlənir. Bu isə Azərbaycanın informasiya diplomatiyasını daha inandırıcı və təsirli edir, qərəzli xəbər istehsalçılarına isə ən güclü cavabın məhz reallığın özü olduğunu nümayiş etdirir.

Forumun siyasi əhəmiyyətini artıran əsas məqamlardan biri də Şuşanın özü oldu. Bir zamanlar işğal altında olan, mədəni irsi dağıdılan şəhərin bu gün beynəlxalq media forumuna ev sahibliyi etməsi Azərbaycanın əldə etdiyi tarixi qələbənin və sonrakı quruculuq siyasətinin simvolu kimi qiymətləndirilir. Şuşa artıq yalnız Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də beynəlxalq dialoq və informasiya diplomatiyasının yeni mərkəzi statusunu qazanır.
Prezident İlham Əliyevin çıxışında Azərbaycanın gələcək inkişaf prioritetləri də diqqət mərkəzində oldu. Dövlət başçısı Qarabağın bərpası, yeni nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılması, rəqəmsal transformasiya və süni intellekt sahəsində inkişafın ölkənin strateji hədəfləri sırasında olduğunu bildirdi. Bu yanaşma göstərir ki, Azərbaycan postmünaqişə mərhələsində yalnız dağıntıları aradan qaldırmaqla kifayətlənmir, həm də regionu innovasiya, rəqəmsallaşma və iqtisadi əməkdaşlıq məkanına çevirməyi qarşıya məqsəd qoyur.

 IV Şuşa Qlobal Media Forumu Azərbaycanın "yumşaq güc" siyasətinin mühüm elementidir. Müasir beynəlxalq münasibətlərdə informasiya diplomatiyası klassik diplomatiya qədər əhəmiyyət daşıyır. Xarici jurnalistlərin, analitiklərin və media rəhbərlərinin hadisələri yerində müşahidə etməsi ölkə haqqında obyektiv təsəvvürün formalaşmasına xidmət edir. Bu baxımdan Şuşa Forumu Azərbaycanın informasiya məkanında təşəbbüskar mövqeyini daha da gücləndirən platformaya çevrilir.

Nəticə etibarilə, IV Şuşa Qlobal Media Forumu göstərdi ki, Azərbaycan artıq beynəlxalq informasiya gündəliyinin formalaşmasına təsir göstərən ölkələr sırasındadır. Prezident İlham Əliyevin forumda səsləndirdiyi fikirlər təkcə ölkənin mövqeyini ifadə etmədi, həm də sülh, həqiqət, etimad və məsuliyyətli media prinsiplərinin qlobal əhəmiyyətini bir daha ön plana çıxardı. Şuşadan dünyaya ünvanlanan bu mesajlar Azərbaycanın artan beynəlxalq nüfuzunun, müstəqil siyasətinin və informasiya diplomatiyasının növbəti mühüm təzahürüdür.

Jalə Əliyeva,
Millət vəkili,
Milli Məclisin Ailə,qadın,uşaq məsələləri
komitəsinin sədr müavini