IV Şuşa Qlobal Media Forumu Azərbaycanın beynəlxalq nüfuzunun, informasiya diplomatiyasının və qlobal dialoq təşəbbüslərinin növbəti mühüm göstəricisidir.
Bu fikirləri Milli Məclisin deputatı Arzuxan Əlizadə “İki sahil” ə özəl açıqlamasında səsləndirib.

Deputat bildirib ki, dünyanın müxtəlif ölkələrindən media nümayəndələrinin, ekspertlərin və beynəlxalq təşkilatların təmsilçilərinin Şuşada bir araya gəlməsi Azərbaycanın artıq təkcə regionun deyil, beynəlxalq ictimaiyyətin də diqqət mərkəzində olan dövlətlərdən birinə çevrildiyini bir daha təsdiqləyir. Onun sözlərinə görə, Forumun məhz Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilməsi xüsusi siyasi və mənəvi əhəmiyyət daşıyır. Bu, həm Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün dünyaya nümayişi, həm də işğaldan azad edilmiş ərazilərdə həyatın tam bərpa olunduğunu göstərən mühüm mesajdır.
Arzuxan Əlizadə qeyd edib ki, Prezident İlham Əliyevin Forum çərçivəsində etdiyi çıxış regional və qlobal proseslərlə bağlı mühüm məqamları əhatə edib. Dövlət başçısı dezinformasiyanın və informasiya manipulyasiyalarının müasir dünyanın ən ciddi problemlərindən birinə çevrildiyini vurğulayaraq, medianın məsuliyyətinin daha da artdığını diqqətə çatdırıb. Deputatın sözlərinə görə, bu gün informasiya təhlükəsizliyi artıq milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsidir və həqiqətə əsaslanan jurnalistika beynəlxalq münasibətlərdə etimadın formalaşması baxımından mühüm rol oynayır. Prezidentin bu istiqamətdə verdiyi mesajlar yalnız Azərbaycan üçün deyil, bütövlükdə dünya mediası üçün aktual çağırış kimi dəyərləndirilməlidir.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyev çıxışında Azərbaycanın xarici siyasət kursu, postmünaqişə dövründə bölgədə davamlı sülhün təmin olunması istiqamətində atılan addımlar, nəqliyyat-kommunikasiya layihələri və regional əməkdaşlıq perspektivləri barədə də ətraflı məlumat verib. Dövlət başçısı bir daha bəyan edib ki, Azərbaycan Cənubi Qafqazda davamlı sülhün tərəfdarıdır və regionun inkişafını qarşıdurmada deyil, əməkdaşlıqda görür. Bu yanaşma ölkəmizin beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyinin növbəti dəfə nümayişi kimi qiymətləndirilməlidir.
A.Əlizadənin fikrincə, Forum çərçivəsində müxtəlif ölkələrin media nümayəndələrinin Azərbaycana, xüsusilə Qarabağa səfər etməsi də xüsusi əhəmiyyət kəsb edir. Onlar bölgədə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı, yaradılan müasir infrastruktur layihələri ilə yerində tanış olmaq imkanı qazanırlar. Bu isə illər ərzində ölkəmizə qarşı aparılan qərəzli təbliğatın iflasa uğramasına və Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə birbaşa çatdırılmasına mühüm töhfə verir.
Sonda deputat bildirib ki, IV Şuşa Qlobal Media Forumu Azərbaycanın beynəlxalq informasiya məkanındakı mövqeyini daha da möhkəmləndirən, Şuşanı qlobal fikir və media platformasına çevirən mühüm tədbirdir. Prezident İlham Əliyevin Forumda səsləndirdiyi fikirlər Azərbaycanın milli maraqlarını, regional sülh siyasətini və beynəlxalq əməkdaşlığa verdiyi önəmi bir daha nümayiş etdirir. Arzuxan Əlizadə əmin olduğunu bildirib ki, Forum ölkəmizin beynəlxalq imicinin daha da güclənməsinə və Azərbaycanın dünyaya çatdırdığı həqiqətlərin daha geniş auditoriyaya təqdim olunmasına mühüm töhfə verəcək.
Yaqut Ağaşahqızı, “İki sahil”