İyunun 22-də Naxçıvan iqtisadi rayonunda Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı regional müşavirə keçirilib.
“İki sahil” xəbər verir ki, tədbir Prezident İlham Əliyevin sədrliyi ilə 2026-cı il 25 may tarixində kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verilmiş tapşırıqların icrası və Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin regionlar üzrə əlaqələndirilmiş, çevik və səmərəli həyata keçirilməsinin təmin olunması məqsədilə təşkil edilib.
Müşavirədə aidiyyəti dövlət qurumlarının nümayəndələri, Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan fermer və sahibkarlar iştirak ediblər.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aqrar sahənin inkişafı istiqamətində həyata keçirilən ardıcıl islahatlar kənd təsərrüfatında istehsal və ixrac potensialının artmasına, ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə mühüm töhfə verib. Aqrar sektorda yeni inkişaf mərhələsinə keçidi təmin etmək məqsədilə qəbul edilən Dövlət Proqramı məhsuldarlığın, daxili istehsalın, ixrac imkanlarının və əlavə dəyərin artırılmasını, müasir aqrar xidmətlərin əlçatanlığının genişləndirilməsini, eləcə də balıqçılıq və akvakultura sahələrinin inkişafını nəzərdə tutur. Qeyd olunub ki, dövlət tərəfindən təqdim edilən çoxşaxəli dəstək tədbirləri və yeni Dövlət Proqramının yaratdığı imkanlar Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının və sahibkarlığın davamlı inkişafını təmin edəcək.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxışında aqrar sahənin mövcud vəziyyəti, son illərdə görülən işlər, qarşıda duran vəzifələr və prioritetlərə toxunub. Dövlət Proqramının əsas məqsəd və hədəfləri barədə məlumat verən nazir qeyd edib ki, bu sənəd kənd təsərrüfatında məhsuldarlığın artırılması, müasir suvarma sistemlərinin genişləndirilməsi, emal sənayesinin inkişafı, ixrac potensialının gücləndirilməsi və özəl investisiyaların təşviqinə xidmət edir. Nazir əlavə edib ki, diferensial subsidiya siyasəti, müasir suvarma texnologiyalarının tətbiqi və yeni bağçılıq layihələri regionda kənd təsərrüfatının daha sürətli inkişafı üçün əlverişli imkanlar yaradır.
Tədbirin davamında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov çıxış edərək, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın vizual təqdimatını keçirib. Diqqətə çatdırılıb ki, Dövlət Proqramında fundamental və dəstəkləyici tədbirlər əks olunur.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müavini İlham Bayramov su təsərrüfatı infrastrukturunun rəqəmsallaşdırılması, müasir suvarma texnologiyalarının tətbiqi və fermerlərin maarifləndirilməsi istiqamətində görülən işləri diqqətə çatdırıb. Bildirilib ki, son illər ölkə üzrə, o cümlədən Naxçıvan Muxtar Respublikasında suvarma infrastrukturunun yenilənməsi, yeni su mənbələrinin yaradılması və müasir suvarma sistemlərinin tətbiqi istiqamətində genişmiqyaslı layihələr həyata keçirilir ki, bu da minlərlə hektar əkin sahəsinin dayanıqlı su təminatının gücləndirilməsinə və yeni torpaq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsinə imkan verəcək.
Naxçıvanın kənd təsərrüfatı naziri Rafail Quliyev çıxışında bildirib ki, muxtar respublika məhdud torpaq və su resurslarına malik olmaqla yanaşı, özünəməxsus iqlim şəraiti, əlverişli coğrafi mövqeyi, zəngin kənd təsərrüfatı ənənələri və yüksək əmək potensialı ilə fərqlənir. Naxçıvanın dağlıq və aran ərazilərinin mövcudluğu burada müxtəlif kənd təsərrüfatı sahələrinin inkişafına imkan yaradır. Taxılçılıq, tərəvəzçilik, meyvəçilik, üzümçülük, yemçilik, heyvandarlıq və digər istiqamətlər üzrə mövcud potensialın daha səmərəli istifadəsi Dövlət Proqramının əsas hədəfləri ilə üst-üstə düşür.
Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov qeyd edib ki, rayon kənd təsərrüfatı məhsullarının istehsalında Naxçıvan Muxtar Respublikasının aparıcı bölgələrindən biri olmaqla bitkiçilik, heyvandarlıq və emal sahələrində mühüm göstəricilərə malikdir. Vurğulanıb ki, rayonda mövcud istehsal ənənələri və əlverişli torpaq-iqlim şəraiti aqrar sahənin daha da genişləndirilməsi üçün mühüm imkanlar yaradır.
Müzakirələrdə iştirak edən fermerlər və sahibkarlar kənd təsərrüfatının inkişafına göstərilən davamlı dövlət dəstəyini yüksək qiymətləndirərək, bu sahəyə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Bildirilib ki, Dövlət Proqramında nəzərdə tutulan tədbirlər aqrar istehsalın genişləndirilməsi, emal sənayesinin inkişafı, investisiya imkanlarının artırılması və yeni biznes təşəbbüslərinin təşviqi baxımından mühüm əhəmiyyət kəsb edir.
Müşavirənin yekununda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov diqqətə çatdırıb ki, Dövlət Proqramında müəyyən edilmiş hədəflərə nail olunması məqsədilə aidiyyəti dövlət qurumları, yerli icra hakimiyyəti orqanları və digər məsul tərəflər tərəfindən zəruri tədbirlər həyata keçirilməlidir. Bildirilib ki, rayonların aqrar potensialı, torpaq və su resursları nəzərə alınmaqla fəaliyyət planları hazırlanmalı, dövlət dəstəyi mexanizmlərinin və investisiya imkanlarının təbliği gücləndirilməlidir. Həmçinin, aidiyyəti qurumlara Dövlət Proqramının icrası üzrə fəaliyyətin əlaqələndirilməsi, nəzərdə tutulan tədbirlərin icra vəziyyətinin mütəmadi monitorinqi və yaranan problemlərin operativ həlli istiqamətində tapşırıqlar verilib.