22 iyun 2026 18:53
6

QHT-lər üçün DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə infotur təşkil edilib

Qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə infotur təşkil edilib. “İki sahil” xəbər verir ki, qonaqlar Mərkəzdə hazırlanmış əl işləri və yaradıcılıq studiyalarındakı təlim prosesi ilə tanış olublar.

Mərkəzin direktor müavini Mətanət Məmmədova infotur iştirakçılarına Mərkəzlə yanaşı, İsmayıllı DOST Evi filialı, eləcə də Qarabağ DOST Evi şöbəsinin fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, 22 oktyabr 2021-ci il tarixində Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə açılışı olan müəssisədə 5 həssas kateqoriyadan olan şəxslərə 14 fəaliyyət istiqaməti üzrə təlimlər keçirilir. Ötən dövrdə Mərkəz və filiallarında 1031 nəfərin müxtəlif xidmət istiqamətləri üzrə təlimlərə cəlb olunduğu diqqətə çatdırılıb. Hazırda Mərkəzdə 186, İsmayıllı DOST Evi filialında 44, Qarabağ DOST Evi şöbəsində isə 98 nəfər olmaqla, ümumilikdə 328 vətəndaş xidmətlərdən yararlanır. Təlim prosesi ilə yanaşı, Mərkəzdə xidmət alan şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi və onlara sosial-psixoloji dəstək istiqamətində davamlı işlərin aparıldığı qeyd olunub.

Qonaqlara Mərkəzin istedadlı musiqiçilərinin ifasında musiqi nömrələri təqdim edilib. İnfotur iştirakçıları kulinariya istiqaməti üzrə təlim alan benefisiarların hazırladıqları şirniyyatların dadına baxıblar.  İnfotur çərçivəsində iştirakçıların sualları cavablandırılıb, rəy və təklifləri dinlənilib. İnfoturun təşkilində məqsəd vətəndaş cəmiyyəti təmsilçilərini Mərkəzdə həssas qruplardan olan şəxslərin yaradıcı potensialının inkişaf etdirilməsi, cəmiyyətə inteqrasiyası məqsədilə həyata keçirilən tədbirlər və inklüziv yaradıcılıq mühiti ilə yaxından tanış etmək, bu sahədə şəffaflığın təmin olunmasıdır.