22 iyun 2026 18:42
131

Dilçilik İnstitutunda ilin ilk altı ayı üzrə hesabat dinlənilib

Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun Elmi şurasının 2026-cı ilin ilk altı ayı üzrə fəaliyyətinin yekunlarına dair hesabat dinlənilib.

“İki sahil” xəbər verir ki, b  barədə institutdan məlumat verilib. İclası açan Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli elmi müəssisədə tədqiqat işlərinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”na müvafiq olaraq yerinə yetirildiyini və başa çatdırıldığını diqqətə çatdırıb. Direktor əldə edilən nəticələrin ölkədə dilçiliyin inkişafına mühüm töhfə verdiyini diqqətə çatdırıb.

İnstitutun elmi katibi filologiya elmləri doktoru Aynel Məşədiyeva 2026-cı ilin 6 ayı ərzində görülən işlər barədə geniş hesabatla çıxış edib. Aynel Məşədiyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibəsində səslənən Azərbaycan dilinin saflığının qorunması barədə bəyan etdiyi fikirlərə dair institut əməkdaşlarının mətbuatda çıxışlarını diqqətə çatdırıb. Qeyd edilib ki, Prezident İlham Əliyevin bu sahəyə münasibəti həyata keçirilən dövlət siyasətinin mahiyyətini aydın şəkildə göstərir. Azərbaycan dilinin saflığının qorunması, mediada Azərbaycan dili ilə bağlı alimlərimizin çıxışları, praktik tədbirlərin görülməsi Dilçilik İnstitutunun əsas istiqamətidir.

O bildirib ki, hesabat dövründə institutun 13 şöbəsində və 1 laboratoriyasında 1 istiqamət üzrə, 15 problem, 18 mövzu, 112 iş yerinə yetirilməkdədir. Bu müddətdə Dilçilik İnstitutunun əməkdaşlarının 5 kitabı, 139 (76-sı xaricdə dərc olunmaqla (Türkiyə, Rusiya, Çexiya, Polşa, Ukrayna, Slovakiya, Özbəkistan, Qazaxıstan, Qırğızıstan) məqaləsi çap olunub.

Nadir Məmmədlinin “1926-cı il I Türkoloji Qurultay: tarixi zəmində, arxiv sənədlərində, milli mətbuatda”, professor Sayalı Sadıqovanın “Birinci Türkoloji Qurultay və ümumtürk termin yaradıcılığı prosesi” və dosent Xədicə Heydərovanın “Nəsiminin anadilli əsərlərinin izahlı-ensiklopedik lüğəti”( II cild) kitabları il ərzində ən mühüm elmi nəticələr kimi qiymətləndirilib. İclasda, həmçinin institutda keçirilmiş sessiyalar, seminarlar, yubileylər, beynəlxalq görüşlər və yeni nəşrlər haqqında məlumatlar diqqətə çatdırılıb.

Tədbirdə çıxış edən AMEA Rəyasət Heyətinin Sənədlərlə iş və protokol şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Əsmər Bəşirova Dilçilik İnstitutunun yarımillik hesabatını yüksək qiymətləndirib. Əsmər Bəşirova alimləri maraqlandıran sualları cavablandırıb.