Ekspert: Söhbət eyni paltardan deyil, peşəkar və səliqəli geyim standartlarından gedir
Azərbaycanın təhsil sistemində aparılan islahatlar təkcə tədris proqramlarının yenilənməsi və ya infrastrukturun müasirləşdirilməsi ilə məhdudlaşmır. Son illər təhsil müəssisələrində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, məktəb mühitinin daha sağlam əsaslar üzərində qurulması və peşəkar fəaliyyət standartlarının gücləndirilməsi istiqamətində də ardıcıl addımlar atılır. Bu baxımdan dövlət ümumi təhsil müəssisələrində geyim tələblərinin hüquqi müstəvidə daha dəqiq tənzimlənməsini nəzərdə tutan yeni qanunvericilik təşəbbüsü diqqətçəkən məsələlərdən biridir.
Milli Məclisin Elm və təhsil komitəsində müzakirə olunan "Ümumi təhsil haqqında" Qanuna təklif edilən dəyişikliklərə əsasən, təhsilalanlarla bağlı mövcud geyim qaydalarının hüquqi əsaslarının daha da dəqiqləşdirilməsi və onların bütün dövlət ümumi təhsil müəssisələrində vahid yanaşma əsasında tətbiqinin təmin edilməsi nəzərdə tutulur. Eyni zamanda, sənəddə təhsilverənlər üçün də geyimlə bağlı tələblərin müəyyən olunması təklif edilir. Qanunun 12.13-cü maddəsinə əlavə edilməsi nəzərdə tutulan yeni müddəaya əsasən, dövlət ümumi təhsil müəssisələrində təhsilverənlər üçün geyimlə bağlı tələblər müəyyən ediləcək və bu qaydalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiqlənəcək.
Məsələ ilə bağlı bəzi müzakirələr zamanı "müəllimlər üçün vahid geyim forması tətbiq olunur" kimi fikirlər səsləndirilsə də, qanun layihəsinin məzmunu bunu nəzərdə tutmur. Söhbət bütün müəllimlərin eyni model kostyum və ya eyni formada geyinməsindən deyil, peşəyə uyğun, səliqəli və tədris mühitinin tələblərinə cavab verən geyim standartlarının müəyyən edilməsindən gedir. Məqsəd məktəblərdə peşəkar iş mühitini və təşkilati mədəniyyəti gücləndirmək, müəllim nüfuzunu artırmaq, sosial bərabərliyi dəstəkləmək və tədris prosesinə mənfi təsir göstərə biləcək halların qarşısını almaqdır.
Mütəxəssislərin fikrincə, müasir dövrdə məktəb yalnız bilik verilən məkan deyil, eyni zamanda davranış, məsuliyyət, təşkilatçılıq və ictimai münasibətlər mədəniyyətinin formalaşdığı mühüm sosial institutdur. Bu səbəbdən məktəblərdə mövcud olan qaydaların aydın, hamı üçün eyni və hüquqi cəhətdən əsaslandırılmış olması xüsusi əhəmiyyət daşıyır. Geyimlə bağlı tələblərin qanunvericilik səviyyəsində tənzimlənməsi təhsil müəssisələrində peşəkar iş mühitinin daha da möhkəmləndirilməsi, təşkilati mədəniyyətin inkişaf etdirilməsi və ümumi nizamın gücləndirilməsi baxımından vacib addım hesab olunur.
Bəs təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsasın yaradılması məktəb mühitinə nə kimi yeniliklər gətirə bilər? Bu yenilik müəllim nüfuzunun möhkəmlənməsinə, peşəkar davranış standartlarının formalaşmasına və təhsil müəssisələrində ümumi işgüzar atmosferin güclənməsinə necə təsir göstərəcək?

Geyim qaydası fərqləri deyil, ortaq dəyərləri önə çıxarır
Təhsil eksperti Ramin Nurəliyev mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsasın yaradılması olduqca müsbət və zəruri addımdır: “Burada bir məqamı xüsusilə qeyd etmək lazımdır ki, söhbət müəllimlər üçün vahid geyim formasının tətbiqindən getmir. Qanun layihəsində təhsilverənlər üçün geyimlə bağlı tələblərin müəyyən edilməsindən bəhs olunur. Yəni, müəllimlərin eyni model kostyum və ya eyni tip geyimdən istifadə etməsi deyil, onların səliqəli, peşəkar və tədris mühitinə uyğun geyim standartlarına əməl etməsi nəzərdə tutulur.
Təhsil sistemi inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər saldıqda da görürük ki, onların təhsil müəssisələrində müəyyən edilmiş geyim standartları məktəbdə nizam-intizamın güclənməsinə, ümumi işgüzar mühitin formalaşmasına və peşəkar davranış mədəniyyətinin inkişafına xidmət edir.
Sosial bərabərlik məsələsi burada xüsusi əhəmiyyət daşıyır. Müəllimlərin və ya şagirdlərin geyimləri vasitəsilə maddi imkan fərqlərinin nümayiş etdirilməsi müəyyən hallarda sosial fərqlərin daha qabarıq hiss olunmasına səbəb ola bilər. Müəyyən edilmiş geyim tələbləri isə bu fərqlərin minimuma endirilməsinə, daha sağlam və bərabər mühitin formalaşmasına kömək edir. Eyni zamanda, diqqəti yayındıra biləcək qeyri-adi və ya tədris mühitinə uyğun olmayan geyimlərin qarşısının alınması da dərs prosesinin daha səmərəli təşkilinə xidmət edir.
Müəllimlərin peşəyə uyğun geyim standartlarına əməl etmələri məktəbdə vahid korporativ mədəniyyətin formalaşmasına kömək edəcək. Bu, həm təhsilverənlərin peşəkar imicini gücləndirəcək, həm də şagirdlər üçün müsbət nümunə olacaq”.
Peşəkarlığın görünən tərəfi də önəm daşıyır
R. Nurəliyev qeyd etdi ki, bu dəyişiklik məktəblərdə ümumi estetik görünüşün yaxşılaşmasına, nizam-intizamın möhkəmlənməsinə və təhsil prosesinin daha səmərəli təşkilinə müsbət təsir göstərəcək: “Məktəbdə formalaşan işgüzar mühit tədrisin keyfiyyətinə də müsbət təsir göstərir. Müəllimin peşəkarlığı ilk növbədə onun biliyi və fəaliyyətində özünü göstərsə də, peşəkar imicin görünən tərəfi də əhəmiyyətlidir. Geyimlə bağlı müəyyən ediləcək tələblər müəllim nüfuzunun daha da möhkəmlənməsinə, şagirdlərdə qaydalara hörmət hissinin formalaşmasına və məktəb mühitində məsuliyyət anlayışının güclənməsinə töhfə verəcək. Bütün bunları nəzərə alaraq, sözügedən təşəbbüsü Azərbaycanın təhsil sistemi üçün faydalı və perspektivli addım kimi qiymətləndirmək olar”.
Nigar Orucova, "İki sahil"
Süni intellekt Almaniyaya işçi qüvvəsi çatışmazlığını kompensasiya etməyə kömək edəcək
Dünya Çempionatında qrup mərhələsinin oyunlarını 4,6 milyondan çox azarkeş izləyib