29 iyun 2026 12:28
113

Pezeşkian İrana məxsus 6 milyard dollarlıq aktivin blokunun qaldırıldığını elan etdi

İran Prezidenti Məsud Pezeşkian Qətərdə dondurulmuş 6 milyard dollar dəyərindəki İran vəsaitinin sərbəst buraxılacağını və ölkəyə köçürüləcəyini bəyan edib.

“İki sahil” xəbər verir ki, bu barədə məlumatı dövlət başçısının mətbuat xidməti yayıb.

Prezident Pezeşkianın sözlərinə görə, bu addım əldə olunmuş beynəlxalq razılaşmalar çərçivəsində atılıb:

"Eldə edilmiş razılaşmalara uyğun olaraq, hazırda Qətərdə saxlanılan 12 milyard dollarlıq İran vəsaitindən 6 milyard dollarının bloku tamamilə qaldırılacaq və ölkəyə geri qaytarılacaq."

Bu bəyanatdan bir qədər əvvəl İran Mərkəzi Bankının rəhbəri Əbdülnasir Hümməti də məsələ ilə bağlı mühüm açıqlama vermişdi. O bildirmişdi ki, Tehran ilə Vaşinqton arasında imzalanmış qarşılıqlı anlaşma memorandumu çərçivəsində, prosesin elə ilk mərhələsində ümumilikdə 12 milyard dollar həcmində İran aktivinin blokdan çıxarılması nəzərdə tutulub. Hazırda elan edilən 6 milyard dollar, həmin böyük maliyyə paketinin ilk hissəsidir.