29 iyun 2026 12:32
105

"Le Monde": Burkina-Faso Fransaya səfirliyini bağlamaq üçün bir həftə vaxt verdi

Fransa ilə diplomatik əlaqələri tamamilə qıran Qərbi Afrika ölkəsi Burkina-Faso rəhbərliyi, Parisə Paytaxt Uaqaduqudakı səfirliyini bağlamaq üçün iyunun 26-dan etibarən yeddi gün vaxt tanıyıb.

“İki sahil” xəbər verir ki, bu barədə Fransanın nüfuzlu "Le Monde" qəzeti öz mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, Fransanın Burkina-Fasodakı səfiri hələ 2023-cü ilin yanvarında bu ölkəni tərk edib və o vaxtdan bəri onun vəzifələrini müvəqqəti işlər vəkili icra edirdi. Səfirlikdə müvəqqəti işlər vəkili ilə yanaşı, diplomatlar, inzibati heyət və təhlükəsizlik əməkdaşları da daxil olmaqla təxminən 20 nəfər çalışırdı. Qəzet qeyd edir ki, onlar bütün bu müddət ərzində ölkədə yalnız "minimum xidmətlər" göstərməyə davam edirdilər.

Nəşrin mənbələri iddia edir ki, Burkina-Fasonun Fransa ilə diplomatik əlaqələri kəsmək qərarı birbaşa Avropa Parlamentinin qəbul etdiyi qətnamə ilə bağlıdır. Söhbət Aİ qanunverici orqanının iyunun 18-də qəbul etdiyi və Burkina-Fasoda "vətəndaş cəmiyyəti məkanının və fundamental azadlıqların sıxışdırılmasını" pisləyən sənəddən gedir.

Mətndəki tənqidlərin müəllifi olan fransalı deputat və istefada olan general Kristof Qomar Avropa Parlamentindəki çıxışı zamanı Burkina-Faso xuntasının "dramatik uğursuzluğa" düçar olduğunu bəyan etmişdi. Bu səsvermədən sonra, iyunun 22-də Burkina-Faso XİN-ə AB-nin Uaqaduqudakı nümayəndəsi çağırılıb və Afrika ölkəsinin rəhbərliyi qətnamənin qəbuluna görə kəskin etirazını bildirib.

İyunun 27-nə keçən gecə Burkina-Faso hökuməti Fransa ilə diplomatik münasibətləri rəsmən sonlandırdığını elan edib və Parisi Afrika dövlətinin maraqlarına qarşı yönəlmiş fəaliyyətlərdə ittiham edib. Uaqaduqu rəhbərliyi öz rəsmi bəyanatında Parisi neokolonializmdə, regionda terror şəbəkələrinə dəstək verməkdə, həmçinin ölkədə baş verən hadisələri qərəzli və təhrif olunmuş şəkildə işıqlandırmaqda günahlandırıb. Bu fonda vurğulanıb ki, qarşılıqlı hörmətə, etimada, daxili işlərə qarışmamağa və milli suverenliyə əsaslanan münasibətlərin inkişafı üçün zəruri şərtlər artıq mövcud deyil.