Keçmiş daxili işlər nazirinin müavini, polkovnik Natiq Məmmədağa oğlu Talıbov vəfat edib
Polkovnik Natiq Məmmədağa oğlu Talıbov 20 yanvar 1942-ci ildə Bakı şəhərində anadan olub. 1956-cı ildən həqiqi hərbi xidmətini Bakı şəhərində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 6500 saylı Mühafizə Alayında başlayıb. Starşina rütbəsi ilə müxtəlif vəzifələrdə xidmətini davam etdirib. Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirib.
Polkovnik Natiq Talıbov uzun illər daxili işlər orqanlarında şərəfli xidmət yolu keçib. Gənc yaşlarından rəhbər vəzifələrdə çalışaraq sıravi vəzifələrdən Azərbaycan Respublikası daxili işlər nazirinin müavini vəzifəsinədək yüksəlib.
Keçmiş SSRİ Daxili İşlər Nazirliyinin rəhbər əməkdaşları ilə şəxsi münasibət və əlaqələrindən istifadə edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin maddi-texniki bazasının, xüsusi rabitə vasitələrinin, avtomobil texnikasının, silah-sursat və əşya təminatının yüksək səviyyədə formalaşdırılmasına mühüm töhfələr verib.
1990–1991-ci illərdə Azərbaycanın əfsanəvi Daxili İşlər Naziri, general-mayor Məhəmməd Əsədovun müavini kimi daimi olaraq döyüş bölgələrində, sərhədyanı rayon və kəndlərdə xidmət aparıb, bir sıra xüsusi əməliyyatlara bilavasitə rəhbərlik edib.
1990-cı ildə Xocalı aeroportunun düşmən qüvvələrindən təmizlənməsi əməliyyatının təşkilində iştirak edib. 1991-ci ilin aprel–may aylarında keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində pasport-rejim qaydalarının yoxlanılması məqsədilə həyata keçirilən "Halqa" əməliyyatına rəhbərlik edib. Əməliyyat nəticəsində Göygöl rayonunun (keçmiş Xanlar rayonu) Çaykənd, Azad, Kamo və Qarabulaq kəndləri, eləcə də Goranboy rayonunun Mənəşli, Buzluq, Erkəc və Gülüstan kəndləri qanunsuz silahlı dəstələrdən təmizlənib.
O, həmçinin Şuşa, Laçın, Qubadlı, Cəbrayıl, Ağdam, Zəngilan və Kəlbəcər rayonlarının daxili işlər orqanlarının maddi-texniki təminatına xüsusi diqqət yetirib. Qazax, Ağstafa, Gədəbəy və Tovuz rayonlarının sərhədyanı kəndlərini dəfələrlə ziyarət edərək əhalinin qayğı və problemləri ilə maraqlanıb, onların həlli istiqamətində əməli tədbirlər görülməsinə çalışıb.
Polkovnik Natiq Talıbov 1993–2006-cı illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəis müavini vəzifəsində xidmət edib.
O, bütün ömrünü dövlətə və dövlətçiliyə sədaqətlə xidmətə həsr edib. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu dəstəkləyən, peşəkarlığı, prinsipiallığı, insanlara mehriban və qayğıkeş münasibəti ilə seçilən zabit kimi həmkarlarının və tabeçiliyində çalışan əməkdaşların dərin hörmətini qazanıb. Gənc əməkdaşların peşəkar formalaşmasına daim dəstək göstərib, onların qarşılaşdıqları çətinliklərin aradan qaldırılmasına kömək edib.
Polkovnik Natiq Məmmədağa oğlu Talıbov 26 iyun 2026-cı il tarixində vəfat edib. O, 27 iyun 2026-cı il tarixində Bakıxanov qəsəbə qəbiristanlığında dəfn olunub.
Mərhum son mənzilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşlarının çiyinlərində yola salınıb. Dəfn mərasimində onun xatirəsinə əklillər qoyulub, polis əməkdaşları fəxri qarovulda dayanıblar. Mərhumun ailə üzvləri dəfn mərasiminin yüksək səviyyədə təşkilinə görə təşkilatçılara səmimi minnətdarlıqlarını bildirirlər.
Allah rəhmət eləsin, məkanı cənnət olsun.