Tedros Adhanom Qebreyesus "Ebola" virusunun yayılması ilə bağlı vəziyyəti yerində qiymətləndirmək məqsədilə Ugandaya səfər edib. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru hesab edir ki, beynəlxalq əməkdaşlıq və vaxtında görülən tədbirlər sayəsində xəstəliyin yayılmasını nəzarət altına almaq mümkündür.
“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

Qebreyesus bildirib ki, sərhəd-keçid məntəqələrində həyata keçirilən tibbi yoxlamalar qonşu Konqodan gələn şəxslər arasında yoluxma hallarının aşkarlanmasına kömək edib.
Onun sözlərinə görə, indiyədək təsdiqlənmiş 19 yoluxma hadisəsindən 14-ü Konqo Demokratik Respublikasından gələn şəxslər arasında qeydə alınıb. Daha 5 yoluxma halı isə Uqanda vətəndaşları arasında müəyyən edilib.
ÜST rəhbəri qeyd edib ki, təəssüf ki, Konqodan olan iki nəfər xəstəlik nəticəsində həyatını itirib.

"Ebola" epidemiyasının Konqo və Uqandada yayılması barədə ilk məlumatlar may ayının əvvəlində ortaya çıxıb. Konqo hakimiyyəti xəstəliyin sürətlə yayılmasını virusun "Bundibuqyo" ştamı ilə əlaqələndirib. Mütəxəssislərin sözlərinə görə, hazırda bu ştama qarşı təsdiqlənmiş vaksin və ya spesifik müalicə vasitəsi mövcud deyil.
ÜST baş verən hadisəni beynəlxalq əhəmiyyətli fövqəladə səhiyyə vəziyyəti kimi qiymətləndirib. Təşkilatın hesablamalarına görə, yeni vaksin hazırlanması üçün təxminən altı-doqquz ay vaxt tələb oluna bilər.