08 iyun 2026 13:24
99

Moldova xüsusi xidmət orqanlarında Avropa ölkələrindən birinin dəstəyi ilə islahat aparılıb - Maya Sandu

Moldova Prezidenti Maya Sandu ölkənin İnformasiya və Təhlükəsizlik Xidmətində (SİB) son illərdə dərin islahatların aparıldığını bildirib. Onun sözlərinə görə, bu dəyişikliklər Avropa ölkələrindən birinin dəstəyi ilə həyata keçirilib. Lakin dövlət başçısı sözügedən ölkənin adını açıqlamayıb.

“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Sandu qeyd edib ki, xüsusi xidmət orqanlarında həyata keçirilən transformasiyalar təhlükəsizlik sisteminin fəaliyyətini əhəmiyyətli dərəcədə gücləndirib.

“Orada genişmiqyaslı islahat aparılıb. Son illər ərzində baş verən dəyişiklikləri yüksək qiymətləndirirəm”, – deyə Moldova prezidenti bildirib.

Dövlət başçısı həmçinin vurğulayıb ki, o, Xidmətin fəaliyyətinə etibar edir və beynəlxalq tərəfdaşlarla əməkdaşlığın da qarşılıqlı etimada əsaslandığını düşünür.

“Yalnız xidmətə deyil, tərəfdaşlarımıza da güvənirəm. Ciddi dövlətlərin kəşfiyyat və təhlükəsizlik qurumları etibar olmadan sıx əməkdaşlıq qurmurlar”, – deyə, Sandu qeyd edib.

Bununla yanaşı, prezident xüsusi xidmət orqanlarında müəyyən risklərin həmişə mövcud olduğunu da etiraf edib.