Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) dəqiqləşdirilmiş məlumatlarına əsasən, iş adamı Qaqik Tsarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” Partiyası parlamentə düşmək üçün tələb olunan minimum səs həddini aşa bilməyib.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, MSK-nın açıqladığı yekun nəticələrə görə, seçicilərin 100 faiz səsinin hesablanmasından sonra partiya 3,996 faiz səs toplayıb. Halbuki ilkin nəticələrdə bülletenlərin emalı başa çatdıqdan sonra partiyanın 4 faizlik keçid baryerini keçdiyi bildirilmişdi.
Dəqiqləşdirilmiş nəticələrə əsasən, Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası səslərin 49,825 faizini qazanaraq seçkilərdə birinci olub. “Güclü Ermənistan” bloku 23,281 faiz, “Ermənistan” bloku isə 9,934 faiz səs toplayıb.
MSK sədri Vaaqn Ovakimyan bildirib ki, ilkin nəticələrə elektron səsvermənin məlumatları daxil edilmədiyi üçün göstəricilərdə düzəliş aparılıb.
Onun sözlərinə görə, açıqlanan rəqəmlər dəqiqləşdirilmiş ilkin nəticələr hesab olunur və siyasi qüvvələr iyunun 8-9-da səslərin yenidən hesablanması ilə bağlı müraciət etmək hüququna malikdirlər.