08 iyun 2026 15:34
87

Peskov: NATO-nun Rusiya sərhədləri yaxınlığındakı təlimləri diqqətlə izlənilir

Rusiya Prezidenti Administrasiyasının mətbuat katibi Dmitry Peskov bildirib ki, NATO-nun Rusiya sərhədlərinə yaxın ərazilərdə keçirdiyi hərbi təlimlər ölkənin Müdafiə Nazirliyi tərəfindən diqqətlə izlənilir və Moskva öz təhlükəsizliyini təmin etmək üçün zəruri tədbirlər görür.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

Peskov jurnalistlərə açıqlamasında qeyd edib ki, alyansın hərbi fəallığının artması Rusiya müdafiə strukturlarının daimi nəzarətindədir.

“Əlbəttə ki, bu proses Müdafiə Nazirliyimiz tərəfindən ən diqqətli şəkildə izlənilir. Rusiya baş verən proseslər fonunda öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri həyata keçirir”, – deyə Kremlin sözçüsü vurğulayıb.

Bu açıqlama NATO-nun “Ramstein Flag 2026” adlı genişmiqyaslı hərbi hava təlimlərinə start verməsi fonunda səsləndirilib. Təlimlərdə Rusiya ilə həmsərhəd və ya ona yaxın yerləşən ölkələrin hərbi hava qüvvələri də iştirak edir.

Məlumata görə, manevrlərə 200-dən çox müxtəlif tipli uçuş aparatı cəlb olunub.