08 iyun 2026 16:58
75

ABŞ xahiş etdiyi üçün...

İsrail ABŞ Prezidenti Donald Trampın müraciətindən sonra İrana qarşı hərbi zərbələri dayandırmağa razılaşıb.

“İki sahil” xəbər verir ki, bu barədə İsrailin “12-ci Kanal” televiziya kanalı hökumətdəki mənbəyə istinadla məlumat yayıb.

Mənbənin sözlərinə görə, Vaşinqtonun təşəbbüsü ilə İsrail və İran arasında son günlər müşahidə olunan hərbi eskalasiyanın qarşısını almaq üçün addımlar atılır.

“Trampın xahişi ilə İsrail İrana qarşı zərbələri dayandırır. Bununla belə, Livanın cənubunda həyata keçirilən əməliyyatlar yaxın günlərdə tam gücü ilə davam edəcək”, – deyə məlumatda bildirilir.

Bundan əvvəl Donald Tramp Yaxın Şərqdə gərginliyin artması fonunda həm İranı, həm də İsraili qarşılıqlı hücumları dayandırmağa çağırmışdı. ABŞ prezidenti regionda genişmiqyaslı münaqişənin qarşısının alınmasının vacibliyini vurğulamışdı.

Tramp həmçinin bəyan edib ki, ABŞ ilə İran arasında əldə olunacaq hər hansı mümkün razılaşma İsrail tərəfindən də qəbul edilməlidir. Onun sözlərinə görə, İsrailin Baş naziri Netanyahu Vaşinqtonun Tehranla bağlayacağı potensial sazişin şərtlərinə hörmət etməli olacaq.