13 may 2026 18:54
126

İkili standartların diplomatik ünvanı - ATƏT-in Minsk Qrupu

Dövlətimizin başçısı İlham Əliyevin Zəngilan sakinləri ilə görüşündə qeyd etdiyi kimi, qısa müddət ərzində bizim qədər tam, mütləq, birmənalı qələbə qazanan ikinci ölkə olmamışdır

Dövlətimizin başçısı İlham Əliyev  Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb, onlara mənzillərin açarlarını təqdim edərkən  səsləndirdiyi çağırışlar, verdiyi mesajlar hazırda ölkə mətbuatında əsas müzakirə mövzularındandır. Ölkə Prezidenti  “Bu gün biz sülh şəraitində yaşayırıq və sülhün müəllifi də bizik” söylədi və bunun davamı olaraq onu da qeyd etdi ki, biz istəməsəydik, sülh olmayacaqdı. Biz istəsəydik, istənilən hərbi əməliyyatı istənilən yerdə keçirə bilərdik. Bunu Ermənistan rəhbərliyi də, onun arxasında duranlar da bilirlər. Nə qədər onun arxasında dururlar dursunlar, bilirlər ki, bizim gücümüzə qarşı onların heç bir şansı yoxdur, onlar acizdirlər. Gücləri var idisə, elə 2020-ci ildə Ermənistana  kömək edərdilər.  Bu gün Ermənistana gəlib özünü saxta qəhrəman kimi göstərən bəzi xarici liderlər 2020-ci ildə elə öz ölkələrində hakimiyyət başında olan  liderlər idi. Onda  gəlib Ermənistana  yiyə duraydılar. Boşboğazlıqdan başqa heç nə yoxdur. Onların da işi-gücü boşboğazlıqdır, ona görə öz ölkələrində onların dəstək əmsalı 10-15 faizdir. İndi guya ki, Ermənistanı bizim əlimizdən onlar çıxarıb xilas ediblər.

Prezident İlham Əliyev bu mesajları ilə həm Azərbaycanın sülh gündəliyinin müəllifi olaraq  üzərinə düşdüyü öhdəlikləri yüksək səviyyədə yerinə yetirərək hazırda  regionda dayanıqlı sülhə və təhlükəsizliyə nail olmasını diqqətə çatdırır, həm də Ermənistana dəstək verən bəzi dövlətlərin, onların liderlərinin hansı  nüfuza, söz sahibliyinə malik olduğunu açıqlayır. “Özünə umac ova bilmir,  başqasına əriştə kəsir” prinsipini atdıqları addımlarında  nümayiş etdirən Fransa kimi dövlətlərin  istər 30 illik işğal, istər Vətən müharibəsi, istərsə də  postmünaqişə dövründə  öz maraqlarından irəli gələn cəfəngiyyat  xarakterli çağırışları, qeyri-ciddi addımları  ikrah doğurur.  Özlərini ədalətin, beynəlxalq hüququn qoruyucuları kimi təqdim edib bu və ya digər dövlətlərin daxili işlərinə müdaxilələrlə diqqətdə olan bu güclərin öz daxillərində yaşananları  nə ədalətə, nə də beynəlxalq hüququn norma və prinsiplərinə uyğundur. Azərbaycan sülh gündəliyinin müəllifi kimi beynəlxalq aləmdə yerini və rolunu möhkəmləndirir, sülhə, təhlükəsizliyə yönələn addımlarının davamlılığı ilə diqqətdədir.

Azərbaycanın tarixi Zəfərindən sonra Ermənistana sülh təklifi  humanizm siyasətinin tərkib hissəsi kimi dəyərləndirildi. Bu addım heç də ölkəmizin 30 illik işğal dövrünün reallıqlarını, faciələrini, soyqırımılarını unutmaq kimi qəbul edilə bilməz. Prezident İlham Əliyev sözügedən çıxışında  bu məqamlara, ermənilərin əssasız  torpaq iddialarının  səbəb olduğu faciələrə,  soydaşlarımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə, işğal edilmiş torpaqlarımızın viran qoyulmasına yönəltdi. Dövlətimizin  başçısı  30 illik işğal dövründə Ermənistanın atdığı addımları ilə tarixi Zəfərimizdən, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasından sonra Azərbaycanın ermənilərin Qarabağdan Ermənistana qayıdarkən göstərdiyi diqqətin  müqayisəli təhlilini apardı. Onlar Xocalı soyqırımını törətdilər. Biz isə onlar Qarabağdan Ermənistana gedəndə yolda polislər düzmüşdük ki, onlara çörək, su verək. Bax, fərq budur: “Mən indi daha dərinə getmək istəmirəm, hər bir xalqda yaxşı və pis nümayəndələr var. Amma bütövlükdə götürəndə budur fərq. Zəngilanı yerlə-yeksan edən təkcə Ermənistan rəhbərləri deyildi, təkcə Qarabağ separatçıları deyildi. Demək olar ki, onların bütün əhalisi kütləvi surətdə gəlib talançılıqla məşğul idi. Hətta deyirdilər ki, gedirik talana. Yəni bu, onlarda bir qayda idi, bu, normal bir davranış idi. Yəni vəhşilik normal bir davranış idi - kim nə qədər çox daş oğurladı, kim nə qədər çərçivə çıxartdı, kim nə qədər dam örtüyü çıxartdı. Sonra aparıb həm İran bazarlarında, həm də Ermənistan bazarlarında satırdılar. Bax, fərq budur. Biz bunu edə bilərik? Bizim insanların heç ağlına gəlməz belə.”

Ermənistanın tarixən normal dövləti olmayıb. Buna görə də dövlətçilik ənənəsi yoxdur. Həmişə özünə bir ağa tapıb onun kölgəsində öz əməllərini törədib.  Bir müddət öncəyə qədər bu ağa Rusiya idi, indi isə Fransanın simasında yeni sahib tapıb. Təbii ki, Fransanın  Ermənistana dəstəyinin arxasında öz maraqları dayanır. Bu maraqlar artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həlli prosesinin 30 il uzanmasına səbəb oldu. 1992-ci ildə Qarabağ münaqişəsinin  nizamlanmasında vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin tutduğu yol, mövqe  məlumdur.  Minsk qrupunun yarıtmaz, uğursuz fəaliyyəti daim rəsmi Bakı tərəfindən ən yüksək tribunalardan tənqid edilib. Həmsədr ölkələr olan ABŞ, Fransa və Rusiya  BMT Təhlükəsizlik Şurasının  daimi üzvləridir. Hər üçü nüvə dövlətidir.  Onları birləşdirən ortaq maraq Qarabağ münaqişəsini dondurmaq,  işğalı əbədi etmək, bundan bir alət kimi istifadə etmək idi. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında İkinci Qarabağ müharibəsindən bəhs edərkən daim bildirir ki, əgər Ermənistan və onun rəhbərliyi, onun arxasında dayanan qüvvələr beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əməl, əgər böyük dövlətlər Ermənistana onun işğalçılıq siyasətinə görə sanksiyalar tətbiq etsəydilər, heç olmasa, onların işğalçılıq siyasətini pisləsəydilər, bəlkə də müharibəyə ehtiyac qalmazdı. Azərbaycan dövləti uzun illər ərzində təmkinlilik, aparılan danışıqlara sadiqlik göstərdi. Baxmayaraq ki, illər keçdikcə ümidlərimiz də tükənirdi, işğalçı dövlət daha da azğınlaşırdı, hesab edirdi ki, torpaqlarımızı əbədi işğal altında saxlaya bilər.

Azərbaycanın heç vaxt bu vəziyyətlə barışmayacağı ən yüksək tribunalardan bəyan edildi.  Azərbaycan nəyə qadir olduğunu  döyüş meydanında göstərdi.   Müzəffər Ali Baş Komandan İlham Əliyevin  qeyd etdiyi kimi, biz döyüş meydanında cəmi 44 gün ərzində Ermənistan ordusunu tamamilə darmadağın etmişdik. Elə günə salmışdıq ki, özlərinin etirafına görə, 12 mindən çox fərarisi olmuşdur. Azərbaycan Ordusundan bir nəfər də döyüş meydanını tərk edib qaçmamışdır. Bu, bir daha Azərbaycan xalqının əyilməz ruhunu göstərir.

Halbuki ATƏT-in Minsk qrupunun həmsədrləri utanıb-qızarmadan  iddia edirdilər ki,  münaqişənin  hərbi həlli yoxdur. Kompromis olmalıdır, yəni Azərbaycan  təslimçi sülhə razılaşmalıdır. Hətta o qədər reallıq hissini itirmişdilər ki,  “Şimalı Qarabağ” terminini ortaya atmışdılar. Yəni, Azərbaycan o ərazilərdən imtina etməlidir. Onların gözü qarşısında şəhərlərimiz,  qəsəbə və kəndlərimiz, mədəni irsimiz dağıdılırdı, sərvətlərimiz talan edilirdi, amma buna göz yumurdular. ATƏT-in Minsk qrupu  utanc, riyakarlıq, ikili standartlar və müstəmləkə  təfəkkürünün  nümunəsi kimi diplomatiya tarixində  qalacaq.

Azərbaycan bu gün qalib, bütövləşən, yeni dövrə qədəm qoyan ölkə kimi dünyanın diqqətindədir. Şanlı Qələbəmizin  yaratdığı reallıqların regionda, dünya siyasətində hansı yeniliklərə yol açdığı göz qabağındadır. Ədaləti və beynəlxalq hüququ maraqlarının arxasında gizlədən, özlərinə sərf edən  məqamlarda bu anlayışlardan xəbərsiz olduqları halda onların müdafiəsinə qalxan bəzi dövlətlər bəlkə də  şanlı Qələbəmizin  miqyasını  və tarixi əhəmiyyətini  ya görə bilmir, ya da maraqlarına uyğun olaraq görməzdən gəlirlər.  Amma reallıq budur ki, tarizi Zəfərimiz 200 illik tarixi ədalətsizliyə  son qoydu. Qələbəmiz və onun yaratdığı reallıqlar maraqlara deyil, ədalətə və beynəlxalq hüquqa söykənərək təhlil edilməli və dəyərləndirilməlidir. Dövlətimizin başçısı İlham Əliyevin Zəngilan sakinləri ilə görüşündə qeyd etdiyi kimi,  təkcə bunu görmək üçün tarixçi olmaq lazım deyil. Qısa müddət ərzində bizim qədər tam, mütləq, birmənalı qələbə qazanan ikinci ölkə olmamışdır. Özü də biz bu müharibəni Ermənistandan fərqli olaraq bütün beynəlxalq humanitar normalara uyğun aparmışıq,

Yeganə Əliyeva, “İki sahil”