Bolşevik Rusiyasının tarixi Azərbaycan torpaqlarında yaratdığı qondarma Ermənistan heç vaxt müstəqil ola bilmədi. Ona görə ki, yox ki, istəmədilər, ona görə ki, forpost olmaq onların xislətindədir. Bundan başqa, bu işğalçı ölkə mövcud olduğu dövrlərdə əsas siyasi xətt kimi digər xalqların torpaqlarına və mədəni irsinə göz dikməkləri, etnik təmizləmə və ksenofobiya ilə tanındılar.
Bəli, uzun illərdir ki, Ermənistanın siyasi davranışları müstəqil və dayanıqlı dövlət modelindən daha çox xarici güclərin təsir dairəsində formalaşan asılı siyasət obrazı ilə xarakterizə olunur. Düzdür, Azərbaycan dövləti Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti ilə qalib olduğumuz 44 günlük Vətən müharibəsi və lokal antiteror tədbirləri sayəsində həm ərazi bütövlüyümüzü, həm də suverenliyimizi bərpa etdi. İndi bölgədə əsas söz sahibi olan və yeni hərbi- siyasi reallıqlar müəlifi olan qüdrətli Azərbaycan dövləti var. Ona görə də hətta bundan sonra Ermənsiatn kimin forpostu olsa belə, Azərbaycanın ədalətli şərtləri ilə razılaşmağa məhkumdur.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paqşinyan və onun komandası anti- Rusiya ritorkaları ilə tanınırlar. İndi Ermənistanda anlayırlar ki, Ukrayna müharibədə zəif düşmüş, hərbi və geosiyasi nüfuzunu itmirmş Rusiyadan yapışmaq onlara yaxşı heç nə vəd etmir. Ona görə də yeni, daha «etibarlı» bir hiamyədara sığınmağa çalışırlar. Həmin himayədar isə Avropanın «üzqarası» olan Fransadır. Bu həmin Fransadır ki, neokolonialist yanaşmalarını Cənubi Qafqaza daşımaq arzusundadır. Yəni, Fransa müstəmləkəçilik siyasətinin elementlərini yeni geosiyasi şəraitə uyğun şəkildə davam etdirməyə çalışır və Ermənistandan bu prosesdə vasitə kimi istifadə edir. Bu isə bir neçə müddətdir ki, Azərbacanla Ermənistan arasında müzakirə olunan sülh prosesinə ciddi şəkildə maneə törədir. Xüsusilə iki ölkə arasında sülh gündəliyinin irəliləməsi bəzi xarici qüvvələrin təsir imkanlarını məhdudlaşdırdığı üçün onlar Ermənistan vasitəsilə proseslərə müdaxilə etməyə çalışırlar. Bu vəziyyət isə Ermənistanın hələ də tam müstəqil dövlətçilik modelinə sahib olmadığını göstərir.
Bu gün Ermənistanda siyasi gərginlik yüksəlməkdədir. İyunun 7- də burada parlament seçkiləri keçiriləcək. Baş nazir Nikol Paşinyananın əsas rəqibi Xocalı soyqırım qatillərindən biri, Ermənistanın keçmiş prezidenti, «Qarabağ klanı»nın rəhbəri Robert Koçaryandır. Bu qatil tamamilə Rusiyapərəstdir və seçilsə Azərbaycanla yenidən müharibəyə başlayacağını, Qarabağı geriyə qaytaracağını iddia edir. Nikol Paşinyan isə seçki kampaniyasında və hətta ondan əvvəl də bildirirdi ki, Qarabağ məsələsi qapanmışdır və ermənilərin bu torpaqlara iddiası bütövlükdə Ermənistanın məhv olması deməkdir.
Ona görə də hazırda erməni cəmiyyəti iki yerə bölünüb. Yəni, indi sülh və ya müharibə Ermənistanda müzakirə olunan əsas mövzudur. Birincilər məğlubiyyətlə barışıb Azərbaycanla sülh müqaviləsinin bağlanmasını istəyirlər və müharibə tərəfdarlarına açıq şəkildə deyirlər ki, əgər yeni qarşıdurma olarsa, Ermənistan bir dövlət kimi yer üzündən silinəcək. Müharibə tərəfdarları olan revanşistlər isə buna baxmayaraq yenidən müharibə hesabına «itirilmiş torpaqları» geri qaytarmaq xülyası ilə yaşayırlar. Bu məsələnin qəliz tərəfi odur ki, indiyədək Ermənistan müstəqil dövlət kimi formalaşa bilməyib. Həmişə bu ölkənin idarəediciləri kənardan olublar. Pezidenti, baş naziri və s. olsa da, hamısı formal xarakter daşıyır. SSRİ dağılandan sonra da Ermənistanın əsl ağası Rusiya olub və onun iradəsindən kənarda müstəqil qərar verə bilməyiblər. Hətta bu ölkənin ən acınacaqlı vəziyyəti onladır ki, onların sərhədlərini, strateji obyektlərini hələ də Rusiya hərbçiləri qoruyurlar. Yəni, əksər hallarda onların xarici siyasətini, iqtisadiyyatını şimal qonşumuz müəyyənləşdirib. Ermənistanın Rusiyadan iqtisadi asılılığı o qədər böyükdür ki, ondan aralanmaq üçün illərlə vaxt lazımdır. İqtisadi müstəqilliyi olmayan ölkənin isə siyasi müstəqillikdən danışması absurddur.
Bu gün Ermənistanın revanşist kəsimində ən çox müzakirə olunan məsələlərdən biri də 2023-cü ilinin sentyabrın 19-20-də Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirindən sonra ölkəmizdən köç edən ermənilərin geri qaytarılmasıdır. Bu işdə də ən çox canfəşanlıq edən yenə Fransadır. Prezident İlham Əliyevin təbirincə desək «Qarabağda status kvo gorbagor olandan» sonra Fransa çalışır ki, ermənilər geri qatarmaq üçün bu mənasız məsələni beynəlxalq arenada yenidən qaldırsın.
Təbii ki, Azərbaycanı tərk edən ermənilərin hamısının geri qayıtması mümkün deyil. Çünki onların çoxu işğal dövründə Azərbaycan ərazisində qanunsuz məskunlaşdırılıblar. Daha dəqiq desək, onlar müəyyən güzəştlərlə şirnikləndirilərək Qarabağda məskunlaşan Ermənistan vətəndaşlarıdır. Qalan qismi isə xarici ölkələrdən, xüsusilə Livandan, Suriyadan köçürülmüş erməniəsilli əcnəbilərdir. Bu səbəbdən də Azərbaycandan onların geri qaytarılmasına icazə verilməsini heç kəs tələb edə bilməz. Hətta köç edən ermənilərin əksəriyyəti xalqımıza qarşı hərbi cinayətlərdə iştirak edənlərdir. Onlar qayıda bilərlər, ancaq bilsinlər: törətdikləri cinayətə görə layiqli cəzalarını alacaqlar. O ki qaldı Qarabağ iqtisadi rayonunda yaşamış dinc sakinlərin qayıtmasına, heç bir problem yoxdur. Bir şərtlə Azərbaycan vətəndaşlığını qəbul edib Azərbaycan bayrağı altında yaşasınlar.
O da məlumdur ki, bu gün Azərbaycan tərəfdən Ermənistan üçün heç bir müharibə təhlükəsi yoxdur. Belə olan halda Ermənistanın Fransa tərəfindən silahlandırılması artıq o mənanı verir ki, bu Avropa ölkəsi bölgəni yenidən müharibəyə sürükləmək istəyir. Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyevin bəyanatlarından və dövlətimizin atdığı qəti addımlardan aydın görünür ki, Azərbaycan Fransanın bölgəmizdəki yeni kolonial siyasətinə icazə verməyəcək.
Elçin Zaman, "İki sahil"