Müzəffər Ali Baş Komandanın sərkərdəlik məharəti və Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzmi 44 günlük Vətən müharibəsində və birgünlük lokal antiterror əməliyyatında tarixi qələbələri təmin etdi. Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyuldu, dövlətimizin ərazi bütövlüyü və suverenliyi bərpa olundu. Həm də ölkəmiz öz Zəfəri ilə Cənubi Qafqazda yeni reallıqlar formalaşdırdı. Özü də Azərbaycan buna heç bir beynəlxalq qurumun yardımı olmadan nail oldu. Halbuki Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına ABŞ, Rusiya və Fransanın təmsil olunduğu ATƏT-in Minsk qrupu cavabdeh idi. Amma işğal olunmuş əraziləri illərlə mənasız protokollarla gəzib-dolaşan, status-kvonu qorumaqdan başqa heç bir işə yaramayan bu qrupun həmsədrləri mövcud vəziyyəti olduğu kimi saxlamaq, Azərbaycan torpaqlarının ilhaqını rəsmiləşdirmək istəyirdilər. Üstəlik münaqişənin hərbi həllinin olmamasını iddia edirdilər. Hətta reallıq hissini o dərəcədə itirmişdilər ki, Azərbaycanı təcavüzkar kimi qələmə vermiş və “Şimali Qarabağ” terminini ortaya atmışdılar. Azərbaycan, onun Lideri İlham Əliyev isə bu haqsızlıqla barışmadı. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə əsaslanan Azərbaycan öz suverenliyi, ərazi bütövlüyü uğrunda mübarizəyə qalxdı və dünya tarixində görünməyən bir uğura imza atdı. Buna görə ölkəmizə qarşı güclü təzyiqlər də oldu.

Prezident İlham Əliyev mayın 10-da Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşündə bildirib ki, o ölkələr sıradan olan ölkələr deyildi, onlar nüvə dövlətləri, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ölkələr idi: “Görün, biz kimlərlə üz-üzə qalmışdıq. Hər biri bu işğalı əbədi etmək, bundan bir alət kimi istifadə etmək və nəticə etibarilə Azərbaycan xalqına rahat nəfəs almaq imkanı verməmək üçün dəridən-qabıqdan çıxırdı”. Prezident İlham Əliyev, həmçinin vurğulayıb ki, təkcə onlar deyil, başqa ölkələr də bizim qələbəmizi istəmirdilər. Amma Prezident İlham Əliyev siyasi iradəsi ilə onları susdurdu. Hətta 2025-ci il avqustun 8-də ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Vaşinqton şəhərində baş tutmuş görüşdən sonra ATƏT-in Minsk qrupunun, həmçinin onunla bağlı strukturlarn ləğvinə, daha doğrusu, onun tarixin zibilliyinə atılmasına dair qərar qəbul edildi və o da həmin il dekabrın 1-də icra olundu. Diplomatiya tarixində riyakarlığın sinonimi kimi yadda qalan Minsk qrupunun de-yure ləğv edilməsi Azərbaycan diplomatiyasının ciddi uğurlarından biri kimi dünya tarixinə düşdü. Halbuki bəzi dairələr bu qrupun mövcudluğunu qoruyub saxlamaq, ondan növbəti təxribatlar üçün istifadə etmək istəyirdilər.

Yeri gəlmişkən qeyd edək ki, 44 günlük müharibədən sonra, daha doğrusu, 12 dekabr 2020-ci ildə Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskonti, ABŞ-dan olan həmsədri Endrü Şofer, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik Prezident İlham Əliyevin qəbuluna gəlmişdilər. Dövlətimizin başçısı: “Minsk qrupunu səfərə dəvət etməmişəm. Lakin mənə məlumat verəndə ki, Minsk qrupu gəlmək istəyir, dedim gəlsinlər, etiraz etmirəm. Bəlkə onların mənə sözləri var. Əgər siz bunu kamera qarşısında söyləmək istəyirsinizsə, buyurun. Əgər istəmirsinizsə, mən onlara deyim getsinlər. Necə istəsəniz”, - demişdi. Bununla da Prezident 44 günlük müharibədən sonra Azərbaycana səfərə gələn həmsədrlərə onlara heç bir ehtiyac qalmadığını və onları ölkəsinə dəvət etmədiyini bildirmişdi. Qrupun üzvlərinin dedikərindən məlum oldu ki, onların deyəcək heç nəyi də yox imiş.
Elə həmin görüşdə Prezident 30 ilə yaxın heç bir müsbət addımı ilə yadda qalmayan, ancaq “turizm diplomatiyası”na “töhfə” verən çağırılmamış qonaqlara tarixi dərs vermişdi. Belə ki, həmin görüşdə dövlətimizin başçısı bildirmişdi ki, Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni özü həll etdi, buna güc yolu və siyasi vasitələrlə nail oldu: “Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi.” Bununla da Prezident Minsk qrupunun amorf bir quruma çevrildiyini bildirmişdi. Doğrudur, bundan sonra həmsədrlər bu qurumu yenidən diriltmək üçün cəhdlər etdilər, amma onların bu niyyətləri də ürəklərində qaldı.
Qvami Məhəbbətoğlu, “İki sahil”