13 may 2026 18:15
107

Makronun geosiyasi ambisiyaları fiaskoya uğrayır

Son illər Fransa Ermənistanın ən fəal tərəfdaşlarından birinə çevrilib. Daha doğrusu, Fransa Rusiyanın Ermənistan üzərindəki “ağalıq” missiyasını ələ keçirməyə çalışır. Bu günlərdə Fransa Prezidentinin Ermənistana baş tutan səfəri ermənilərin gözündə özünün “xilaskar” obrazını canlandırmağa hesablanmışdı. Ölkəsində siyasi legitimliyi sual altına düşmüş bir lider üçün bu, olduqca acınacaqlı mənzərə idi. Çünki Makron İrəvan küçələrində sözün həqiqi mənasında şou sərgiləyib: gah musiqi alətində ifa etməyə çalışıb, gah səhər qaçışı edib, gah da vaxtını restoranlarda keçirib. Makron bununla ermənilərə “xilaskar qəhrəman” kimi görünmək istəyib. Analoji mənzərə 6 il öncə - 2020-ci ildə İkinci Qarabağ müharibəsində də müşahidə edilmişdi. Fransa Prezidenti müharibədə Ermənistanı xilas etmək, torpaqlarını işğaldan azad edən Azərbaycanın qarşısını almaq istəsə də, məkrli planları baş tutmamışdı. Makron indi özünü sanki Ermənistanı “xilas” etmiş kimi aparır. Halbuki, Prezident İlham Əliyevin də dediyi kimi, “gücləri var idisə, həmin vaxt bunu edərdilər”.

Dövlət başçısı bu günlərdə Zəngilan səhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşündəki çıxışı zamanı bu məsələyə xüsusilə toxunub. “Bu gün Ermənistana gəlib özünü saxta qəhrəman kimi göstərən bəzi xarici liderlər 2020-ci ildə elə həmin liderlər idi də öz ölkələrində hakimiyyət başında, gəlib yiyə duraydılar da Ermənistana. Boşboğazlıqdan başqa heç nə yoxdur. Onların da işi-gücü boşboğazlıqdır, ona görə öz ölkələrində onların dəstək əmsalı 10-15 faizdir. İndi guya ki, Ermənistanı bizim əlimizdən onlar çıxarıb xilas ediblər”, - Prezident ad çəkməsə də, söhbətin Makrondan getdiyi bəllidir. Makron İrəvandakı şousu ilə uçuruma yuvarlanan reytinqini xilas etməklə yanaşı, Fransanın neokolonialist siyasətini Cənubi Qafqaza yaymaq niyyətindədir və bu planda ağasız yaşaya bilməyən Ermənistan əsas vasitədir.

Digər bir fakt. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi Bakı ilə danışıqlardan sonra Fransa Prezidenti Emmanuel Makrona Ermənistandan öz ölkəsinin quru sərhədini keçməyə icazə verməyib. İrəvanda səfərdə olan Makron Ərdoğanla görüşmək üçün oradan bağlı quru sərhədi vasitəsilə Türkiyəyə yola düşərək "siyasi cəhətdən rəmzi" jest etməyi planlaşdırırmış. Səfər əvvəlcədən Türkiyə tərəfinin ayrı-ayrı nümayəndələri ilə razılaşdırılıbmış da. Lakin məsələ Türkiyə dövlət başçısı səviyyəsinə qaldırıldıqda, o, strateji müttəfiqi - Azərbaycanla müzakirələrdən sonra Makrona rədd cavabı verib.

Beləliklə, Makronun  Ermənistana səfərini Türkiyədən keçməklə həyata keçirmək istəyi gözündə qalıb. Makronun Gümrüyə səfəri də Ermənistan siyasətində simvolizmin bəzən əndazəni aşdığının bariz nümunəsidir. O, Gümrüdə meydana çıxıb, alqışlanıb, “Fransa sizi sevir” deye car çəkib, Paşinyan isə məmnun halda ona erməni sevgisinin miqyasını göstərib. Amma bu romantik səhnənin arxa fonunda çox maraqlı bir detal var: Gümrü sadəcə konsert meydanı deyil, həm də Rusiyanın 102-ci hərbi bazasının yerləşdiyi şəhərdir.

Xatırladaq ki, Fransa 2012-ci ildən sonra Rusiya-Ukrayna münaqişəsində vasitəçilərdən biri kimi aktiv rol oynamağa başlayıb. Hərçənd, bu vasitəçilik nə münaqişənin həllinə imkan yaratdı, nə də sülhü təmin etdi. Əvəzində Fransa bu prosesdən geosiyasətdə güclənmək naminə istifadə etdi. 2012-2016-cı illərdə Fransa “sülhü təmin etmək” adı ilə Maliyə (Serval əməliyyatı) və Mərkəzi Afrika Respublikasına (Sanqaris əməliyyatı) hərbi müdaxilə etdi. Nə sülh əldə edildi, nə də problemlər. Əvəzində Fransanın keçmiş “müstəmləkəçilik siyasəti” Qitədə daha da gücləndi. 2017-ci ildə hakimiyyətə gələn Emmanuel Makronun əsas istiqaməti də Afrikada təsir imkanlarını saxlamaq və münaqişələrdən qazanc əldə etmək olub. Sonuncu dəfə Rusiya-Ukrayna müharibəsi başlamamışdan öncə Fransa “sülh naminə” vasitəçilik etmək cəhdlərinə baş vurdu və təbii ki, niyyəti enerji maraqlarından tutmuş Avropada “siyasi güc” olmağa qədər çoxsaylı hədəfinə nail olmaq idi. Makronun cəhdləri baş tutmadı, müharibə başladı.

İndi Azərbaycanın təşəbbüsü ilə regionda sülh perspektivləri yaranıb. Makron isə ağalıq etməyə çalışdığı Ermənistan üzərindən prosesə daxil olmaq və sülh gündəliyini dağıtmaq niyyətindədir. Bu, da sözsüz Fransanın neokolonialist siyasətinin tərkib hissəsidir.

Sevinc Azadi, “İki sahil”