13 may 2026 19:47
108

Türk dünyası vahid məqsədlərə çatmaq üçün səylərini artırır

Türkistan Zirvə görüşü Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzuna növbəti töhfə olacaq

“Bütövlükdə Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişafına əvvəllər və bu gün böyük töhfə verir və verəcək. Bu, bizim xarici siyasətimizdə prioritet məsələlərdən biridir. Dəfələrlə müxtəlif kürsülərdən bəyan etmişdik ki, Türk dünyası bizim ailəmizdir, bizim başqa ailəmiz yoxdur. Bu ailəni gələcəyə aparmaq üçün birgə səylərin göstərilməsi təbii ki, çox önəmlidir.” Dövlət başçısı İlham Əliyev onu da qeyd edir ki, xarici siyasətimizdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrlə bizim əlaqələrimiz prioritet təşkil edir. Bu ölkələrlə bizim tarixi, mədəni, etnik köklərimiz gözəl təməl formalaşdırır və bu gün müstəqil dövlətlər kimi biz bütün beynəlxalq təşkilatlarda da vahid mövqedən çıxış edirik, bir-birimizi dəstəkləyirik. Yaxşı günlərdə, çətin günlərdə bir-birimizin yanındayıq.

Azərbaycan hər zaman Türk dünyasının birliyi, həmrəyliyi istiqamətində atdığı real addımları ilə diqqətdədir. Tarixi Zəfərimizin və suverenliyimizin tam bərpasının yaratdığı reallıqlar fonunda bu birliyin daha da möhkəmləndiyi diqqətdən kənarda qalmır. Ən əsası yeni dünya nizamının formalaşdığı hazırkı dövrdə Türk dünyasının birliyi olduqca vacibdir.

Mayın 15-də Qazaxıstanın Türkistan vilayətində Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Qazaxıstanın ev sahibliyi ilə keçiriləcək görüş “Süni intellekt və rəqəmsal inkişaf” mövzusunu əhatə edəcək. Təşkilata üzv və müşahidəçi ölkələrin dövlət və hökumət başçılarını, eləcə də TDT-nin Baş katibini bir araya gətirəcək görüş sürətlə inkişaf edən rəqəmsal dövrdə əməkdaşlığın prioritet istiqamətlərinin müzakirəsi üçün mühüm platforma olacaq. Zirvə görüşündə, həmçinin təşkilatın Ağsaqqallar Şurası və türk əməkdaşlıq təşkilatlarının üzvləri də iştirak edəcəklər. Qeyri-rəsmi toplantı süni intellekt, rəqəmsal innovasiya və yeni yaranan texnologiyaların transformasiyaedici potensialından istifadə etməklə dayanıqlı iqtisadi artımın təşviqi, dövlət xidmətlərinin təkmilləşdirilməsi və regional əlaqəliliyin gücləndirilməsi istiqamətində türkdilli dövlətlər arasında strateji dialoqun inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Rəsmi proqram çərçivəsində Dövlət Başçıları Şurasının iclasından əvvəl TDT Xarici İşlər Nazirləri Şurasının toplantısı da keçiriləcək.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi təşəbbüsünü dövlətimizin başçısı İlham Əliyev irəli sürüb. Quruma üzv dövlətlər bu təşəbbüsü dəstəkləyiblər və ilk dəfə belə bir görüş 2024-cü ilin iyul ayında Şuşada keçirilib. Cənab İlham Əliyev Şuşa Zirvə görüşündəki çıxışında bu çağırışı etmişdir ki, Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir. Biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır.

Ötən ilin mayında Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının qeyri-rəsmi Zirvə görüşü təşkilatın tarixində müşahidəçi dövlətdə keçirilən ilk sammit olaraq tarixə düşdü. Bu görüş həm də Macarıstanın türk dövlətləri ilə iqtisadi və siyasi əlaqələrinin möhkəmləndirilməsindəki rolunu vurğuladı. Sammitə qatılan TDT üzvü və müşahidəçi ölkələrin dövlət başçıları iqtisadi inteqrasiya, enerji təhlükəsizliyi və rəqəmsal transformasiya kimi sahələrdə əməkdaşlığın inkişafı məsələlərini müzakirə etdilər. Azərbaycan bu sammitdə regional iqtisadi siyasətin formalaşdırılmasında liderliyini, ticarət, enerji və innovasiya sahələrində əhəmiyyətli mövqeyini bir daha nümayiş etdirdi. Ötən ilin oktyabr ayında isə Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının "Regional sülh və təhlükəsizlik" mövzusunda 12-ci Zirvə Görüşü keçirildi. Türk dünyasının geniş coğrafiyası - Qafqazdan Mərkəzi Asiyaya, Xəzər hövzəsindən Aralıq dənizinə qədər uzanan mühüm strateji mövqeyi Türk Dövlətləri Təşkilatının geosiyasi imkanları ilə bərabər, geosiyasi dəyərini də artırır. Bu coğrafiya həm strateji, həm enerji resursları, həm də nəqliyyat-tranzit imkanları baxımından dünyanın ən önəmli regionlarından biridir. Azərbaycan, Türkiyə, Qazaxıstan və Özbəkistan kimi ölkələrin təşəbbüsləri nəticəsində Orta Dəhliz və Zəngəzur dəhlizi kimi layihələr türk dövlətlərinin dünya miqyasındakı geoiqtisadi təsirini artırır. Bu da nəticə etibarilə iqtisadi əlaqələrin dərinləşməsini təmin edəcək. TDT çərçivəsində qəbul edilən 2022-2040-ci illəri əhatə edən “Türk Dünyası Baxış Sənədi” təşkilatın iqtisadi inteqrasiyasını da yeni mərhələyə çıxarır. Onu da qeyd edək ki, Türk dünyasının ortaq dil, din, tarix və mədəniyyət dəyərləri TDT-nin ideoloji sütununun formalaşması üçün mühüm amildir.

Türk dövlətlərinin rəqəmsal gələcək, enerji, nəqliyyat və müdafiə sənayesi sahələrində əməkdaşlığı təşkilatın qlobal güc balansında çəkisini artırır. Təhlillər göstərir ki, Türk Dövlətləri Təşkilatı sadəcə mədəni-tarixi birlik deyil, strateji əməkdaşlıq platforması və müstəqil güc mərkəzi kimi formalaşır. Qlobal rəqabətin dərinləşdiyi bir dövrdə TDT-nin birliyi və koordinasiyalı fəaliyyəti Türk dünyasını beynəlxalq arenada mühüm aktora çevirir. Bir sözlə, qlobal rəqabət fonunda artıq Türk Dövlətləri Təşkilatının vahid güc mərkəzinə çevrilməsi qaçılmazdır. Prezident İlham Əliyevin çıxışlarında bu amilə xüsusi diqqət çəkməsi strateji hədəflər, eyni zamanda, regional sülh, sabitlik və rifahın gücləndirilməsi baxımından uzaqgörən mühüm addım kimi dəyərləndirilməlidir. Belə ki, dövlətimizin başçısı İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündəki çıxışında qeyd etmişdir ki, Bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Təşkilatımızın beynəlxalq səviyyədə nüfuzunun artması məmnunluq doğurur. Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir. Ölkəmiz təşkilatın işinə dəstək məqsədilə Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində ianə köçürmüşdür. Bu mühüm məqam da xüsusi vurğulanır ki, nəqliyyat və kommunikasiya əlaqələri Türk Dövlətləri Təşkilatı çərçivəsində strateji əhəmiyyətə malikdir. Türk dünyasının nəqliyyat, kommunikasiya, tranzit və digər istiqamətlərdə potensialından istifadə məqsədilə görülən işlər qlobal əhəmiyyətli layihələrin icrasına gətirib çıxarıb. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır. Ölkəmiz Türkiyə ilə Mərkəzi Asiya arasında coğrafi, iqtisadi, nəqliyyat və digər sahələrdə körpü rolunu oynayır.

Bu ilin aprel ayında ölkəmizdə Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşü keçirildi. Görüşdə türk dövlətləri arasında siyasi, iqtisadi, nəqliyyat-tranzit, enerji təhlükəsizliyi, rəqəmsal transformasiya, humanitar və bir çox digər sahələrdə əlaqələrin inkişafı üçün mühüm imkanların olduğu vurğulandı. Görüşün nəticələrinə dair qəbul edilmiş Birgə Bəyannamədə də vacib məsələlər əksini tapdı. Prezident İlham Əliyev görüş iştirakçılarını qəbul edərkən bir daha vurğuladı ki, təşkilatın inkişafı üçün əlbəttə, Zirvə görüşlərinin böyük əhəmiyyəti var. Bu görüşlər müntəzəm olaraq keçirilir. Azərbaycanın təşəbbüsü ilə dövlət başçılarının qeyri-rəsmi görüşləri də keçirilməyə başlanıb. Birinci belə qeyri-rəsmi Zirvə görüşü Qarabağda, Şuşada keçirilmişdir. Artıq bu, ənənə halına çevrilib və bu da çox gözəl göstəricidir. Dövlət başçıları artıq ildə ən azı iki dəfə görüşürlər. Çünki həm müzakirə edilməli məsələlər çoxdur, həm dünyada proseslər o qədər sürətlə gedir ki, daim biz məsləhətləşmələr aparmalı, bir-birimizin fikirlərini öyrənməli və düzgün qərarların qəbul edilməsi üçün ortaq addımlar atmalıyıq. Prezident İlham Əliyev, eyni zamanda, bildirdi ki, təşkilatımızın gələcək inkişafı ilə bağlı növbəti addımlar atılacaq.

Çağırışlarda bu məqam da xüsusi qeyd edilir ki, bu gün Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin qarşısında duran əsas məsələlərdən biri nəqliyyat, logistika, tranzit imkanların genişləndirməkdir. Prinsip etibarilə buna hər zaman ehtiyac var. Bu ölkələrdən keçən Orta Dəhliz hər birinin marağına cavab verir. Xüsusilə indiki geosiyasi vəziyyətdə Orta Dəhliz, Trans-Xəzər dəhlizi, Zəngəzur dəhlizi, bu istiqamətdə olan digər layihələr daha böyük önəm daşıyır. Dünya üçün yeni nəqliyyat yolları təqdim edilir. Bu, bir daha göstərir ki, Türk Dövlətləri Təşkilatının və üzv dövlətlərin məramı sülhə, əməkdaşlığa, əmin-amanlığa, qarşılıqlı hörmətə və qarşılıqlı maraqlara yönəlib.

Cənab İlham Əliyevin hər bir çıxışında Azərbaycanın tarixi Zəfərinə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasına, dünyaya təqdim etdiyimiz təkmil sülh modelinə xüsusi diqqət yönəldilir. Şanlı Qələbəmizdən ötən dövr ərzində Prezident İlham Əliyevin dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsinə verdiyi töhfələrə yüksək dəyərin təqdim olunan mükafatlarda öz əksini tapması diqqətdən kənarda qalmır. Cənab İlham Əliyev bu günlərdə Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb, onlara mənzillərin açarlarını təqdim edərkən çıxışında bir daha bu çağırışı böyük qürur hissi ilə qeyd etdi ki, bu gün biz sülh şəraitində yaşayırıq və sülhün müəllifi də bizik.

Dövlət başçısı İlham Əliyevin 2021-ci ilin noyabrında Türk Dünyasının Ali Ordeninə, bu ilin fevralında “Zayed İnsan Qardaşlığı Mükafatı”na, aprelin 26-da isə “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməsi sülhə töhfələrimizin, həmçinin ölkəmizin sülh təcrübəsinin təqdimatlarıdır. “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirildi. Sözügedən mərasimdəki çıxışında “Birləşmiş Ərəb Əmirliklərinin banisi, mərhum Şeyx Zayedin adını daşıyan bu mükafata layiq görülmək mənim üçün böyük şərəfdir. O, elə bir böyük lider idi ki, onun uzaqgörənliyi və fəaliyyəti BƏƏ-ni dünyanın ən firavan və ən uğurlu ölkələrindən birinə çevirmişdir” söyləyən Prezident İlham Əliyev bildirdi ki, bizim nümunəmiz öyrənilməli və hələ də müharibə vəziyyətində olanlar üçün yol xəritəsi kimi istifadə edilməlidir. Bizim nümunəmiz göstərir ki, uzunmüddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür. Hər iki tərəfdən güclü siyasi iradə mövcud olduğu və həmin proses dost ölkələr və beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndiyi halda, sülh mümkündür.
 Prezident İlham Əliyev “Sülh və Barışıq üçün Gernika mükafatı”nın təqdimolunma mərasiminin iştirakçılarına müraciətində isə vurğuladı ki, 30 ilə yaxın müddət ərzində münaqişə şəraitində yaşamış, müharibənin ağır fəsadları ilə üzləşmiş Azərbaycan xalqı da sülhün və barışığın dəyərini çox yaxşı anlayır. Azərbaycan bu gün sülh şəraitində yaşamağın nə olduğunu öyrənir. Biz eyni zamanda sülhü möhkəmləndirmək və onu əməli fəaliyyətə çevirmək üçün addımlar atırıq və artıq hər iki cəmiyyətimiz sülhün iqtisadi, ticari və digər sahələrdə real faydalarının şahidi olur. İki ölkə arasında etimad quruculuğu tədbirləri davamlı sülhün bərqərar olmasında mühüm rol oynayır. Dövlət səviyyəsində atılan addımlarla yanaşı, vətəndaş cəmiyyətinin nümayəndələri arasında mütəmadi görüşlər bu prosesə müsbət töhfəsini verir. Dövlətimizin başçısı İlham Əliyev həmin müraciətində belə bir çağırışı da diqqətə çatdırdı ki, “Sülh və Barışıq üçün Gernika mükafatı” yalnız artıq əldə olunmuş nailiyyətlərin tanınması deyil, həm də beynəlxalq birliyin ortaq rifahı, sülh naminə atılacaq gələcək addımlar baxımından mühüm ruhlandırıcı stimul və məsuliyyətdir.

Göründüyü kimi, Azərbaycanın regionda dayanıqlı sülhə və təhlükəsizliyə yönələn addımları yüksək dəyərləndirilir, yeni əməkdaşlıq formatlarının yaradılmasına, böyük ailə kimi dəyərləndirilən Türk dünyasının həmrəyliyinə stimul verir. Sülh inkişafın, tərəqqinin əsasıdır. Azərbaycanın ev sahibliyi etdiyi tədbirlərin coğrafiyasının genişləndirilməsində də bu amylin rolu böyükdür. Təbii ki, Türk dünyası bu birliyini Azərbaycanın yaxın günlərdə ev sahibliyi edəcəyi, 180 ölkədən 32 mindən çox nümayəndəni bir araya gətirəcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında da nümayiş etdirəcək. Tədbir çərçivəsində keçiriləcək görüşlər, müzakirə ediləcək məsələlər gələcək planlarda əhəmiyyətli rol oynayacaq. Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşünün Qəbələ Bəyannaməsində Azərbaycanda Ümumdünya Şəhərsalma Forumunun keçirilməsinin vacibliyi qəbul edilmiş, şəhər dayanıqlığı və innovasiya sahəsində əməkdaşlığı gücləndirmək üçün Ümumdünya Şəhərsalma Forumu zamanı Davamlı Şəhərlərin TDT Forumunun yaradılması haqqında Bəyannamənin imzalanması təşviq edilmişdir. Forum Türk dünyasının şəhərsalma təcrübəsinin və dayanıqlı inkişaf hədəflərinin beynəlxalq səviyyədə nümayişi üçün strateji platforma rolunu oynayacaq. Forum Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında urbanizasiya, "ağıllı şəhərlər" və dayanıqlı mənzil təminatı sahəsində təcrübə mübadiləsi üçün imkan yaradacaq. Ümumdünya Şəhərsalma Forumundən öncəyə təsadüf edən Türkistan Zirvə görüşünün mövzusu özündə əsas çağırışları ehtiva edir. Ümumilikdə, atılan addımlar Türk dünyası daxilində iqtisadi inteqrasiyanın, enerji və nəqliyyat sahəsində dost və qardaş ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsinə və regionumuzun dayanıqlı inkişafına xidmət edir.

Yeganə Əliyeva, “İki sahil”