Bu səfər sadəcə diplomatik bir protokol deyil, həm də Avropanın Azərbaycana olan etimadının növbəti nümayişidir. Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə ilə regionda yeni reallıq yaradıb. Artıq hər kəs görür və qəbul edir ki, Azərbaycanın razılığı və iştirakı olmadan regionda hər hansısa bir layihəni reallaşdırmaq mümkün deyil. Buna görə də müxtəlif dövlətlər, beynəlxalq və regional təşkilatlar heç bir tərəddüd etmədən Azərbaycan ilə əməkdaşlığa can atır. Təbii ki, ötən illər ərazində ölkəmizin yaratdığı beynəlxalq əməkdaşlıq platforması bu gün Azərbaycanın regionda yaratdığı yeni reallıqlara uyğun şəkildə əməkdaşlığı daha da inkişaf etdirməyə imkan yaradıb. Artıq bütün dünya qəbul edir ki, Azərbaycan ədaləti bərpa edib, beynəlxalq hüququn ona verdiyi imkanlardan istifadə edərək işğal olunmuş torpaqları düşməndən təmizləyib. Hər kəs bilir ki, dayanıqlı sülh və rifah naminə regionda olan ölkələr arasında əməkdaşlıq əlaqələri genişlənməlidir. Aİ Şurasının Prezidentinin Bakıya gəlişi də regionda davamlı sülhün bərqərar olması prosesinə dəstək xarakteri daşıyır. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həyata keçirdiyi quruculuq işləri, habelə Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində atdığı addımlar Brüssel tərəfindən yüksək qiymətləndirilir. Koştanın bu səfəri Aİ-nin regionda sabitliyin qorunmasında Azərbaycanın liderlik rolunu qəbul etdiyinin bariz nümunəsi olmaqla ölkəmizin Cənubi Qafqazda sabitlik faktoru kimi artan nüfuzunun göstəricisidir.
Səfər çərçivəsində keçirilən görüşləri göstərdi ki, Avropa İttifaqı Azərbaycanı təkcə etibarlı qaz tədarükçüsü kimi deyil, həm də “yaşıl enerji” keçidində mühüm tərəfdaş kimi görür. Dövlətimizin başçısı cənab İlham Əliyevin səsləndirdiyi fikirlər də ölkəmizin bu sahədəki qlobal liderliyini və strateji vizyonunu açıq şəkildə ortaya qoyur. Azərbaycanın Avropanın enerji xəritəsindəki yeri artıq müzakirəolunmazdır. 2022-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında sənəd bu əməkdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəldib. Bu gün Azərbaycan qazı həm həcm, həm də coğrafi əhatə dairəsi baxımından rekord göstəricilərə imza atır. Cənab Prezidentin qeyd etdiyi kimi, artıq Avropa İttifaqının 10 üzvü, ümumilikdə isə 16 ölkə Azərbaycan qazını qəbul edir. Bu fakt Azərbaycanı dünyada boru kəməri ilə qaz təchiz edən bir nömrəli ölkə statusuna yüksəldib.
Bu səfər nəinki iqtisadi dividendər, həm də siyasi baxımdan mühüm mesajlar daşıyır. Azərbaycanın təqdim etdiyi logistik imkanlar, xüsusən “Orta Dəhliz” layihəsi Avropa üçün iqtisadi təhlükəsizlik deməkdir. Səfərin ən mühüm siyasi tərəflərindən biri regionda yaranmış dinc şərait və sülh quruculuğu prosesidir. Sülh sazişinin paraflanması “Orta Dəhliz”in potensialını artırmaqla bərabər, ikitərəfli ticarət əlaqələrinin də bərpasına geniş yol açır. Cənab Prezident İlham Əliyev bəyanatında xüsusi olaraq qeyd etdi ki, Azərbaycanın müstəqillik tarixinin ən dinc dövrü yaşanır və sülhün qalıcı olması üçün ölkəmiz tərəfindən güclü siyasi iradə nümayiş etdirilir. Artıq Azərbaycan ərazisindən Ermənistana gedən yüklərin tranzitinə qoyulan məhdudiyyətlərin də aradan qaldırılması ölkəmizin sülhpərvər və konstruktiv mövqeyinin növbəti təzahürüdür. Bu addım regionun nəqliyyat-logistika mərkəzinə çevrilməsi yolunda atılan strateji addımdır.
Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu siyasət Azərbaycanın beynəlxalq arenada çəkisini hər gün daha da artırır. Antonio Koştanın 11 mart səfəri göstərdi ki, Bakı və Brüssel arasında qurulan körpülər sarsılmazdır. Bu əməkdaşlıq təkcə Azərbaycanın deyil, bütövlükdə böyük bir coğrafiyanın enerji təhlükəsizliyinə, iqtisadi inkişafına və sülh içində gələcəyinə xidmət edir.
Anar Məmmədov,
Milli Məclisin deputatı