19 sentyabr 2026 21:40
105

Dünyanın güclü dövlətləri Azərbaycanla ikitərəfli əlaqələri daha da genişləndirir

Tarix həm də hadisələrdir. Elə hadisələr ki, tarixin axarını dəyişir, əksər hallarda ədalətin təntənəsinə dönür. 2023-cü il sentyabrın 20-si günü kimi...

“Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Azər­bay­can Respublikası Prezidentinin Sərəncamından çıxarışda qeyd olunur ki, “Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiy­yətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxma­ya­raq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xal­qı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı he­sabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir”.

Ermənistan elan etmədən başladığı ədalətsiz mü­ha­ribədə Azərbaycanın ərazisinin 20 faizini işğal etmişdi. BMT-nin Təhlükəsizlik Şurasının qə­rar­ları da, Minsk qrupunun fəaliyyəti də müha­ri­bəni sonlandıra bilmədi. Şəhər və kəndlərimizi, ta­rixi, dini, mədəni abidələrimizi dağıdan, təbii resurs­la­rımızı talan edən, Başlıbel, Qaradağlı, Me­şə­li, Ağdaban, Xocalı, ...faciələrini törədən, ha­va­dar­la­rına güvənən Ermənistan sülh danışıqla­rın­dan yayınır, yeni ərazilər işğal etmək niyyəti ilə Azər­bay­canın ərazilərinə hücumlar edirdi. Azər­baycanın və vasitəçilərin bütün sülh təkliflərini rədd edən Ermənistan 2020-ci il sentyabrın 27-də yenə Azərbaycanın ərazilərinə geniş miqyaslı hücum etdi. Hücumun qarşısı alındı, Azərbaycan Ordusu Ali Baş Ko­man­danın döyüş əmri ilə əks-hücuma keçdi. Bu, İkinci Qarabağ müharibəsinin başlanğıcı ol­du...

Sentyabrın 27-də Füzuli rayonunun Qaraxanbəyli kəndinin işğaldan azad edilməsi İkinci Qa­ra­bağ müharibəsində Azərbaycan Ordusunun ilk qələbəsi idi. Döyüşə-döyüşə kəndlərimizi, şə­hər­lərimizi, strateji əhəmiyyətli yüksəklikləri işğaldan azad edən Azərbaycan Ordusu döyüşə-dö­yü­şə Şuşaya yaxınlaşdı, keçilməzlikləri rəşadəti ilə, qətiyyəti ilə, hünəri ilə keçərək noyabrın 8-də Şuşanı da işğaldan azad etdi. Azərbaycan Ordusu tarixi Zəfər qazandı. Noyabrın 10-da üçtərəfli bəyanat imzalandı. Ermənistan Kəlbəcərdən, Ağdamdan, La­çın­dan döyüşsüz geri çəkildi.

Ermənistan Xankəndinə çəkilən ordu hissələrini, silahlı birləşmələrini silahla, hərbi sursatla Laçın vasitəsilə təmin edirdi. Bu səbəbdən Azərbaycan hökuməti 2023-cü il aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında, Həkəri ça­yının üzərində Ermənistanla sərhəddə nəzarət-bura­xı­lış məntəqəsi yaratdı. Bu, hakimiyyətin ali­li­yinin və nəzarət funksiyasının yerinə yetirilməsinin tə­min edilməsi istiqamətində olduqca gərəkli bir tədbir kimi  Azərbaycanın II Qarabağ müharibə­sin­dən sonra döyüşsüz əldə etdiyi tarixi nailiy­yət oldu. Azərbaycan Respublikasının Prezidenti cə­nab İlham Əliyev Qarabağ Universitetinin müəl­­lim və tələbə heyəti ilə görüşündə çıxışında qü­rurla bildirdi ki, “Düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etmişdir. Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi”.

Sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxri­batların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək tor­paqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşu­nun bərpa edilməsi məqsədilə Azərbaycan Ordusu Ali Baş Komandan döyüş əmri verdi, antiterror təd­bir­lərinə başlanıldı. Cəmi 23 saat 43 dəqiqə davam edən əmə­­liyyat nəticəsində güclü Azərbaycan Or­dusu döyüş əmrini  yüksək peşə­kar­lıqla yerinə yetirdi. Dağlıq Qarabağ rejimi özünü buraxdığını elan etdi. Azərbaycanın ərazi bütöv­lü­yü tam bərpa olundu...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə sentyabrın 20-si Dövlət Suverenliyi Günü kimi təsis edildi.

2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə Bakı Metropolite­ni­nin stansiyalarından birinə “20 Sentyabr” adı verildi...

Dövlət başçımızın sərəncamı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan olundu. Bu təşəbbüsün mahiyyəti həm İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfərin, həm də bu Zə­fəri tamamlayan qüdrətin tarixləş­mə­sidir. Suverenliyi tam bərpa olun­muş Azərbaycanla dünya dövlətlərinin istər siyasi, istərsə də iqtisadi, mədəni əlaqələri məhz bu müstəvidə daha da ge­niş­lən­di. İndi dünyanın ən güclü dövlətləri Azərbaycanla ikitərəfli münasi­bət­ləri xarici siyasəti üçün prioritet bilir...

Səbinə Xasayeva,

Milli Məclisin deputatı