19 sentyabr 2026 13:11
134

Türk dünyasında təhlükəsizlik əməkdaşlığının yeni mərhələsi

Müasir dünyada təhlükəsizlik anlayışının məzmununun dəyişməsi də Prezidentin çıxışında xüsusi yer tutur. Ənənəvi təhdidlərlə yanaşı, kibertəhdidlər, yeni qeyri-sabitlik ocaqları, transmilli mütəşəkkil cinayətkarlıq, terrorçuluq, dini ekstremizm və hibrid təhdidlər dövlətlərin qarşısında yeni vəzifələr yaradır. TDT-yə üzv ölkələrin təhlükəsizlik strukturları arasında əməkdaşlığın dərinləşdirilməsi məhz bu çağırışlara kollektiv cavab imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir.

Türk Dövlətləri Təşkilatının (TDT) təhlükəsizlik şuralarının rəhbər şəxslərinin Bakıda keçirilən görüşü və Prezident İlham Əliyevin tədbir iştirakçılarını qəbul edərkən səsləndirdiyi fikirlər Türk dünyasında inteqrasiya proseslərinin yeni mərhələyə qədəm qoyduğunu göstərən mühüm siyasi hadisə kimi qiymətləndirilir. Sentyabrın 17-də keçirilən görüşdə TDT-nin təhlükəsizlik gündəliyinin aktual məsələləri ilə yanaşı, təşkilatın beynəlxalq mövqeyi və üzv dövlətlər arasında qarşılıqlı fəaliyyətin perspektivləri də diqqət mərkəzində olub.

Prezident İlham Əliyevin çıxışında diqqəti çəkən əsas məqamlardan biri Türk Dövlətləri Təşkilatının artıq yalnız mədəni, humanitar və iqtisadi əməkdaşlıq platforması kimi deyil, geniş spektrli strateji məsələlərin müzakirə edildiyi siyasi təşkilat kimi təqdim olunmasıdır. Dövlət başçısı qeyd edib ki, TDT çərçivəsində müxtəlif istiqamətlər üzrə 63 mexanizm və platforma fəaliyyət göstərir və burada söhbət yalnız görüşlərdən deyil, konkret qərarların qəbul edilməsindən və həmin qərarlardan irəli gələn tapşırıqların icrasından gedir.

Bu yanaşma təşkilatın institusional inkişafının mühüm göstəricisidir. Çünki müasir beynəlxalq münasibətlər sistemində dövlətlərarası əməkdaşlığın davamlı və nəticəyönümlü olması üçün siyasi iradə ilə yanaşı, müxtəlif sahələri əhatə edən işlək mexanizmlərin mövcudluğu xüsusi əhəmiyyət daşıyır. TDT-nin təhlükəsizlik strukturları arasında müntəzəm dialoqun formalaşması da bu baxımdan təşkilatın əməkdaşlıq imkanlarının genişləndiyini nümayiş etdirir.

Prezident İlham Əliyevin çıxışında səslənən “Birlikdə güclüyük” fikri isə görüşün siyasi mahiyyətini ifadə edən əsas tezislərdən biri kimi diqqəti çəkir. Burada söhbət yalnız təhlükəsizlik sahəsində koordinasiyadan getmir. Bu yanaşma Türk dövlətlərinin ümumi maraqlar ətrafında daha sıx əməkdaşlıq etməsinin, mövcud imkanlarını birləşdirməsinin və beynəlxalq proseslərdə qarşılıqlı fəaliyyətini gücləndirməsinin vacibliyinə işarə edir.

Digər mühüm məqam isə təhlükəsizlik əməkdaşlığının təşkilatın ümumi inteqrasiya prosesindən ayrılmaz şəkildə nəzərdən keçirilməsidir. Təhlükəsizlik Şuraları katiblərinin toplantısında vurğulandığı kimi, terrorçuluq, transmilli cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, ekstremizm, hibrid təhdidlər və kritik infrastrukturun mühafizəsi kimi məsələlər ayrı-ayrı dövlətlərin təkbaşına həll edə biləcəyi problemlər deyil. Buna görə də koordinasiya və məlumat mübadiləsi mexanizmlərinin gücləndirilməsi TDT daxilində əməkdaşlığın təbii istiqamətlərindən birinə çevrilir.

Görüşün siyasi əhəmiyyətini artıran digər amil onun beynəlxalq təhlükəsizlik sistemində baş verən dəyişikliklər fonunda keçirilməsidir. Dünyanın müxtəlif regionlarında geosiyasi rəqabətin və təhlükəsizlik risklərinin artdığı bir vaxtda Türk dövlətlərinin öz aralarında qarşılıqlı etimad və əməkdaşlıq mexanizmlərini gücləndirməsi onların regional və beynəlxalq proseslərdə daha əlaqələndirilmiş fəaliyyət göstərməsinə imkan yarada bilər.

Bu baxımdan Bakı görüşü yalnız təhlükəsizlik məsələlərinin müzakirə edildiyi növbəti toplantı deyil. O, Türk Dövlətləri Təşkilatının institusional inkişafının, üzv dövlətlər arasında koordinasiyanın genişlənməsinin və ümumi təhlükəsizlik gündəliyinin formalaşmasının mühüm göstəricilərindən biri kimi diqqət çəkir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Türk dövlətlərinin müxtəlif istiqamətlərdə birlikdə hərəkət etməsi onların təhlükəsizliyinə, sabitliyinə və gələcək inkişafına xidmət edən əsas amillərdən biri kimi çıxış edir.

Əminə Ağazadə,

Milli Məclisin deputatı