Bəzi insanların ömür yolu yalnız keçdikləri illərlə, tutduqları vəzifələrlə, yazdıqları kitabların sayı ilə ölçülmür. Belə insanların həyatında zaman sadəcə ard-arda düzülən tarixlər deyil, hər yeni mərhələ əvvəlkindən doğan və gələcəyə açılan bir düşüncə xəttinə çevrilir. Alimin əsl miqyası da bəzən onun yazdıqlarından daha çox, yaratdığı elmi mühitdə, açdığı yeni istiqamətlərdə və elmin qarşısında qoyduğu suallarda görünür.
Professor Nadir Məmmədlinin son illərdəki fəaliyyəti haqqında düşünərkən məhz belə bir mənzərə yaranır. 2021-ci ildən AMEA Nəsimi adına Dilçilik İnstitutuna rəhbərlik edən alim üçün bu dövr yalnız inzibati rəhbərlik mərhələsi olmayıb. Son beş ildə institutun fəaliyyəti Azərbaycan dilinin fundamental problemlərinin araşdırılması ilə yanaşı, türkoloji əlaqələrin genişləndirilməsi, milli dil resurslarının yaradılması, dilçiliyin rəqəmsal texnologiyalarla əlaqələndirilməsi, elmi irsin üzə çıxarılması və beynəlxalq elmi əməkdaşlığın inkişaf etdirilməsi istiqamətlərində də genişlənib. Beləliklə, institut qarşısında yalnız mövcud elmi ənənələri davam etdirmək deyil, həm də Azərbaycan dilçiliyinin yeni dövrün tələblərinə cavab verə biləcək istiqamətlərini müəyyənləşdirmək vəzifəsi dayanıb.
Bu fəaliyyətin diqqətçəkən cəhətlərindən biri onun türkoloji istiqamətidir. Professor Nadir Məmmədlinin “Türkologiya” jurnalına rəhbərlik etməsi, türk dünyasının müxtəlif elmi mərkəzləri ilə əlaqələrin inkişaf etdirilməsi, Qazaxıstan, Özbəkistan və Türkiyə ilə elmi əməkdaşlığın genişləndirilməsi, ortaq türk əlifbası məsələsinin müzakirəsində iştirakı təsadüfi və bir-birindən təcrid olunmuş hadisələr kimi görünmür. Əksinə, bunlar türkoloji elmin müxtəlif coğrafiyalarını bir-birinə yaxınlaşdırmaq istəyinin ayrı-ayrı ifadələridir.
Bu mənada onun alim obrazı yalnız Azərbaycan dilçiliyinin problemləri ilə məhdudlaşmır. Dilin sərhədləri genişləndikcə onun elmi maraqlarının coğrafiyası da genişlənir. Bu prosesin maraqlı cəhətlərindən biri də ondan ibarətdir ki, professor Nadir Məmmədli türkoloji birliyi yalnız çağdaş elmi əlaqələrdə deyil, tarixi yaddaşda da axtarır. Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərinin Xalid Səid Xocayev tərəfindən Azərbaycan dilinə edilmiş tərcüməsinin uzun illərdən sonra institut arxivindən aşkar olunması və nəşrə hazırlanması bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu hadisə bir kitabın tapılmasından daha böyük məna kəsb edir. Burada repressiya illərində yarımçıq qalmış bir elmi yaddaşın yenidən dövriyyəyə qaytarılması, Azərbaycan elmi tarixinin itirilmiş səhifələrindən birinin bərpası var. Professor Nadir Məmmədli həmin nəşrin tərtibçisi, giriş və şərhlərin müəllifidir.
Bəlkə də onun alimliyinin mühüm xüsusiyyətlərindən biri məhz budur ki, keçmişi yalnız xatırlamaq üçün deyil, gələcəyin elmi düşüncəsinə bağlamaq üçün araşdırmaq gərəkdir. Bu yanaşmanın başqa bir ifadəsini 2024-cü ildə Qazaxıstan Milli Avrasiya Universiteti ilə imzalanmış memorandumda görmək mümkündür. Sənəd birgə tədqiqatları, elmi kadr hazırlığını, beynəlxalq konfransların keçirilməsini və elmi nəşrlərin hazırlanmasını nəzərdə tutur. Yəni burada söhbət sadəcə qarşılıqlı səfər və görüşlərdən yox, elmi əməkdaşlığın institusional əsaslarının qurulmasından gedir. Türk dünyasının siyasi və institusional yaxınlaşmasının sürətləndiyi bir dövrdə belə təşəbbüslərin xüsusi elmi mənası var. Türk Dövlətləri Təşkilatının öz sənədlərində də ortaq tarix, dil və mədəniyyətlə yanaşı, elm, təhsil, texnologiya və innovasiya sahələrində çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilir.
Bu böyük prosesin elmi müstəvisində dilçiliyin xüsusi yeri var. Çünki dövlətlərarası əməkdaşlığın davamlılığı yalnız siyasi qərarlardan deyil, xalqların bir-birini anlama imkanlarını genişləndirən elmi, mədəni və dil platformalarından da keçir. Professor Nadir Məmmədlinin son illərdəki fəaliyyəti məhz bu elmi-mədəni müstəvinin möhkəmləndirilməsinə yönələn təşəbbüslərlə seçilir.
2026-cı il bu baxımdan xüsusi mərhələdir. Birinci Türkoloji Qurultayın 100 illiyinin qeyd edilməsi Azərbaycan türkoloji elminin tarixində mühüm hadisə olmaqla yanaşı, Azərbaycanı yenidən türkoloji düşüncənin beynəlxalq müzakirə məkanlarından birinə çıxardı. Ankarada keçirilən beynəlxalq konfransda Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Rusiyadan alimlərin iştirakı, dil, əlifba, terminologiya, dil siyasəti və mədəni birlik məsələlərinin birgə müzakirəsi bu prosesin miqyasını göstərir. Professor Nadir Məmmədlinin burada Birinci Türkoloji Qurultayın siyasi və elmi əsaslarına dair məruzə ilə çıxış etməsi də onun fəaliyyət xəttinin məntiqi davamıdır.
Onun 2026-cı ildə çap olunmuş “1926-cı il I Türkoloji Qurultay: tarixi zəmində, arxiv sənədlərində, milli mətbuatda” kitabı da təsadüfi nəşr kimi görünmür. Bu əsər vasitəsilə alim bir əsr əvvəlki türkoloji hadisəni yalnız tarix kitabının səhifələrində saxlamır, onu bugünkü türkoloji düşüncə üçün yenidən müzakirə predmetinə çevirir. Kitabın 2026-cı ilin ilk yarısında Dilçilik İnstitutunun mühüm elmi nəticələrindən biri kimi qeyd edilməsi də bunun göstəricisidir. Lakin Nadir Məmmədlinin rəhbərliyi dövründə Dilçilik İnstitutunda baş verənləri yalnız türkoloji əlaqələrin genişləndirilməsi ilə məhdudlaşdırmaq da doğru olmazdı. Azərbaycan dilçiliyinin qarşısında dayanan mühüm məsələlərdən biri dilin rəqəmsal dövrdə elmi və texnoloji imkanlarının yaradılmasıdır.
Son illərdə institutda bu istiqamətdə görülən işlər artıq ayrı-ayrı elektron resursların hazırlanması səviyyəsindən daha geniş bir mənzərə yaradır. Milli dil korpusunun formalaşdırılması istiqamətində aparılan işlər, böyük həcmli dil materiallarının avtomatik və yarıavtomatik emalı, söz bazasının və tezlik lüğətlərinin hazırlanması, konkordansların və linqvistik təhlil vasitələrinin yaradılması Azərbaycan dilinin rəqəmsal infrastrukturunun əsas elementlərini formalaşdırır. Bu işin miqyası xüsusilə diqqətəlayiqdir. Müxtəlif mənbələrdən yüz milyonlarla söz-formanın toplanması və onların kompüter proqramları vasitəsilə emal edilməsi artıq ənənəvi kartoçka prinsipi ilə aparılan lüğətçilikdən keyfiyyətcə fərqli bir mərhələyə keçid deməkdir. 2025-ci ildə 520 milyon söz-formanın toplanması, onların emalı nəticəsində strukturlaşdırılmış söz bazasının yaradılması və tezlik lüğətlərinin hazırlanması işləri görülmüşdür. Bu prosesin əhəmiyyətli tərəflərindən biri də korpus məlumatlarının lüğətçilik və normativ dilçilikdə tətbiqidir. Orfoqrafiya lüğətinin hazırlanmasında Dilçilik İnstitutunun Dil Korpusu bazasından istifadə edilməsi və sözlərin real mətnlərdə işlənmə tezliyinin nəzərə alınması normativ lüğətçiliyin də korpus əsaslı metodlara doğru inkişaf etdiyini göstərir. Beləliklə, lüğətçilik getdikcə yalnız ənənəvi dilçilik müşahidələrinə deyil, böyük həcmli real dil materialının statistik və korpusəsaslı təhlilinə də söykənir.
Bu rəqəmsal dönüşün əsl maraqlı tərəflərindən biri Azərbaycan dilinin yalnız ümumi milli korpus səviyyəsində deyil, ayrı-ayrı sənətkarların fərdi dil dünyası səviyyəsində də öyrənilməsinə imkan verən müəllif korpuslarının yaradılmasıdır.
Azərbaycan dilçiliyində müəllif korpusunun yaradılması istiqamətində ilk təşəbbüs görkəmli söz ustadı, Azərbaycanın Xalq şairi Sabir Rüstəmxanlının yaradıcılığı əsasında həyata keçirilib. Bu təşəbbüsün ideya müəllifi AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, elmi redaktoru professor Nadir Məmmədlidir. Həmin layihənin mühüm nəticəsi olan “Sabir Rüstəmxanlı dilinin tezlik lüğəti” də məhz belə yeni elmi yanaşmanın məhsuludur. 568 səhifəlik bu fundamental nəşr bir şairin əsərlərində işlənmiş sözlərin sadəcə siyahısını təqdim etmir. Onun arxasında müəllif yaradıcılığının böyük həcmli mətn korpusunun yaradılması, mətnlərin elektronlaşdırılması, sistemləşdirilməsi, emalı və statistik baxımdan təhlili dayanır.
Beləliklə, Sabir Rüstəmxanlının dili ilk dəfə bütöv müəllif yaradıcılığı miqyasında rəqəmsal məlumatlar sistemi kimi öyrənilmək imkanı qazanır. Sözün hansı tezlikdə işlənməsi, hansı mətnlərdə və hansı kontekstlərdə meydana çıxması, leksik və qrammatik xüsusiyyətləri artıq yalnız tədqiqatçının müşahidəsinə deyil, sistemləşdirilmiş korpus materialına əsasən araşdırıla bilir. Bu, Azərbaycan dilçiliyi üçün yalnız bir şairin dilinin öyrənilməsi demək deyil. Layihənin elmi redaktoru kimi professor Nadir Məmmədlinin bu təşəbbüsdə iştirakı da təsadüfi deyil. Çünki müəllif korpusu, tezlik lüğəti və korpusəsaslı dilçilik ənənəvi lüğətçiliklə müasir rəqəmsal dilçilik arasında yeni bir elmi keçid yaradır. Müəllif korpuslarının yaradılması gələcəkdə müxtəlif yazıçı və şairlərin dilinin müqayisəli şəkildə tədqiqinə, müəllif üslubunun statistik və linqvistik göstəricilərinin müəyyənləşdirilməsinə, Azərbaycan ədəbi dilinin müxtəlif dövrlər üzrə inkişaf dinamikasının daha dəqiq izlənilməsinə yeni imkanlar aça bilər.
Burada konkordansların da xüsusi əhəmiyyəti üzə çıxır. Müəllif korpusunun konkordans imkanları ilə birləşdirilməsi sözün yalnız neçə dəfə işlənməsini deyil, onun real mətn mühitini, digər sözlərlə əlaqəsini və müxtəlif kontekstlərdə davranışını görməyə imkan verir. Beləliklə, elektron mətn sadəcə saxlanılan material deyil, üzərində müxtəlif istiqamətlərdə elmi axtarış aparılan strukturlaşdırılmış dil resursuna çevrilir. Bu mənada milli korpus, söz bazası, tezlik lüğətləri, konkordanslar, müəllif korpusları, elektron lüğətlər və linqvistik analiz vasitələri bir-birindən ayrı layihələr kimi deyil, gələcəkdə vahid milli dil resursları sisteminin komponentləri kimi düşünülə bilər. Belə bir yanaşma Azərbaycan dilini yalnız qorunan və normalaşdırılan milli-mədəni sərvət kimi deyil, kompüterdə emal edilə bilən, axtarıla bilən, statistik şəkildə öyrənilə bilən və süni intellekt sistemlərində istifadə oluna bilən müasir elmi-texnoloji resursa çevirir. Beləliklə, Nadir Məmmədlinin rəhbərliyi dövründə Dilçilik İnstitutunun fəaliyyətində ilk baxışda bir-birindən uzaq görünən istiqamətlər arasında əslində müəyyən daxili bağlılıq meydana çıxır. Keçmişin arxiv sənədləri, Mahmud Kaşğarinin “Divan”ı, Xalid Səid Xocayevin elmi irsi, Birinci Türkoloji Qurultayın tarixi bir tərəfdə, milli dil korpusu, müəllif korpusu, konkordanslar, orfoqrafiya və süni intellekt digər tərəfdə dayanır.
Bunları birləşdirən isə bir düşüncə xəttidir: Azərbaycan dili və türkoloji düşüncə öz tarixi yaddaşını qorumaqla müasir elmi və texnoloji dünyada necə yaşamalıdır?
Professor Nadir Məmmədlinin son illərdəki fəaliyyətini mənalı edən də, məncə, məhz bu sual ətrafında yaranan geniş düşüncə dairəsidir. Bu düşüncə xəttinin ən yeni və ən aktual ifadələrindən biri Azərbaycan dilinin 2040-cı ilədək inkişaf perspektivlərinə dair irəli sürülən strateji baxışdır. 2026-cı ilin sentyabrında professor Nadir Məmmədlinin “Azərbaycan dilinin 2040-cı ilədək inkişaf perspektivləri: çağırışlar və hədəflər” adlı məqaləsinin “Xalq qəzeti”ndə dərc olunması və bundan əvvəl AMEA-nın Humanitar Elmlər Bölməsinin Elmi şurasında eyni mövzuda məruzəsinin dinlənilməsi göstərir ki, burada ayrı-ayrı aktual dil məsələlərinin təqdimindən daha geniş bir yanaşma ortaya qoyulur. Söhbət Azərbaycan dilinin qarşıdakı onilliklərdə hansı elmi, kommunikativ və texnoloji imkanlara malik olmalı olduğuna dair strateji baxışdan gedir.
Bu baxışda Azərbaycan dilinin gələcəyi yalnız onun qorunması və normalaşdırılması ilə məhdudlaşdırılmır. Dilin elm və təhsildə, rəqəmsal platformalarda, süni intellekt və avtomatik dil emalı sistemlərində, elektron lüğətlərdə, milli dil korpusunda, terminoloji resurslarda və beynəlxalq informasiya məkanında funksional imkanlarının genişləndirilməsi qarşıya konkret hədəf kimi qoyulur. Beləliklə, milli dilin gələcəyi onun yalnız nə qədər qorunacağı ilə deyil, gələcəyin elmi və texnoloji dünyasında nə dərəcədə işlək və funksional olacağı ilə əlaqələndirilir.
Burada yuxarıda haqqında danışdığımız milli korpus, müəllif korpusu, konkordans, elektron lüğət, terminoloji resurs və süni intellekt istiqamətləri artıq ayrı-ayrı elmi layihələr kimi deyil, daha böyük bir dil inkişafı perspektivinin tərkib hissələri kimi görünür. Başqa sözlə, Nadir Məmmədlinin rəhbərliyi dövründə Dilçilik İnstitutunda həyata keçirilən və məqalədə nəzərdən keçirilən bir sıra işlər 2040-cı il üçün irəli sürülən daha geniş dilçilik baxışının elmi-infrastruktur əsaslarını təşkil edən istiqamətlərlə səsləşir. Beləliklə, bu fəaliyyətin coğrafiyası ilə yanaşı, onun zaman perspektivi də genişlənir: bir tərəfdə türkoloji yaddaşın dərin qatları, digər tərəfdə Azərbaycan dilinin 2040-cı ilə qədərki inkişaf üfüqü dayanır.
Professorun fəaliyyət coğrafiyasına baxdıqda isə daha bir mənzərə ilə qarşılaşırıq. Bakıdan Ankaraya, Almatıdan Özbəkistana, müxtəlif elmi mərkəzlərdən beynəlxalq konfranslara qədər uzanan bu coğrafiya sadəcə bir alimin çoxsaylı səfərlərinin xəritəsi deyil. Bu, elmi əlaqələrin qurulduğu, fikir mübadiləsinin aparıldığı, ortaq tədqiqatların müzakirə edildiyi bir düşüncə məkanının xəritəsidir. 2025-ci ildə Qazaxıstan, Türkiyə və digər ölkələrin elmi mərkəzlərində keçirilən tədbirlər, Türk dünyası ilə əməkdaşlığa yönələn görüşlər və 2026-cı ildə türkoloji tədbirlərin intensivləşməsi bu xəttin davamlı xarakter aldığını göstərir.
Belə bir fəaliyyətdə elmi təşkilatçılıq artıq inzibati vəzifədən daha geniş məna qazanır. Rəhbər yalnız mövcud elmi potensialı idarə etmir; onun qarşısında yeni əlaqələr qurmaq, yeni tədqiqat sahələri açmaq, gənc alimləri daha geniş elmi mühitə çıxarmaq, milli elmi irsi beynəlxalq dövriyyəyə daxil etmək kimi vəzifələr də dayanır. Nadir Məmmədlinin portretində məhz bu cəhət diqqəti cəlb edir. O, bir tərəfdən, klassik dilçilik məktəbinin yetişdirdiyi alimdir, digər tərəfdən isə dilçiliyin qarşısında tamamilə yeni məsələlərin dayandığı bir dövrün elm təşkilatçısıdır. Bir tərəfdən arxivlərə, qədim mətnlərə, lüğətlərə və türkoloji irsə qayıdır, digər tərəfdən milli korpus, müəllif korpusları, konkordanslar, süni intellekt və kompüter dilçiliyinə doğru istiqamətlənir. Bir tərəfdən Azərbaycan dilinin elmi problemləri ilə məşğul olur; digər tərəfdən həmin dili türkoloji və beynəlxalq elmi məkanın daha geniş kontekstində düşünür.
Düşüncə adamı üçün elm yalnız keçmişi izah etmək deyil, həm də gələcəyi görməyə cəhddir. Professor Nadir Məmmədlinin son illərdəki fəaliyyətinə bu baxımdan nəzər salanda onun gördüyü işlərin arxasında bir elmi entuziazmın dayandığını hiss etmək olur: Azərbaycan dilçiliyinin imkanlarını genişləndirmək, türkoloji irsi yeni nəsillərin elmi dövriyyəsinə qaytarmaq və türk dünyasının elmi potensialının daha böyük bir əməkdaşlıq məkanında üzə çıxmasına çalışmaq. Bəlkə də insanın ömrünə verilə biləcək ən gözəl qiymət onun neçə il yaşaması deyil, yaşadığı illərdə hansı düşüncə izini buraxmasıdır.
Bu gün professor Nadir Məmmədlinin doğum günüdür. Onun ömür yoluna baxanda qarşımızda yalnız bir dilçi alimin tərcümeyi-halı dayanmır. Qarşımızda kitablarla, arxivlərlə, sözlə, dillə, türkoloji yaddaşla, elm təşkilatçılığı ilə və gələcəyin texnologiyaları ilə kəsişən geniş bir elmi yol görünür.
Bu yol davam edir. Elm adamının həqiqi yaşı onun təqvimdəki illəri ilə deyil, qarşısında hələ neçə sualın dayanması ilə ölçülür.
Əziz Nadir müəllimi Azərbaycan elminə, Azərbaycan dilçiliyinə və türkoloji düşüncəyə verdiyi töhfələrin işığında salamlayır, ona möhkəm cansağlığı, yeni elmi uğurlar, tükənməz yaradıcılıq enerjisi və uzun illər boyu davam edəcək işıqlı bir elm yolu arzulayıram.
Qoy sözünüz, elminiz və yaratdığınız elmi körpülər uzun illər Azərbaycanı türk dünyasının düşüncə məkanları ilə birləşdirən yolların işığı olsun!

İlham Tahirov,
filologiya elmləri doktoru, professor
20 SENTYABR – DÖVLƏT SUVERENLİYİ GÜNÜ: ŞANLI TARİXİN ZİRVƏSİ VƏ YENİ GEOSİYASİ REALLIQLAR
Kamaləddin Qafarov: Dövlət Bayrağının bu şəhərlərdə dalğalanması ölkənin ərazi bütövlüyünün bərpasının təzahürü idi
Çıxış Türk Dövlətləri Təşkilatının daha da möhkəmlənəcəyinə inam kimi tarixləşdi