19 sentyabr 2026 12:27
139

Çıxış Türk Dövlətləri Təşkilatının daha da möhkəmlənəcəyinə inam kimi tarixləşdi

Azərbaycanın dünyanın əksər dövlətləri ilə ikitərəfli, müəyyən formatda çoxtərəfli əlaqələri vardır. Bu əlaqələr qarşılıqlı etimada, ehtirama və inama əsaslanır. Bunun nəticəsidir ki, Azərbay­can dünya miqyaslı ən mötəbər tədbirlərdə iştirak edir, bəzi tədbirlər Azərbaycanda təşkil olunur. Hər iki halda Azərbaycan ən səlahiyyətli söz sahibi kimi qarşılanır.

Azərbaycan Türk Dövlətləri Təşilatına daxil olan ölkələrlə də müntəzəm əlaqələr saxlayır, bu əlaqələrin ideoloji istiqaməti başlıca olaraq təhlükəsizlik amilidir.

Bakıda Türk Dövlətləri Təşkilatının növbəti tədbiri də Azərbaycanın islami dəyərləri yüksək səviyyədə yaşadan tolerant bir ölkə olduğunu təsdiqlədi. Tədbir zamanı Azərbaycan Respublika­sı­nın Prezidenti cənab İlham Əliyev bir neçə gün əvvəl Türk Dövlətləri Təşkilatının Müsəlman Di­ni Rəhbərləri Şurasının 7-ci toplantısında Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilə­rindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyə­ti­ni qəbul etdiyini, təşkilatın yaradıldığı 2009-cu ildə Naxçıvanda keçirilmiş tarixi Zirvə görüşün­dən sonra Türk Dövlətləri Təşkilatının mühüm məsələlərin həlli və üzv ölkələr arasında qarşı­lıq­lı əlaqələrin inkişafı, təşkilatın beynəlxalq arenadakı mövqeyinin müəyyənləşdirilməsi və möh­kəm­ləndirilməsi istiqamətində öz potensialından maksimum istifadə etdiyini, Azərbaycanın həm dünya iqtisadiyyatını enerji resursları ilə təchiz edən ölkə oldu­ğunu, həm də Mərkəzi Asiya ölkələrindən Xəzər vasitəsilə enerji resurslarının beynəl­xalq bazar­la­ra tranzitini həyata keçirdiyini, Avropa ilə Asiyanın qovşağında yerləşən, həm TDT-yə üzv Mərkəzi Asiya ölkələri, həm də Türkiyə ilə fəal qarşılıqlı əlaqədə olan Azərbaycanın coğrafi möv­qe­yinin bütün ölkələrimiz üçün nəqliyyat və enerji təhlükəsizliyi layi­hə­lərinin maksimum fayda ilə həyata keçirilməsində böyük rol oynadığını, Azərbaycanın Qazaxıstanla, Özbəkis­tanla və Qırğı­zıs­tanla birgə investisiya fondu  yaratdığını, öl­kə­mizin ikitərəfli gündəliyinin ilk növbədə Türk dün­yası ölkələrinə yönəlməsinin bizim əsas xarici siyasət prioritetimiz olduğunu, mənəvi bir­li­yin, mədəniyyətlərin və dillərin oxşarlığının, ümumi etnik köklərin təşkilatımızı möhkəmlən­dir­di­yini xatırladan Azərbaycan Respublikasının Prezi­den­ti cənab İlham Əliyev dedi: “Təşkilatımızın daha bir üstünlüyü ondan ibarətdir ki, o, ümumi etnik köklərə malik ölkələri birləşdirir. Dünyada belə təşkilatlar o qədər də çox deyil. Beynəlxalq təşkilatların siyahısına nəzər salsaq, nadir hallarda belə mənzərəyə rast gəlmək olar. Bu isə həmrəyliyin mühüm amilidir. Çünki iqtisadi və siyasi maraqlardan əlavə, ölkələrimizin ərazisində yaşayan insanlar, xalqlar arasında münasibətlər də qarşılıqlı əlaqələrimizin möhkəmlən­di­ril­mə­sində mühüm rol oynayır. Buna görə də belə mənəvi birlik, mədəniyyətlərin və dillərin oxşarlığı, ümumi etnik köklər – bütün bunlar təşkilatımızı möhkəmləndirir və ona xüsusi əhəmiyyət verir”.

Türk dövlətlərinin xarici siyasəti sülhə əsaslanır, Türk Dövlətləri Təşkilatının fəaliyyəti də sül­hə əsaslanır. Sülh bu dövlətlər üçün də, bu təşkilat üçün də prioritetdir. Dünya miqyasında ən sə­­mi­mi qarşılıqlı ehtirama əsaslanan əlaqə məhz bu dövlətlər arasındadır. Ölkə­lə­rimizin ərazilərində sabitliyin, sülhün və təhlükəsizliyin mövcudluğunu da bildirən dövlət baş­çımız dedi ki,  “Ölkə­lə­rimiz, həmçinin inamlı iqtisadi artım nümayiş etdirir. Durğunluq, iqtisa­di ge­ri­ləmə, digər iqtisadi və sosial çətinliklər bu gün, ümumiyyətlə müasir dünyanın reallıqlarıdır, xüsusilə də planetin müx­təlif yerlərində əks proseslərin getdiyini gördüyümüz bir vaxtda. Lakin TDT məkanında müsbət dinamikanı - həm sənaye istehsalının artımını, həm iqtisadi göstəriciləri, həm də sabit maliyyə sistemlərini görürük. Bütün bunlar ölkələrimizin və ölkələrimizdə dövlət səviyyəsində həyata keçirilən siyasətin böyük nailiyyətidir”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında səmimi tövsiyə xarak­terli fikirlərini də bildirdi. Bu fikirlər həm türk dövlətlərinin mənəvi dünyasının daha nurlu olma­sı­na sevginin, həm də Türk Dövlətləri Təşkilatının dünyəvi fəaliyyətinin daha da genişləndirilməsi istəyinin xatırlat­ma­sı kimi dinlənildi. Gənclər təşkilatının qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirilməsini tövsiyə edən dövlət başçımız dedi: “Əminəm ki, hər biriniz öz ölkənizdəki vəziyyəti çox yaxşı bilirsiniz. Təbii ki, ölkələrimizdə vəziyyət eyni deyil. Lakin müəyyən beynəlxalq mərkəzlərdən ölkələrimizin dövlət maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsipləri dəyişməz olaraq qalır. Həm metodlar, həm də məqsədlərinə nail olmaq cəhdləri kifayət qədər şablon xarakter daşıyır, deyərdim ki, primitivdir. Bir sözlə, bədxahlarımızda, deyərdim ki, yaradıcılıq çatışmır. Əlbəttə ki, onlar əsas səylərini hələ formalaşmamış, formalaşma mərhələsində olan və manipulyasiya etməyin daha asan olduğu gənc nəslə yönəldirlər. Məhz buna görə deyirəm, bilirəm ki, ölkələrimizin hər birində fəal gənclər siyasəti həyata keçirilir. Lakin hesab edirəm ki, TDT çərçivəsində məhz gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetir­mə­liyik, müntəzəm tədbirlər, forumlar, konfranslar keçirməliyik ki, gənc vətəndaşlarımız bir-biri ilə ünsiy­yət qursunlar. Onlar qohum xalqlara bizim nəslin münasibət göstərdiyi kimi münasibət gös­­tər­sinlər. Bunu, əlbəttə, öz nümunəmiz, uğurlu fəaliyyətimiz, təşkilatımızın möhkəmləndi­ril­məsi ilə ya­naşı, düzgün ideoloji iş vasitəsilə onlara ötürməliyik”...

Heç bir dövlət kənar qüvvələrin təhdidlərindən sığortalanmayıb. Hər dövlət öz təhlükəsizliyini tam ciddiyəti ilə təmin edir. Türk dövlətləri də. Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəh­bərləri Şurasının 7-ci toplantısı da belə tədbirlərdən oldu. Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nü­ma­yəndə heyətini qəbul edəndə  Azər­baycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxı­şında təəs­süf­lə islam dininə qarşı, İslam dünyasına qarşı elan olunmamış müharibə getdiyini, islamo­fo­bi­yanın onun kiçik bir tərkib hissəsi olduğunu da bildirmişdi. Dövlət başçımız çıxışında dinimizə yönəldilən və yaxud yönəldiləcək təhdidlərə qarşı birgə işin, qarşılıqlı fəa­liy­yətin möh­kəm­ləndirilməsini, ölkələrimiz və xalqlarımız arasında daha sıx əlaqələrin qurulmasını, Türk Döv­lət­ləri Təşkilatının beynəlxalq arenadakı rolunun gücləndirilməsini tövsiyə etdi...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri  ilə görüşü də, görüşdə çıxışı da Azərbaycanın da daxil olduğu Türk Dövlətləri Təşkilatının daha da möhkəmlənəcəyinə, dünyəvi mahiyyətinin daha da yüksələcəyinə inam kimi tarixlşdi... 

Səbinə Xasayeva,

Milli Məclisin deputatı