19 sentyabr 2026 17:38
197

Azərbaycanın dövlət suverenliyinin tam bərpasını təcəssüm etdirən tarixi gün - 20 Sentyabr

Azərbaycanın müasir tarixində elə hadisələr var ki, onların siyasi, hərbi və tarixi əhəmiyyəti yalnız baş verdiyi dövrün çərçivəsində deyil, gələcək nəsillərin taleyində də özünü göstərir. 20 Sentyabr – Dövlət Suverenliyi Günü məhz belə mühüm tarixi hadisələrdən biridir. Bu tarix Azərbaycan dövlətçiliyinin çoxəsrlik inkişafında yeni mərhələnin başlanğıcını, ölkənin bütün ərazisində dövlət hakimiyyətinin və Konstitusiya hüququnun bərqərar olmasını, milli suverenliyin tam təmin edilməsini ifadə edən mühüm siyasi rəmzə çevrilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il sentyabrın 20-nin Dövlət Suverenliyi Günü kimi qeyd olunması təsadüfi deyil. Sərəncamda xüsusi vurğulanır ki, 2023-cü il sentyabrın 19-da başlayan lokal xarakterli antiterror əməliyyatı 20 sentyabrda başa çatıb və nəticədə Azərbaycanın dövlət suverenliyi tam bərpa olunub.

Bu tarixi günün mahiyyətini düzgün dərk etmək üçün Azərbaycan dövlətçiliyinin son onilliklər ərzində keçdiyi mürəkkəb siyasi mərhələlərə nəzər salmaq vacibdir. XX əsrin sonlarında Azərbaycan dövlət müstəqilliyini bərpa etsə də, Ermənistanın hərbi təcavüzü və torpaqlarımızın işğalı ölkəmizin ərazi bütövlüyünün və suveren hüquqlarının tam şəkildə həyata keçirilməsinə ciddi maneə yaratmışdı. Azərbaycan ərazilərinin təxminən 30 il işğal altında qalması yalnız ərazi problemi deyil, eyni zamanda dövlət suverenliyi məsələsi idi.

Azərbaycan xalqının milli iradəsi, dövlətçilik ənənələri və güclü dövlət quruculuğu siyasəti nəticəsində bu tarixi ədalətsizliyin aradan qaldırılması istiqamətində ardıcıl addımlar atıldı. 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə edilmiş Zəfər ölkənin ərazi bütövlüyünün böyük hissəsinin bərpasını təmin etdi. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatı isə Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin tam bərpasını təmin edən həlledici mərhələ oldu.

Siyasi baxımdan 20 Sentyabrı Azərbaycanın müasir tarixində yeni mərhələnin başlanğıcı adlandırmağa əsas verən əsas amillərdən biri ondan ibarətdir ki, həmin tarixdən etibarən Azərbaycanın bütün ərazisində dövlət suverenliyi və Konstitusiyanın hüquqi qüvvəsi tam şəkildə təmin edildi.
Cənab Prezident İlham Əliyev 20 sentyabr 2024-cü ildə Xankəndidə Qarabağ Universitetinin təmirdən sonra açılışı zamanı çıxış edərkən bildirmişdi ki, məhz bir il əvvəl Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa edib və bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində ölkə öz dövlət suverenliyini tam təmin edib. Cənab  Prezident həmin hadisəni beynəlxalq hüququn zəfəri kimi qiymətləndirib. 

Bu məqam Azərbaycanın müasir siyasi tarixinin ən mühüm xüsusiyyətlərindən birini ortaya qoyur. Ərazi bütövlüyünün bərpası ilə dövlət suverenliyinin tam təmin olunması bir-birini tamamlayan iki tarixi mərhələdir. 2020-ci il Zəfəri ərazi bütövlüyünün bərpası istiqamətində həlledici dönüş yaratdısa, 2023-cü ilin sentyabr hadisələri Azərbaycanın bütün ərazisində dövlət hakimiyyətinin və qanunun aliliyinin təmin edilməsinə imkan yaratdı.
Beləliklə, 20 Sentyabr sadəcə təqvimdə yeni bir tarix deyil. Bu gün Azərbaycan dövlətinin öz ərazisi üzərində tam hakimiyyətinin bərqərar olmasının siyasi və hüquqi ifadəsidir.
Dövlət suverenliyi anlayışı hər bir müstəqil dövlət üçün fundamental siyasi-hüquqi kateqoriyadır. Suveren dövlət öz ərazisində qanunlarını tətbiq edir, dövlət idarəçiliyini həyata keçirir, milli təhlükəsizliyini təmin edir və daxili və xarici siyasətini müstəqil şəkildə müəyyənləşdirir.
Azərbaycanın 30 ilə yaxın müddətdə üzləşdiyi işğal problemi məhz bu hüquqların ərazilərimizin bir hissəsində tam həyata keçirilməsinə imkan vermirdi. Buna görə də suverenliyin bərpası Azərbaycanın milli dövlətçilik tarixində xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan Prezidentinin 2024-cü il 19 sentyabr tarixli Sərəncamında da qeyd edilir ki, 2023-cü il sentyabrın 20-də ölkənin bütün ərazisində qanunun aliliyi təmin olunub və Azərbaycan Respublikasının dövlət suverenliyi bərpa edilib. 
Bu baxımdan 20 Sentyabrı həm də dövlətçilik institutlarının vahid hüquqi məkanda tam fəaliyyət göstərməsi baxımından yeni mərhələnin başlanğıcı kimi xarakterizə etmək mümkündür.
Suverenliyin bərpası Azərbaycanın qarşısında yeni strateji vəzifələr də müəyyənləşdirib. Əgər əvvəlki mərhələdə əsas məqsəd ərazi bütövlüyünün və suverenliyin bərpası idisə, yeni mərhələdə əsas hədəflərdən biri azad edilmiş ərazilərin sürətli bərpası, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı, regionun iqtisadi potensialının reallaşdırılması və həmin ərazilərin ölkənin sosial-iqtisadi həyatına tam inteqrasiyasıdır.
Bu baxımdan Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi genişmiqyaslı quruculuq layihələri xüsusi əhəmiyyət daşıyır. Şəhərlərin və kəndlərin yenidən qurulması, nəqliyyat və enerji infrastrukturunun yaradılması, sosial obyektlərin istifadəyə verilməsi və insanların doğma yurdlarına qayıdışının təmin olunması suverenliyin praktiki nəticələrindən biri kimi qiymətləndirilə bilər.
20 Sentyabrın Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü ilə də əlaqələndirilməsi bu tarixin Qarabağın siyasi və sosial həyatındakı xüsusi yerini daha da möhkəmləndirir. Cənab Prezidentin 18 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə həmin şəhərlərin günü sentyabrın 20-si müəyyən edilib.
Azərbaycanın əldə etdiyi tarixi nəticələr yalnız hərbi güclə izah edilə bilməz. Bu nəticənin arxasında dövlət-xalq birliyi, milli həmrəylik, güclü ordunun formalaşdırılması, iqtisadi imkanların artırılması və uzunmüddətli dövlət strategiyası dayanır.
Xüsusilə 2020-ci il Vətən müharibəsi zamanı Azərbaycan cəmiyyətinin nümayiş etdirdiyi həmrəylik milli iradənin nə qədər güclü olduğunu göstərdi. Şəhidlərin və qazilərin fədakarlığı, Azərbaycan əsgərinin qəhrəmanlığı və xalqın Ali Baş Komandan ətrafında nümayiş etdirdiyi birlik Zəfərin əsas mənəvi dayaqlarından biri oldu.
Bu gün Dövlət Suverenliyi Gününün qeyd edilməsi həm də şəhidlərin əziz xatirəsinə ehtiramın ifadəsidir. Çünki Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canından keçən qəhrəmanların fədakarlığı dövlətimizin bugünkü tarixi reallığının ən mühüm mənəvi əsaslarından biridir.
Dövlət suverenliyinin tam bərpası Azərbaycanın Cənubi Qafqazdakı mövqeyinə də yeni siyasi məzmun gətirib. Artıq Azərbaycan regionun gələcək təhlükəsizlik və əməkdaşlıq arxitekturasının formalaşmasında öz milli maraqları və suveren hüquqları əsasında iştirak edən dövlət kimi çıxış edir.
Yeni mərhələdə Azərbaycanın qarşısında dayanan əsas məsələlərdən biri regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması, iqtisadi və nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi, qarşılıqlı faydalı əməkdaşlıq imkanlarının genişləndirilməsidir. Bu mənada suverenliyin bərpası yalnız keçmiş münaqişənin nəticələrinin aradan qaldırılması deyil, eyni zamanda, Cənubi Qafqazda yeni siyasi reallıqların formalaşması deməkdir.
2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilməsi də bu tarixi prosesin dövlətçilik baxımından əhəmiyyətini göstərdi. Cənab Prezidentin 28 dekabr 2024-cü il tarixli Sərəncamında Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi xüsusi vurğulanıb. 
Bu yanaşma göstərir ki, suverenlik yalnız tarixi qələbənin nəticəsi kimi deyil, həm də gələcək inkişafın fundamental dayağı kimi qəbul edilir. Suverenliyin qorunması hər bir nəsil üçün davamlı məsuliyyətdir. Ərazi bütövlüyünün bərpası böyük tarixi nailiyyətdirsə, əldə edilmiş nəticələrin möhkəmləndirilməsi, dövlət institutlarının daha da gücləndirilməsi, iqtisadi inkişafın davam etdirilməsi və milli həmrəyliyin qorunması gələcək mərhələnin əsas vəzifələrindəndir.
20 Sentyabr Azərbaycan xalqının yaddaşında həm Zəfərin, həm dövlətçilik iradəsinin, həm də milli birliyin rəmzi kimi qalacaq. Bu tarix göstərdi ki, dövlət öz milli maraqlarını ardıcıl və uzunmüddətli strategiya əsasında müdafiə etdikdə, xalqla dövlət arasında möhkəm birlik formalaşdıqda və güclü ordu yaradıldıqda qarşıya qoyulan ən mürəkkəb tarixi vəzifələrin həlli mümkündür.
Bu gün Azərbaycanın Dövlət Suverenliyi Günü kimi qeyd etdiyi 20 Sentyabr, əslində, bir tarixi mərhələnin yekunu ilə yanaşı, yeni siyasi mərhələnin başlanğıcıdır. Bu mərhələnin əsas məzmunu isə artıq yalnız torpaqların azad edilməsi deyil, azad edilmiş ərazilərdə dayanıqlı həyatın qurulması, Azərbaycanın iqtisadi və siyasi gücünün daha da artırılması, milli dövlətçilik modelinin möhkəmləndirilməsi və ölkənin gələcəyə daha böyük inamla irəliləməsidir.
20 Sentyabrın tarixi əhəmiyyəti də məhz bundadır. Azərbaycan öz ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etməklə müasir tarixində yeni səhifə açıb. Bu səhifə Zəfərdən gücə, gücdən quruculuğa, quruculuqdan isə daha sabit və inkişaf etmiş gələcəyə doğru uzanan yeni dövlətçilik mərhələsini ifadə edir.

Nicat İsmayılov,
politoloq