12 mart 2026 12:54
110

Antonio Koştanın səfəri ikitərəfli münasibətlərdə yeni mərhələnin göstəricisi kimi qiymətləndirilə bilər

Avropa İttifaqı Şurasının prezidenti Antonio Koştanın  Bakıya səfəri Azərbaycan–Avropa İttifaqı münasibətlərində yeni mərhələnin göstəricisi kimi qiymətləndirilə bilər. Səfər çərçivəsində aparılan danışıqlar tərəflərin strateji tərəfdaşlığı dərinləşdirmək niyyətini bir daha təsdiqlədi.

Ümumiyyətlə, son illərdə qlobal geosiyasi mühitdə baş verən dəyişikliklər Avropa İttifaqının enerji təhlükəsizliyi, nəqliyyat-logistika marşrutlarının diversifikasiyası və yeni strateji tərəfdaşlıqların qurulması məsələlərini daha da aktuallaşdırıb. Bu kontekstdə Azərbaycan regionun mühüm aktorlarından biri kimi Avropa İttifaqı üçün vacib tərəfdaşdır. Azərbaycanın strateji mövqeyi ölkəni Avropa ilə Asiya arasında təbii körpüyə çevirir. Cənubi Qafqazın aparıcı dövləti kimi Azərbaycan həm enerji resursları, həm də nəqliyyat-kommunikasiya layihələri vasitəsilə Avropanın enerji və logistika təhlükəsizliyinə töhfə verir. Xüsusilə Cənub Qaz Dəhlizi layihəsi Avropa bazarına alternativ enerji mənbələrinin çatdırılması baxımından mühüm rol oynayır. Bu layihə sayəsində Azərbaycan qazı artıq bir sıra Avropa ölkələrinin enerji balansında mühüm paya malikdir.

A.Koştanın da səfər proqramında əsas məsələ enerji əməkdaşlığının genişləndirilməsi, nəqliyyat dəhlizlərinin inkişafı və regional sabitliyin təmin olunması məsələləri dayanırdı. Avropa üçün enerji mənbələrinin şaxələndirilməsinin strateji prioritet olaraq qaldığını nəzərə alsaq, bu prosesdə Azərbaycanın rolu getdikcə artır. Digər tərəfdən, Azərbaycan da Avropa bazarına çıxış imkanlarını genişləndirməklə öz iqtisadi potensialını daha səmərəli formada reallaşdırmaq niyyətindədir.

Antonio Koştanın Bakıya səfəri İttifaqın Cənubi Qafqaza artan marağının və Azərbaycanın regionda sabitlik və əməkdaşlıq üçün mühüm tərəfdaş kimi qəbul olunduğunun göstəricisidir. Avropa ilə Asiya arasında strateji körpü rolunu oynayan bu region yalnız regional deyil, həm də qlobal təhlükəsizlik və iqtisadi əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıyır. Bu regionda sülh və sabitliyin təmin olunması Avropa İttifaqı üçün prioritet məsələlərdən biridir. 

İlk növbədə, regionun geostrateji mövqeyi Avropa üçün xüsusi əhəmiyyət kəsb edir. Cənubi Qafqazın Avropa üçün əhəmiyyətini artıran digər mühüm amil enerji təhlükəsizliyi ilə bağlıdır. Avropa İttifaqı enerji mənbələrinin şaxələndirilməsi siyasətini həyata keçirir və bu baxımdan Xəzər regionu mühüm rol oynayır. Azərbaycan vasitəsilə Avropaya nəql olunan enerji resursları Avropa bazarında alternativ mənbələrin formalaşmasına töhfə verir. Bu baxımdan Cənub Qaz Dəhlizi Avropa üçün strateji əhəmiyyət daşıyır. Layihə Xəzər hövzəsinin enerji resurslarını Avropa bazarına çatdırmaqla qitənin enerji təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir. Təbii ki, bu cür iri infrastruktur layihələrinin davamlı fəaliyyəti üçün regionda uzunmüddətli sabitlik əsas şərtlərdən biridir.
Beləliklə, Cənubi Qafqazda sülh və sabitlik Avropa İttifaqı üçün yalnız regional məsələ deyil, daha geniş geosiyasi və iqtisadi əhəmiyyətə malik strateji məsələdir. Regionda davamlı sülhün bərqərar olması Avropa ilə Asiya arasında nəqliyyat və enerji əlaqələrinin təhlükəsizliyini təmin etməklə yanaşı, beynəlxalq əməkdaşlığın genişlənməsinə və qlobal sabitliyə də töhfə verə bilər.
İntensiv təmaslar isə tərəflər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə və uzunmüddətli strateji əməkdaşlığın inkişafına xidmət edir.

Könül Nurullayeva,
Milli Məclisin deputatı