12 mart 2026 12:35
451

Azərbaycan-Avropa İttifaqı münasibətlərində yeni mərhələ

Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşı olaraq qalır və tərəflər arasında ticarət dövriyyəsinin daha da genişləndirilməsi prioritet istiqamət kimi müəyyən edilib. Xüsusilə 2022-ci ildə imzalanmış "Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu"ndan sonra ikitərəfli əməkdaşlıq yeni dinamika qazanmışdır. Bu strateji sənəd nəticəsində Azərbaycanın Avropa ölkələrinə qaz ixracı həm həcm, həm də coğrafi baxımdan əhəmiyyətli dərəcədə artıb.

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın ölkəmizə rəsmi səfəri zamanı Prezident İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, hazırda Avropa İttifaqının 10 üzv dövləti daxil olmaqla, ümumilikdə 16 ölkə Azərbaycan qazını qəbul edir. Bu göstərici Azərbaycanı boru kəməri ilə qaz təchizatı sahəsində qlobal liderlərdən birinə çevirməklə yanaşı, ölkəmizin beynəlxalq enerji təhlükəsizliyindəki rolunu daha da möhkəmləndirir.

Mətbuata bəyanatında ölkə başçısı Cənub Qaz Dəhlizi Məşvərət Şurasının son toplantısına da diqqət çəkərək vurğuladı ki, Azərbaycan hasilat güclərini artırmağa davam edir. Yeni yataqların istismara verilməsi sayəsində növbəti iki-üç il ərzində qaz ixracının əlavə 10 milyard kubmetr artırılması hədəflənir. Enerji əməkdaşlığının digər mühüm qolu isə "yaşıl enerji"dir. Azərbaycan külək, günəş və su elektrik enerjisinə yatırılan irimiqyaslı investisiyalar sayəsində yaxın 5-6 il ərzində Avropaya 6-8 giqavat bərpaolunan enerji ixrac etməyi planlaşdırır. Bu məqsədlə dəniz dibi kabelləri və müasir infrastruktur layihələri üzərində işlər sürətləndirilib.

Enerji layihələri ilə yanaşı, Ermənistanla sülh prosesində əldə olunan irəliləyişlər regional sabitlik üçün yeni imkanlar yaradıb. Sülh sazişinin paraflanması Orta Dəhlizin potensialını artırmaqla bərabər, ikitərəfli ticarət əlaqələrinin də bərpasına yol açıb. Prezident İlham Əliyev bəyanatında qeyd etdi ki, Azərbaycanın müstəqillik tarixinin ən dinc dövrü yaşanır və sülhün qalıcı olması üçün güclü siyasi iradə nümayiş etdirilir. Artıq Azərbaycan ərazisindən Ermənistana gedən yüklərin tranzitinə qoyulan məhdudiyyətlərin də aradan qaldırılması ölkəmizin sülhpərvər və konstruktiv mövqeyinin növbəti təzahürüdür.

Anar Şahmuradov,

YAP Ağdaş rayon təşkilatı Aparatının ideoloji işlər üzrə məsləhətçisi