29 yanvar 2026 23:16
99

Azərbaycanın intellektual cəbhəsi və qələbə fəlsəfəsi

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Yeni Azərbaycan Partiyasının üzvü Zöhrə Əliyeva uzun illərdir Azərbaycanın milli maraqlarını beynəlxalq elmi və ictimai müstəvidə ardıcıl, prinsipial şəkildə müdafiə edir. Onun fəaliyyəti elm, vətəndaş mövqeyi və dövlətçilik ideologiyasının vəhdətinin bariz nümunəsidir. Zöhrə Əliyeva Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttə sadiqliyini, bu xəttin Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirildiyini öz elmi və ictimai fəaliyyəti ilə nümayiş etdirir. Yeni Azərbaycan Partiyasının üzvü Zöhrə Əliyeva daim bu məqamı xüsusi qeyd edir ki, partiya mənsubiyyəti onun üçün formal status deyil, ideoloji məsuliyyətdir.

Son beş il Azərbaycanın müstəqillik tarixinə şanlı Qələbəmizin yaratdığı yeni reallıqlar əsasında mühüm uğurlar, zəfərlər yazıb. Müasir müstəqil Azərbaycanın uğurlarından bəhs edərkən hər kəs ilk olaraq onların zirvəsində dayanan tarixi Zəfərimizdən, suverenliyimizin tam bərpasından bəhs edir. Bu zəfərlər böyük səylərin, qətiyyətin, ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil siyasətimizin nəticəsidir. Zöhrə Əliyeva şanlı Zəfərimizi belə səciyyələndirir ki, İkinci Qarabağ müharibəsi Azərbaycanın yeni tarixində qürur və şərəf səhifəsi açdı. Prezident İlham Əliyevin qətiyyətli liderliyi ilə həyata keçirilən “Dəmir yumruq” siyasəti xalqı, ordunu və dövlətin iradəsini vahid məqsəd ətrafında birləşdirdi. Bu Qələbə yalnız hərbi nailiyyət deyil, beynəlxalq hüququn, tarixi ədalətin və güclü siyasi iradənin təntənəsidir. Azərbaycan bu Qələbə ilə regionda yeni geosiyasi reallıq yaratdı və qalib dövlət statusunu möhkəmləndirdi.

Zöhrə Əliyeva bir ziyalı, eyni zamanda, Azərbaycan vətəndaşı olaraq üzərinə düşən vəzifəni uğurla yerinə yetirərək həqiqətlərimizin, o cümlədən keçmiş Qarabağ münaqişəsinin əsl mahiyyətinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində atdığı mühüm addımları ilə diqqətdədir. Onun beynəlxalq fəaliyyəti xüsusilə İngiltərə və Fransada özünü qabarıq şəkildə göstərir. Avropanın aparıcı elmi və ekspert platformalarında çıxış edən alim artıq tarixin arxivinə atılmış Qarabağ münaqişəsinin mahiyyətini obyektiv faktlarla izah etmiş, Qərb mediasında hökm sürən ikili standartları açıq şəkildə ifşa etmişdir. Müharibənin ilk günlərində Zöhrə Əliyeva Fransa kino ulduzları Alen Delon və Pyer Rişara ünvanladığı açıq məktublarla Qarabağ münaqişəsinin əsl səbəblərini və Avropanın ədalətli mübarizəyə selektiv yanaşmasının yolverilməzliyini diqqətə çatdırmışdır.

Zöhrə Əliyevanın elmi və ictimai fəaliyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilmişdir. O, 1754-cü ildə təsis edilmiş, öz sıralarında Adam Smit, Stiven Hokinq, Çarlz Dikens, Aniş Kapur, Nelson Mandela, Bil Qeyts, Barak Obama və digər simaları birləşdirən Böyük Britaniyanın ən nüfuzlu elmi qurumu hesab edilən Kral Cəmiyyətinə 2025-ci ildə üzv qəbul edilmişdir. Bu barədə məlumat Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi saytında dərc olunaraq, Azərbaycan humanitar elminin beynəlxalq nüfuzunun göstəricisi kimi qiymətləndirilmişdir.

7 noyabr 2020-ci il tarixində Misirin dövlət portalı “Cairo 24” saytında Zöhrə Əliyevanın Fransa Prezidenti Emmanuel Makrona ünvanladığı “STOP, MAKRON!” adlı açıq məktubu dərc olunmuşdur. Həmin gün məktub Fransa Prezidentinin administrasiyasına rəsmi şəkildə göndərilmiş və qarşı tərəf tərəfindən alındığı təsdiqlənmişdir. Məktub geniş beynəlxalq rezonans doğurmuş, müəllif Türkiyə, Əlcəzair, İordaniya və digər ölkələrdən çoxsaylı dəstək məktubları və təşəkkür zəngləri almışdır. 44 günlük İkinci Qarabağ müharibəsi dövründə “Biz başqayıq!” - Fransa mediası ilə prinsipial intellektual dialoq fonunda Zöhrə Əliyeva Fransanın tanınmış jurnalisti, Figaro və Le Parisien qəzetlərinin sabiq baş redaktoru Jan-Mari Montalı ilə geniş və prinsipial yazışmalar aparmışdır. Bu yazışmalarda Zöhrə Əliyeva Fransa mediasında Azərbaycanın “aqressor”, azərbaycanlıların isə “antixristian fanatiklər” kimi təqdim edilməsini kəskin tənqid etmiş, bu yanaşmanın Fransanın özünün müdafiə etdiyini iddia etdiyi azadlıq, bərabərlik və qardaşlıq prinsipləri ilə ziddiyyət təşkil etdiyini faktlarla əsaslandırmışdır. O, həmçinin Fransa tarixində kolonial keçmişin ağır nəticələrini, Vişi rejiminin Holokost dövründəki rolunu, Afrika ölkələrində törədilmiş cinayətləri xatırladaraq, buna qarşılıq olaraq türk və müsəlman dünyasının humanist mövqeyini, xüsusilə Holokost zamanı Türkiyə diplomatlarının göstərdiyi fədakarlığı vurğulamışdır. Bu polemikanın ideya kulminasiyası Zöhrə Əliyevanın mövqeyində cəmlənmişdir: “Biz başqayıq! Biz dini fanatizmə yox, dünyəviliyə; ikili standartlara yox, ədalətə; təhqirə yox, ləyaqətə söykənən bir cəmiyyətik.” Zöhrə Əliyeva yazmışdır: “Cənab Montalı! Fransa və Azərbaycanı əsrlərlə ölçülən mədəni əlaqələr birləşdirir və biz bunlara böyük dəyər veririk. Lakin fanatizm və Azərbaycan uyğun olmayan anlayışlardır. Mənim üçün acı bir reallıqdır ki, Fransanın media və hökumətinin ölkəmə münasibəti ədalətsizdir.” Bu yazışmalar Avropa mediasında hökm sürən stereotiplərə qarşı intellektual müqavimətin, Azərbaycan ziyalısının prinsipial və ləyaqətli mövqeyinin parlaq nümunəsi kimi dəyərləndirilir.

Yeni Azərbaycan Partiyasının üzvü kimi Zöhrə Əliyeva güclü dövlət, milli birlik və müstəqil siyasət prinsiplərinə sadiq qalaraq, elmi biliklərini və sözün gücünü dövlət maraqlarının müdafiəsinə yönəldir. Bu gün Zöhrə Əliyeva Azərbaycanın beynəlxalq intellektual məkanında layiqli təmsilçisi, qalib ölkənin haqq səsini dünyaya çatdıran ziyalı kimi tanınır. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Zöhrə Əliyevanın fəaliyyətinin fonunda “Əsl ziyalı necə olmalıdır” sualının cavabını tapırıq.