24 yanvar 2026 10:16
135

Rumıniya və Azərbaycanın tənzimləyiciləri telekommunikasiya infrastrukturunun qorunması üzrə əməkdaşlığı nəzərdən keçirirlər

Rumıniyanın Rabitə Administrasiyası və Tənzimlənməsi üzrə Milli İdarəsi (ANCOM) ilə Azərbaycan İnformasiya-Kommunikasiya Texnologiyaları Agentliyi (IKTA) arasında imzalanmış Anlaşma Memorandumunun (MoU) əsas məqsədi elektron rabitə, poçt xidmətləri və radio tezliklər spektrinin idarə olunması sahələrində ikitərəfli əməkdaşlıq üçün hüquqi öhdəlik yaratmayan çərçivə əsaslarının müəyyən edilməsidir.

“İki sahil” xəbər verir ki, bu barədə Rumıniyanın Rabitə Administrasiyası və Tənzimlənməsi üzrə Milli İdarəsindən Trend-ə verilən müsahibədə bildirilib.

Qeyd olunur ki, sənəd çərçivəsində hər iki qurum ikitərəfli dialoqu gücləndirmək, informasiya və qabaqcıl təcrübə mübadiləsi aparmaq, eləcə də milli qanunvericiliyə və beynəlxalq öhdəliklərə uyğun olaraq birgə texniki və tənzimləyici tədbirlər həyata keçirmək niyyətindədir.

“İndiki mərhələdə memorandum konkret layihələri və ya onların icra qrafikini müəyyən etmir. Bu isə çeviklik yaradır və gələcək təşəbbüslərin qarşılıqlı razılaşma və mövcud resurslar nəzərə alınmaqla uzlaşdırılmasına imkan verir. Mümkün əməkdaşlıq formalarına görüşlər, seminarlar, təlim proqramları, təcrübə mübadiləsi və tənzimləyici məsələlər üzrə beynəlxalq müzakirələrdə iştirak daxildir”, – deyə idarədən bildirilib.

Sənəddə telekommunikasiya şəbəkələrinin və xidmətlərinin təhlükəsizliyinə və dayanıqlılığına xüsusi diqqət yetirilib. Memorandum hər iki tərəfin səlahiyyətləri çərçivəsində kiberrisklər və fövqəladə hallar da daxil olmaqla çağırışlara hazırlığın gücləndirilməsi üçün imkanlar açır.

Xatırladaq ki, MoU 18 noyabr 2025-ci il tarixində ANCOM-un prezidenti Valeriu Ştefan Zqonya və Azərbaycanın IKTA-nın İdarə Heyətinin sədri Nail Mərdanov tərəfindən imzalanıb.