19 yanvar 2026 19:15
321

Dublyajlarda ədəbi dil normalarına ƏMƏL EDİLİRMİ? - ARAŞDIRMA

“Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası çərçivəsində filmlərin dublyaj ekosisteminin təkmilləşdirilməsi və milli dilin audiovizual məkanda inkişafı diqqət mərkəzindədir

Azərbaycan dilinin qorunması və zənginləşdirilməsi məsələsi müasir dövrdə təkcə dilçi və filoloqların deyil, bütövlükdə cəmiyyətin diqqət mərkəzində olan əsas mövzulardan biridir. Qloballaşma, rəqəmsal platformaların sürətli inkişafı və xarici dilli kontentin geniş yayılması fonunda ana dilinin mövqeyinin möhkəmləndirilməsi xüsusilə aktuallaşır. Bu baxımdan Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasında filmlərin dublyajı ekosisteminin təkmilləşdirilməsi və dublyaj sənayesinin inkişafı ilə bağlı müddəalar mədəniyyət siyasətinin mühüm istiqamətlərindən biri kimi diqqət çəkir. Sözügedən qərar Azərbaycan dilinin kino, televiziya və audiovizual məkanlarda daha sistemli və keyfiyyətli şəkildə təmsil olunmasına geniş imkanlar açır.

Ekran dili yaddaşa yazılır

Mövzu ilə bağlı fikirlərini "İki sahil"ə bölüşən Azərbaycan Respublikasının Əməkdar artisti, teatr və kino aktyoru, uzun illərdir dublyaj sahəsində fəaliyyət göstərən Elman Rəfiyev bildirdi ki, Prezident İlham Əliyevin “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasında filmlərin dublyajı ekosisteminin təkmilləşdirilməsi ilə bağlı müddəalar olduqca vacib və vaxtında verilmiş qərardır. Onun sözlərinə görə, bu məsələ bu gün cəmiyyəti düşündürən əsas problemlərdən biridir və dilin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Aktyor vurğuladı ki, hər bir Azərbaycan vətəndaşının ana dilini mükəmməl bilməsi vacib şərtdir. Xarici dilləri bilmək müsbət haldır. Lakin bu, Azərbaycan dilinin arxa plana keçməsi anlamına gəlməməlidir. Dilin yaşaması və inkişafı üçün əsas platformalardan biri məhz televiziya, kino və dublyaj sahəsidir.

Elman Rəfiyev qeyd etdi ki, insanlar filmlərdə eşitdikləri səlis danışığı yaddaşlarında saxlayır və gündəlik nitqlərində ondan istifadə edirlər. Təəssüf ki, bu gün bir çox yerli filmlərdə ədəbi dil normalarına əməl edilmir, ləhcə elementləri, küçə sözləri geniş yayılıb. Bu da tamaşaçıda çaşqınlıq yaradır və dilin estetik dəyərinə zərər vurur. Bu problemlərin aradan qaldırılmasında dublyaj mühüm rol oynayır.

Aktyor xatırlatdı ki, əvvəlki dövrlərdə xarici filmlər Azərbaycan dilində dublyaj olunaraq kinoteatrlarda nümayiş etdirilirdi və həmin səslər bu gün də insanların yaddaşında yaşayır. Şahmar Ələkbərov, Həsən Əbluc, Rasim Balayev, Əminə Yusifqızı, Səməndər Rzayev kimi sənətkarların səsləri ilə bir nəsil böyüyüb və məhz o filmlər vasitəsilə dilin mükəmməlliyi öyrənilib.

Dublyaj səhnə qədər məsuliyyət tələb edir

Əməkdar artist vurğuladı ki, hazırda bu sahədə peşəkar kadrlar fəaliyyət göstərir. Bununla belə, sahənin daha da inkişaf etməsi üçün müəyyən stimullaşdırıcı mexanizmlərə ehtiyac duyulur. Dublyaj xüsusi bacarıq, yüksək nitq mədəniyyəti və dil biliyi tələb edən sahədir və bu xüsusiyyətlərə malik aktyorların əməyinin layiqincə qiymətləndirilməsi gənc nəslin də bu istiqamətə marağını artıra bilər. Elman Rəfiyev qeyd etdi ki, bu sahədə ardıcıl dəstək mexanizmlərinin formalaşdırılması gələcəkdə peşəkar dublyaj məktəbinin davamlılığını təmin edə bilər.

Aktyor beynəlxalq təcrübəyə də toxunaraq diqqətə çatdırdı ki, bir çox ölkələrdə dublyaj sənayesi mədəniyyət sahəsinin ayrılmaz hissəsi kimi formalaşıb və bu modelin müəyyən elementlərindən faydalanmaq mümkündür. Onun fikrincə, maddi-texniki bazanın mərhələli şəkildə gücləndirilməsi, studiyaların müasir standartlara uyğunlaşdırılması dublyaj prosesinin keyfiyyətini daha da yüksəldə bilər. Bu istiqamətdə atılacaq addımlar aktyorların yaradıcılıq potensialını daha dolğun şəkildə üzə çıxarmağa imkan verər.

Ekran dəyişir, tamaşaçı yerində qalmır

Aktyor tamaşaçıların iradlarına da toxunaraq bildirdi ki, insanlar haqlı olaraq soruşurlar: Niyə Azərbaycan dilində dublyaj olunmuş filmlər və cizgi filmləri “YouTube” kimi platformalarda yoxdur? Televiziya kanalları öz platformalarını yaratmalı və həmin məhsulları açıq şəkildə tamaşaçılara təqdim etməlidirlər. Çünki hər kəsin televiziya qarşısında vaxt keçirmək imkanı yoxdur. Valideyn övladına Azərbaycan dilində səsləndirilmiş keyfiyyətli cizgi filmini rahat şəkildə göstərməlidir. Bu gün gənclərin böyük əksəriyyəti rus dilini bilmir və məcburən filmləri başqa dillərdə izləyirlər. Kinoteatrlarda da əsasən rus dilində dublyaj üstünlük təşkil edir. Etiraf etmək lazımdır  ki, rus dublyaj məktəbi çox güclüdür. Lakin bu, Azərbaycan dublyajına yer verilməməsi anlamına gəlməməlidir.

Elman Rəfiyev vurğuladı ki, onu dublyaj sənətinə gətirən də məhz vaxtilə eşitdiyi peşəkar səslər olub. O, xüsusilə cizgi filmlərinin səsləndirilməsinin çox çətin olduğunu diqqətə çatdırdı və bəzi layihələrdə eyni vaxtda on bir fərqli səs yaratdığını bildirdi. Qeyd etdi ki, xarici ölkələrdə bu iş texniki vasitələrlə görülür, aktyorun səsi proqramlar vasitəsilə dəyişdirilir. O isə daha çox canlı ifaya üstünlük verir, çünki aktyorun peşəkarlığı məhz burada üzə çıxır. Bununla belə, bu gün dublyaj aktyorlarının sayı azalır və əsas səbəb yenə də maddi və texniki problemlərdir.

Sözbəsöz yox, ruhuna uyğun

Əməkdar artist düzgün tərcümə məsələsinə də xüsusi diqqət çəkdi. Bildirdi ki, dilimizi mükəmməl bilən mütəxəssislər tərcümə ilə məşğul olmalıdırlar. Çünki bəzən ssenarilər birbaşa xarici dildən sözbəsöz çevrilir və Azərbaycan danışıq dilinə uyğun olmur. Belə mətnləri səsləndirmək aktyor üçün də çətinlik törədir. Ona görə də tərcümə redaktə olunmalı, milli dilin ruhuna uyğunlaşdırılmalıdır. Bu işlər görülsə, dublyajın keyfiyyəti də yüksələr.

Sonda Elman Rəfiyev Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqəti yüksək qiymətləndirərək qeyd etdi ki, dilin inkişafını istəyiriksə, hamımız birlikdə məsuliyyət daşımalıyıq. Əks halda gələcəkdə övladlarımız bizi qınayacaq. Uşaqlar hansı dildə kontent izləyirlərsə, həmin dilə meyillənirlər. Bu gün küçədə uşaqların Türkiyə türkcəsindən geniş istifadə etməsinin səbəbi də məhz budur: "Mən, öz nəvələrimə səsləndirdiyim cizgi filmlərini göstərirəm və onların bunu böyük maraqla izlədiklərini görürəm. Əgər Azərbaycan dilində dublyaj olunmuş məhsullar geniş platformalarda yayımlansa, uşaqlar ana dilində daha səlis danışacaqlar. Azərbaycan dilini bilmək hər bir vətəndaşın borcudur və bu yolda ailə, müəllim və cəmiyyət birgə məsuliyyət daşıyır".

Eyni narahatlıq, eyni məsuliyyət

Elman Rəfiyevin fikirləri ilə səsləşən mövqeyi onun digər həmkarı Azərbaycan Respublikasının Əməkdar artisti, teatr və kino aktyoru, eyni zamanda, dublyaj sahəsində geniş təcrübəyə malik Elşən Rüstəmov da bölüşür.

Elşən Rüstəmovun qənaətinə görə, Konsepsiyanın qəbulu Azərbaycan dilinə münasibətdə daha ciddi və məsuliyyətli yanaşmanın formalaşmasına xidmət edir və bu sənəd dilin gələcəyi üçün strateji əhəmiyyət daşıyır. Əməkdar artist  bildirdi ki, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası son dərəcə vaxtında qəbul olunmuş mühüm sənəddir: "Bu konsepsiya Azərbaycan dilinin qorunmasında və inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Uzun illərdir dil sahəsində çalışan insanlar kimi biz də Azərbaycan dilində baş verən dəyişiklikləri yaxından müşahidə edirik. Xüsusilə dublyajda və səhnə fəaliyyətində dilin getdikcə yad sözlərə, yad vurğulara və qeyri-dəqiq cümlə quruluşlarına məruz qalması hiss olunurdu və bu proses gələcək üçün müəyyən narahatlıqlar yaradırdı".

Dəyişən dil, dəyişməməli olan mahiyyət

Elşən Rüstəmov vurğuladı ki, Konsepsiyanın qəbul olunması ilə Azərbaycan dilinə münasibətdə daha ciddi və məsuliyyətli yanaşma formalaşır. Onun fikrincə, bu sənəd ana dilinə qayıdışı, onun norma və qaydalarına riayət olunmasını zəruri hala çevirir və bu yanaşma artıq tək-tək təşəbbüslər deyil, ümumi bir proses, sistemli xətt kimi özünü göstərir. Xüsusilə dublyaj sahəsində bu dəyişikliklərin daha aydın hiss olunduğunu deyən aktyor qeyd etdi ki, bəzən Azərbaycan dilində danışıldığı halda, cümlə quruluşu, vurğular və intonasiya baxımından nitq dilimizin ruhuna uyğun gəlmir. Halbuki düzgün və səlis danışıq üçün bu məsələlər üzərində düşünməyə ehtiyac qalmamalıdır, hər şey təbii və aydın şəkildə səslənməlidir.

Sənətçinin açıqlamasında o da bildirildi ki, dil canlı orqanizmdir və zamanla inkişaf edir. Həyatın sürətlənməsi, texnoloji tərəqqi və qlobal proseslər bütün dillərə təsir göstərir. Bu, yalnız Azərbaycan dilinə xas olan hal deyil. Lakin Elşən Rüstəmovun sözlərinə görə, əsas məsələ dilin özülünü, mahiyyətini və milli xüsusiyyətlərini qoruyub saxlamaqdır. Onun fikrincə, məhz bu məqamda müəyyən risklər yaranırdı və Konsepsiya həmin risklərin qarşısının alınması baxımından xüsusi əhəmiyyət daşıyır.

Əməkdar artist ümidvar olduğunu bildirdi ki, bundan sonra dil məsələləri ilə peşəkar mütəxəssislər daha fəal şəkildə məşğul olacaq, Azərbaycan dilinin norma və dəyərlərinin qorunması üçün ardıcıl iş aparılacaq: "Sənət adamları olaraq biz də üzərimizə düşən məsuliyyəti dərk edir və bu prosesə töhfə verməyə hazırıq. Azərbaycan dili milli mədəniyyətimizin ayrılmaz hissəsidir. Bu dəyərin qorunması ümummilli vəzifəmizdir".

Sonda aktyor qeyd etdi ki, “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasında müəyyən olunan hədəflərə təkcə mədəniyyət və incəsənət sahəsində deyil, bütün ictimai sferalarda əməl olunması vacibdir. Onun fikrincə, bu yanaşma nəticəsində Azərbaycan dili cəmiyyətin bütün təbəqələrində daha səlis, daha düzgün və daha hörmətlə istifadə ediləcək.

Nigar Orucova, "İki sahil"